Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 7:17-38 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 7:17-38 in Azərbaycan dilində Müqəddəs Kitab

17 Allahın İbrahimə bəyan etdiyi vədin həyata keçdiyi vaxt yaxınlaşanda Misirdəki xalqımızın sayı bir xeyli çoxalmışdı.
18 Axırda Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı.
19 Bu adam soydaşlarımıza hiylə işlətdi, zorakılıqla ata-babalarımızı məcbur etdi ki, yeni doğulan körpələrini sağ qalmasın deyə bayıra atsınlar.
20 Bu dövrdə son dərəcə gözəl bir körpə olan Musa doğuldu. O, üç ay atasının evində bəsləndi.
21 Sonra o da bayıra atıldı. Onu fironun qızı tapıb özünə övlad etdi və öz oğlu kimi böyütdü.
22 Musa Misirlilərin bütün elmi biliklərinə bağlı tərbiyə alıb söz və əməlində güclü bir şəxsiyyət oldu.
23 Musa qırx yaşına çatanda ürəyində soydaşları İsrail övladlarının vəziyyətini yaxından bilmək arzusu oyandı.
24 Onlardan birinin zərər çəkdiyini görəndə Musa onu müdafiə etdi. Zərər vuran Misirlini öldürərək əzilən insanın intiqamını aldı.
25 O belə fikirləşdi: “Soydaşlarım dərk edəcəklər ki, mənim vasitəmlə Allah onları xilas edir”. Amma onlar bunu dərk etmədilər.
26 Ertəsi gün Musa dalaşan iki İsraillini görəndə onları barışdırmaq istədi və dedi: “Ay kişilər, siz soydaşsınız, niyə bir-birinizə zərər vurursunuz?”
27 Lakin soydaşına zərər vuran kişi Musanı itələyib dedi: “Səni bizim üstümüzə kim başçı və hakim qoyub?
28 Yoxsa dünən Misirlini öldürdüyün kimi məni də öldürmək fikrindəsən?”
29 Bu sözə görə Musa qaçdı. O, Midyan torpağında, qürbətdə yaşadı və orada iki oğul atası oldu.
30 Qırx il keçəndən sonra Musa Sina dağının yaxınlığındakı səhrada olanda mələk ona bir kol arasından od-alov içərisində göründü.
31 Musa gördüklərinə heyrətləndi. Baxmaq üçün oraya yaxınlaşanda Rəbbin səsini eşitdi:
32 “Mən ata-babalarının Allahı – İbrahimin, İshaqın və Yaqubun Allahıyam”. Musa qorxusundan lərzəyə gəlib baxmağa belə, cəsarət etmədi.
33 Rəbb ona dedi: “Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır.
34 Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, fəryadlarını eşitdim və onları qurtarmaq üçün endim. İndi get, Mən səni Misirə göndərirəm”.
35 Bu, həmin Musadır ki, onu rədd edib demişdilər: “Səni bizim üstümüzə kim başçı və hakim qoyub?” Amma Allah Musanı bir kol arasında görünən mələyin əli ilə başçı və qurtarıcı olaraq göndərdi.
36 O, xalqı Misirdən çıxaran, həm orada, həm Qırmızı dənizdə, həm də qırx il ərzində səhrada xariqə və əlamətlər yaradan insan idi.
37 İsrail övladlarına “Allah məni yetirdiyi kimi sizin üçün öz soydaşlarınız içərisindən bir peyğəmbər yetirəcək” deyən bu Musadır.
38 Bu, həmin adamdır ki, Sina dağında onunla danışan mələklə və ata-babalarımızla birgə səhradakı cəmiyyətdə olmuşdu. O, canlı sözlər almışdı ki, bizə versin.
Həvarilərin Işləri 7 in Azərbaycan dilində Müqəddəs Kitab