Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 9:19-39 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 9:19-39 in Azərbaycan dilində Müqəddəs Kitab

19 Sonra yemək yeyib taqətə gəldi. Bir neçə gün Şaul Dəməşqdə olan şagirdlərin yanında qaldı.
20 Dərhal sinaqoqlarda İsanın Allahın Oğlu olduğunu vəz etməyə başladı.
21 Onu eşidənlərin hamısı mat qalıb deyirdi: «Yerusəlimdə bu adı çəkənləri dağıdan adam bu deyilmi? Buraya belələrini əl-qolunu bağlayıb başçı kahinlərin yanına aparmağa gəlməmişdimi?»
22 Şaul isə gündən-günə qüvvətlənirdi. İsanın Məsih olmasına dair sübutlar göstərməklə Dəməşqdə yaşayan Yəhudiləri çaş-baş saldı.
23 Aradan xeyli gün keçdi. Yəhudilər Şaulu öldürmək üçün sui-qəsd hazırladı.
24 Amma onların bu qəsdi haqqında xəbər Şaula çatdı. Yəhudilər onu öldürmək üçün gecə-gündüz şəhərin qapılarında pusqu qururdu.
25 Amma Şaulun şagirdləri gecə olan kimi onu götürüb bir səbətin içinə qoyaraq şəhər divarlarından aşağı endirdilər.
26 Şaul Yerusəlimə çatanda oradakı şagirdlərə qoşulmağa çalışdı, lakin onların hamısı Şauldan qorxur və inanmırdılar ki, o, İsanın şagirdidir.
27 Amma Barnaba onu götürüb həvarilərin yanına apardı və onlara açıqladı ki, Şaul yolla gedəndə Rəbbi necə görüb, Rəbb onunla necə danışıb, o, Dəməşqdə İsanın adını necə cəsarətlə bəyan edib.
28 Beləliklə, Şaul onların yanında qalıb Yerusəlimdə hər yerə bir gedib-gəlir və orada da Rəbbin adını cəsarətlə bəyan edirdi.
29 O yunanca danışan Yəhudilərlə söhbət edərək mübahisə edirdi. Onlar isə Şaulu öldürmək istəyirdilər.
30 İmanlı bacı-qardaşlar isə bunu öyrənəndə Şaulu Qeysəriyyəyə aparıb oradan Tarsusa göndərdilər.
31 Beləcə bütün Yəhudeya, Qalileya və Samariyadakı imanlılar cəmiyyəti əmin-amanlığa çatdı. İnkişaf edən və Rəbb qorxusu içində yaşayan cəmiyyət Müqəddəs Ruhun ürəkləndirməsi ilə sayca artırdı.
32 Bu zaman hər yanı dolaşan Peter Lodda yaşayan müqəddəslərin yanına gəldi.
33 Orada Eneya adlı bir nəfərə baş çəkdi. Eneya iflic olmuşdu və səkkiz il idi ki, yataqda idi.
34 Peter ona dedi: «Eneya, İsa Məsih səni sağaldır. Qalx, yatağını yığışdır». Eneya dərhal ayağa qalxdı.
35 Lod və Şaronda yaşayanların hamısı bu adamı görüb Rəbbə tərəf döndü.
36 Yafoda İsanın şagirdləri arasında Tabita adlı bir qadın var idi. «Tabita» «Ceyran» deməkdir. Bu qadın həmişə xeyirxah işlər görür və yoxsullara kömək edirdi.
37 Bu vaxtlarda o xəstələnib öldü. Onun meyitini yuyub yuxarı mərtəbədəki otağa qoydular.
38 Lod Yafoya yaxın idi, ona görə də Peterin Lodda olduğunu eşidən şagirdlər iki kişini onun yanına göndərdilər və onlar gəlib xahiş etdilər: «Vaxt itirmədən yanımıza gəl».
39 Peter durub onlarla getdi. Yafoya çatanda onlar Peteri evin yuxarı mərtəbəsinə çıxartdılar. Bütün dul qadınlar ağlaşa-ağlaşa Peterin yanına yığıldı və Tabitanın onlarla birlikdə olanda tikdiyi köynəkləri, paltarları göstərirdilər.
Həvarilərin Işləri 9 in Azərbaycan dilində Müqəddəs Kitab