Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 2:4-29 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 2:4-29 in Azərbaycan dilində Müqəddəs Kitab

4 Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar.
5 Bu vaxt səma altında mövcud olan bütün millətlər arasından gələn mömin Yəhudilər Yerusəlimdə yaşayırdılar.
6 Bu səs gələndə orada böyük izdiham toplandı. Hamı öz dilində danışıldığını eşidəndə çaş-baş qaldı.
7 Mat qalaraq heyrət içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi?
8 Bəs necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik?
9 Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kappadokiyada, Pontda və Asiya vilayətində,
10 Frigiyada, Pamfiliyada, Misirdə və Liviyanın Kirenaya yaxın bölgələrində yaşayanlar, Romada yaşayan
11 Yəhudilər və Yəhudi dinini qəbul edənlər, Kritlilər, Ərəblər eşidirik ki, onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır».
12 Hamı mat qalıb çaşqınlıq içində bir-birindən soruşurdu: «Bu nədir?»
13 Bəziləri də rişxəndlə deyirdi: «Bunlar şirin şərabdan sərxoş olublar».
14 Peter On Bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: «Ey Yəhudilər və Yerusəlimin bütün sakinləri, sizə bildirirəm, sözlərimə qulaq asın.
15 Bu adamlar fikirləşdiyiniz kimi sərxoş deyil. Hələ günün üçüncü saatıdır.
16 Bu gördükləriniz Yoel peyğəmbər vasitəsilə əvvəlcədən deyilən hadisədir.
17 Allah dedi ki, axır zamanda “Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, Cavanlarınız görüntülər, Ağsaqqallarınızsa röyalar görəcək.
18 O günlərdə qul və qarabaşların üzərinə də Ruhumdan tökəcəyəm, Onlar da peyğəmbərlik edəcək.
19 Yuxarıda – göylərdə xariqələr, Aşağıda – yerdə əlamətlər göstərəcəyəm: Qan, alov və tüstü buxarları görünəcək.
20 Rəbbin möhtəşəm və əzəmətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək.
21 Rəbbin adını çağıran hər kəs xilas olacaq”.
22 Ey İsraillilər, bu sözlərimə qulaq asın! Bildiyiniz kimi Allahın aranızda Nazaretli İsa vasitəsilə yaratdığı möcüzələr, xariqələr və əlamətlər aydın göstərdi ki, O, Allahdan gələn Şəxsdir.
23 Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz.
24 Allah isə ölüm əzablarını kəsərək Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilməzdi.
25 Davud da Onun barəsində demişdi: “Rəbbə həmişə üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram.
26 Elə bunun üçün qəlbim sevinir, dilim şad olur, Cismim belə, ümidlə yaşayır.
27 Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını çürüməyə qoymazsan.
28 Mənə həyat yolunu öyrədirsən, Hüzurunda mənə doyunca sevinc verirsən”.
29 Qardaşlar, sizə cəsarətlə deməliyəm ki, doğrudan da, ulu babamız Davud ölüb və dəfn olunub. Onun qəbri bu günə qədər buradadır.
Həvarilərin Işləri 2 in Azərbaycan dilində Müqəddəs Kitab