Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 27:9-30 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 27:9-30 in Azərbaycan dilində Müqəddəs Kitab

9 Xeyli vaxt itirmişdik, hətta oruc günü də keçib-getmişdi. Artıq bu mövsümdə dəniz yolu ilə getmək təhlükəli idi. Odur ki, Paul onlara xəbərdarlıq edərək
10 dedi: «Ağalar, görürəm ki, bu səfər yalnız yük və gəmiyə deyil, canımıza da çox ziyan və bəla gətirəcək».
11 Lakin yüzbaşı Paulun dediklərini dinləməkdənsə gəmi sükançısının və sahibinin sözlərinə uydu.
12 Liman qışlamaq üçün əlverişsiz idi. Buna görə gəmidəkilərin əksəriyyəti oradan dənizə çıxıb imkan olarsa, Finiksə çataraq qışı orada keçirmək qərarına gəldi; Finiks Kritdə olan, cənub-qərbə və şimal-qərbə baxan bir liman idi.
13 Cənubdan zəif bir külək əsməyə başlayanda gözlədikləri anın gəldiyini zənn edərək lövbərləri çıxartdılar. Krit sahili boyu üzərək irəlilədilər.
14 Amma çox keçmədi ki, qurudan Evrakilon fırtınası qopdu.
15 Fırtınaya düşən gəmi küləyə müqavimət göstərə bilmirdi, əlacsız qaldıq və külək bizi aparırdı.
16 Qavda adlı kiçik bir adanın külək zəif tutan tərəfinə düşəndə gəminin qayığını güclə qurtara bildik.
17 Qayığı yuxarı çəkəndən sonra gəminin kəndirlərini onun altından dolayıb bağlayaraq tədbir gördülər. Sirt körfəzində saya oturmaqdan qorxub ləngəri aşağı saldılar və gəmi sürüklənməyə başladı.
18 Fırtına bizi bir xeyli çalxaladı. Ertəsi gün gəminin yükünü atmağa başladılar.
19 Üçüncü gün isə öz əlləri ilə gəminin təchizatını atdılar.
20 Günlərlə nə günəş, nə də ulduzlar göründü. Fırtına da o qədər şiddətlə davam edirdi ki, artıq bundan xilas olmağa ümidimiz qalmamışdı.
21 Adamlar uzun müddət yemək yemədikdə Paul ortada durub dedi: «Ağalar, gərək siz mənə qulaq asıb Kritdən çıxmayaydınız və bu ziyana, bu bəlaya düşməyəydiniz.
22 İndi sizə öyüd verərək deyirəm: ürəkli olun, çünki heç biriniz canını itirməyəcək, yalnız gəmi məhv olacaq.
23 Çünki mənsub olub ibadət etdiyim Allahın bir mələyi bu gecə yanıma gəlib dedi:
24 “Qorxma, Paul, sənin qeysərin qarşısına çıxmağın lazımdır. Səninlə birgə gəmidə olanların hamısını da Allah sənə bağışladı”.
25 Ay ağalar, buna görə ürəkli olun! Allaha inandığıma görə bilirəm ki, hər şey mənə deyilən kimi olacaq.
26 Amma bizə bir adaya düşmək lazımdır».
27 On dördüncü gecə idi ki, biz İoniya dənizində sürüklənirdik. Gecə yarısına yaxın gəmiçilər hiss etdilər ki, quruya yaxınlaşırlar.
28 Suyun dərinliyini ölçəndə gördülər ki, iyirmi qolacdır. Bir az gedəndən sonra bir daha ölçdülər və gördülər ki, on beş qolacdır.
29 Qayalığa çıxmaqdan qorxaraq gəminin dal tərəfindən dörd lövbər atıb sabahın açılması üçün dua etdilər.
30 Belə olanda gəmiçilər qaçmağa çalışıb gəminin qabaq hissəsindən lövbərlər salmaq bəhanəsi ilə qayığı dənizə endirdilər.
Həvarilərin Işləri 27 in Azərbaycan dilində Müqəddəs Kitab