Text copied!
Bibles in South Azerbaijani

Levililər 13:11-48 in South Azerbaijani

Help us?

Levililər 13:11-48 in Azərbaycan dilində Müqəddəs Kitab

11 bu, bədəninin dərisində kök salmış cüzamdır. Kahin o adamı murdar elan etsin, amma təcrid etməsin, çünki o murdardır.
12 Əgər cüzam dəriyə yayılıb bütün bədəni bürüsə və əlamətin onu təpədən dırnağadək tutması kahinə görünsə,
13 qoy kahin diqqətlə baxsın. Cüzam bütün bədəni bürüyübsə, kahin azarlını pak elan etsin. Ağardığı üçün o adam pak sayılsın.
14 Lakin o adamda xoralanma görünsə o, murdar sayılsın.
15 Kahin o adama baxıb xoralanma görsə, onu murdar elan etsin. Xoralanma murdardır, o, cüzamdır.
16 Xoralanma sağalıb ağardığı halda o adam kahinin yanına getsin
17 və kahin ona baxsın; əlamət ağarıbsa, o adamı pak elan etsin, çünki o, pakdır.
18 Bir adamın dərisində çiban əmələ gəlib sağaldıqdan sonra
19 və yerində ağ şiş yaxud qırmızımtıl-ağ parlaq ləkə əmələ gələn halda bu əlamət kahinə göstərilsin.
20 Kahin ləkəyə baxsın, üstündəki tükləri ağarıb dəridən dərin görünsə, kahin o adamı murdar elan etsin. Bu, çibanla başlanan cüzamdır.
21 Əgər kahin baxıb görsə ki, ləkənin üstündəki ağ tüklər yoxdur və ləkə dəridən dərin deyil, solğundur, onda kahin azarlını yeddi gün müddətinə təcrid etsin.
22 Əgər dəridəki ləkə yayılırsa, kahin adamı murdar elan etsin. Çünki bu, əlamətdir.
23 Amma ləkə yerində qalıb yayılmayıbsa, bu, çibandan qalan çapıqdır. Kahin o adamı pak elan etsin.
24 Bir adamın dərisində olan yanıq yerində qırmızımtıl-ağ yaxud ağ parlaq ləkə əmələ gələrsə,
25 kahin ləkəyə baxsın, ləkə üstündəki tükləri ağardıb dəridən dərin görünsə, bu yanıqda başlanan cüzamdır. Kahin o adamı murdar elan etsin, çünki bu cüzamın əlamətidir.
26 Əgər kahin baxıb görsə ki, ləkənin üstündə ağ tüklər yoxdur və ləkə dəridən dərin olmayaraq solğun görünür, bu halda kahin azarlını yeddi gün müddətinə təcrid etsin.
27 Yeddinci gün kahin yenə azarlıya baxsın. Əgər ləkə dəriyə yayılıbsa, kahin o adamı murdar elan etsin; bu, cüzamın əlamətidir.
28 Amma ləkə yerində qalıb dərisində yayılmayıbsa və solubsa, bu, yanıqdan qalan şişdir; kahin o adamı pak elan etsin, çünki bu, yanıqdan qalan izdir.
29 Bir kişinin ya qadının başında ya çənəsində əlamət olanda
30 kahin ona baxsın. Əlamət dəridən dərin görünürsə və üstündəki tüklər sarı və nazikdirsə, kahin onu murdar elan etsin. Bu başda ya da çənədə iyrənc xəstəlik – qoturdur.
31 Kahin qotur əlamətinə baxsın. Əlamət dəridən dərin görünməyib üstündə qara tüklər olmayan halda kahin qotur adamı yeddi gün müddətinə təcrid etsin.
32 Kahin yeddinci gün yenə də əlamətə baxsın, qoturluq yayılmayıbsa, üstündəki tüklər saralmayıbsa, qoturluq da dəridən dərin görünmürsə,
33 qoy o adam qoturluq olan yerdən başqa bütün bədənini qırxsın. Sonra kahin onu yenə də yeddi gün müddətinə təcrid etsin.
34 Yeddinci gün kahin yenə də əlamətə baxsın. Əgər qotur dəriyə yayılmayıbsa və dəridən dərin görünməsə, kahin o adamı pak elan etsin. Qoy o adam geyimlərini yusun, sonra da pak sayılsın.
35 Lakin əgər kahin xəstəni pak saydıqdan sonra qoturluq dəriyə yayılırsa,
36 kahin ona təkrarən baxsın. Qoturluq dərisinə yayılıbsa, kahin üstündəki sarı tükün olub-olmamasına baxmasın. O adam murdar sayılsın.
37 Lakin kahinin nəzərində qoturluq yerində qalıbsa və üstündə qara tük əmələ gəlirsə, qotur keçir və onda o adam pak sayılsın, kahin onu pak elan etsin.
38 Bir kişinin yaxud qadının dərisində ağ parlaq ləkələr olarsa,
39 qoy kahin baxsın; dərisində donuq ağ ləkələr varsa, bu başlanan dəmrovdur. O adam pak sayılsın.
40 Başının təpəsində saçı tökülmüş kişi dazdır. O pak sayılsın.
41 Əgər alnından saçı tökülübsə, o adamın alnı açılmışdır və o pak sayılsın.
42 Lakin daz və yaxud alnı açılmış adamın saçı tökülən yerdən qırmızımtıl-ağ ləkə çıxarsa, bu həmin yerdə başlanan cüzamdır.
43 Kahin oraya baxsın, saçı tökülmüş yerdəki şiş qırmızımtıl-ağdırsa və cüzam kimi görünürsə,
44 o kişi iyrənc xəstəliyə tutulduğu üçün murdar sayılsın. Başındakı əlamətə görə kahin mütləq onu murdar elan etsin.
45 Belə iyrənc xəstəliyə tutulan adamın geyimləri cırıq, saçı isə dağınıq olmalıdır. O adam üzünün aşağı hissəsini örtüb “Murdaram! Murdaram!” deyə çığırsın.
46 Dərisində əlamət olduğu bütün müddət o murdar sayılsın. Murdarlığına görə düşərgədən kənarda tək yaşasın.
47 Üstündə iyrənc kif əlaməti olan hər cür parça: yun ya da kətan geyim
48 yaxud hər cür toxunma parça yaxud dəri və hər dəri məmulatı haqqında təlimat budur.
Levililər 13 in Azərbaycan dilində Müqəddəs Kitab