Text copied!
Bibles in South Azerbaijani

Hakimlər 3:10-26 in South Azerbaijani

Help us?

Hakimlər 3:10-26 in Azərbaycan dilində Müqəddəs Kitab

10 Rəbbin Ruhu Otnielin üzərinə endi. O, İsrailin hakimi oldu və döyüşə çıxdı. Rəbb Aram-Naharayim padşahı Kuşan-Rişatayimi Otnielə təslim etdi. O, Kuşan-Rişatayimdən daha güclü oldu.
11 O dövrdə ölkə qırx il rahat yaşadı. Sonra Qenazın oğlu Otniel öldü.
12 İsrail övladları yenə də Rəbbin gözündə pis olan işləri gördülər. Rəbb də Moav padşahı Eqlonu İsraillilərə qarşı qaldıraraq qüvvətləndirdi. Çünki onlar Rəbbin gözündə pis olan işləri görmüşdülər.
13 Moav padşahı Eqlon Ammon və Amaleq övladlarını öz yanına toplayaraq İsrailliləri məğlub edib Xurma şəhərini aldı.
14 Beləliklə, İsrail övladları Moav padşahı Eqlona on səkkiz il tabe oldu.
15 Lakin İsrail övladları Rəbbə fəryad edəndə Rəbb Binyaminli Geranın oğlu solaxay Ehudu bir xilaskar kimi onlara yetirdi. İsrail övladları Moav padşahı Eqlona Ehud vasitəsilə xərac göndərdi.
16 Ehud özünə uzunluğu bir qulac olan ikiağızlı xəncər düzəltdi və onu paltarının altında sağ buduna bağladı.
17 Ehud xəracı Moav padşahı Eqlona təqdim etdi. Eqlon isə çox tosqun adam idi.
18 Ehud xərac təqdimini bitirəndən sonra hədiyyə gətirən adamları geri göndərdi.
19 Amma özü Qilqalın yaxınlığındakı daş bütlərin yanından geriyə qayıdıb padşaha dedi: «Ey padşah, sənə gizli sözüm var». Padşah «sus» dedi. Onda yanında dayanan adamların hamısı eşiyə çıxdılar.
20 Ehud onun yanına gəldi. Padşah üst mərtəbədəki sərin otağında tənha qalırdı. Ehud ona dedi: «Allahdan sənə bir sözüm var». Padşah kürsüsündən qalxdı.
21 Ehud isə sol əlini uzadıb sağ buduna bağladığı xəncəri çıxarıb padşahın qarnına soxdu.
22 Xəncəri elə bərk vurmuşdu ki, tiyənin ardınca qəbzəsi də onun qarnına girmişdi və bağırsaqları yerə tökülmüşdü. Xəncərin tiyəsini isə piy tutmuşdu, çünki Ehud xəncəri padşahın qarnından çıxarmamışdı.
23 Ehud eyvana çıxıb arxasınca yuxarıdakı otağın qapılarını örtüb qıfılladı.
24 O çıxanda padşahın qulları gəlib baxdılar. Yuxarı otağın qapısını qıfıllı görəndə dedilər: «Yəqin padşah yuxarı otaqda ayaqyoluna gedir».
25 Padşahı gözlədilər, lakin otağın qapısını açan olmadığına görə nigaran qaldılar. Sonra açar götürüb qapıları açanda gördülər ki, ağalarının meyiti yerə sərilib.
26 Onlar padşahı gözləyən zaman Ehud artıq aradan çıxmış və daş bütlərin yanından keçib Seiraya qaçmışdı.
Hakimlər 3 in Azərbaycan dilində Müqəddəs Kitab