Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 2:13-38 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 2:13-38 in Azərbaycan dilində Müqəddəs Kitab

13 Bəziləri də rişxəndlə deyirdi: «Bunlar şirin şərabdan sərxoş olublar».
14 Peter On Bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: «Ey Yəhudilər və Yerusəlimin bütün sakinləri, sizə bildirirəm, sözlərimə qulaq asın.
15 Bu adamlar fikirləşdiyiniz kimi sərxoş deyil. Hələ günün üçüncü saatıdır.
16 Bu gördükləriniz Yoel peyğəmbər vasitəsilə əvvəlcədən deyilən hadisədir.
17 Allah dedi ki, axır zamanda “Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, Cavanlarınız görüntülər, Ağsaqqallarınızsa röyalar görəcək.
18 O günlərdə qul və qarabaşların üzərinə də Ruhumdan tökəcəyəm, Onlar da peyğəmbərlik edəcək.
19 Yuxarıda – göylərdə xariqələr, Aşağıda – yerdə əlamətlər göstərəcəyəm: Qan, alov və tüstü buxarları görünəcək.
20 Rəbbin möhtəşəm və əzəmətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək.
21 Rəbbin adını çağıran hər kəs xilas olacaq”.
22 Ey İsraillilər, bu sözlərimə qulaq asın! Bildiyiniz kimi Allahın aranızda Nazaretli İsa vasitəsilə yaratdığı möcüzələr, xariqələr və əlamətlər aydın göstərdi ki, O, Allahdan gələn Şəxsdir.
23 Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz.
24 Allah isə ölüm əzablarını kəsərək Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilməzdi.
25 Davud da Onun barəsində demişdi: “Rəbbə həmişə üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram.
26 Elə bunun üçün qəlbim sevinir, dilim şad olur, Cismim belə, ümidlə yaşayır.
27 Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını çürüməyə qoymazsan.
28 Mənə həyat yolunu öyrədirsən, Hüzurunda mənə doyunca sevinc verirsən”.
29 Qardaşlar, sizə cəsarətlə deməliyəm ki, doğrudan da, ulu babamız Davud ölüb və dəfn olunub. Onun qəbri bu günə qədər buradadır.
30 Davud peyğəmbər idi və öz nəslindən bir Nəfəri onun taxtına çıxarmaq üçün Allahın and içərək Davuda vəd etdiyini bilirdi.
31 Ona görə Məsihin dirilməsini əvvəlcədən görüb barəsində demişdi ki, Allah Onu ölülər diyarına atmaz, Cismini çürüməyə qoymaz.
32 Allah bu İsanı ölümdən diriltdi və hamımız buna şahid olduq.
33 Allah Onu ucaltdı və sağ əlində oturtdu. O, vəd edilən Müqəddəs Ruhu Atadan götürüb sizin görüb-eşitdiyiniz kimi üstümüzə tökdü.
34 Davud özü göylərə qalxmadı, amma belə dedi: “Rəbb mənim Ağama dedi:
35 ‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur›”.
36 Ona görə də qoy bütün İsrail xalqı möhkəm bilsin ki, Allah sizin çarmıxa çəkdiyiniz bu İsanı həm Rəbb, həm də Məsih təyin etmişdir».
37 Bu sözlər ona qulaq asanların ürəyinə ox kimi sancıldı. Onlar həm Peterdən, həm də o biri həvarilərdən soruşdular: «Qardaşlar, bəs biz nə edək?»
38 Peter onlara cavab verdi: «Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız.
Həvarilərin Işləri 2 in Azərbaycan dilində Müqəddəs Kitab