Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 21:19-38 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 21:19-38 in Azərbaycan dilində Müqəddəs Kitab

19 Paul onlardan hal-əhval tutandan sonra öz xidməti ilə əlaqədar olaraq Allahın başqa millətlər arasında gördüyü işlərdən ətraflı məlumat verdi.
20 Bunları eşidəndə Allahı izzətləndirdilər. Paula dedilər: «Görürsənmi, qardaş, Yəhudilər arasında on minlərlə imanlı var və hamısı Qanunun qeyrətini çəkir.
21 Onlar sənin barəndə xəbər tutublar ki, başqa millətlər arasında yaşayan bütün Yəhudilərə oğullarını sünnət etməyib adət-ənənələrimizə görə yaşamamağı və Musadan dönməyi öyrədirsən.
22 İndi nə edək? Mütləq sənin bura gəldiyini eşidəcəklər.
23 Ona görə sənə dediklərimizə əməl et. Bizim aramızda əhd edən dörd kişi var.
24 Bunları yanına al və onlarla birgə paklanma mərasiminə qoşul. Başlarını qırxdırmaq üçün qurban xərclərini sən çək. Bununla da hamı biləcək ki, sənin haqqında eşitdikləri əsassızdır, sən də Qanuna riayət edirsən.
25 Başqa millətlərdən olan imanlılara gəlincə, biz qərara alıb onlara məktub vasitəsilə yazmışıq ki, bütlərə təqdim olunan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər, həmçinin özlərini əxlaqsızlıqdan saxlasınlar».
26 Bundan sonra Paul bu dörd kişini yanına alıb ertəsi gün onlarla bərabər özünü pak etdi. Sonra məbədə girərək paklanma dövrünün nə vaxt qurtaracağını, hər birinin adına nə vaxt qurban təqdim ediləcəyini elan etdi.
27 Yeddi günlük müddət qurtarmaq üzrə Asiya vilayətindən olan Yəhudilər Paulu məbəddə görəndə bütün izdihamı təşvişə salaraq onu yaxaladılar
28 və qışqırdılar: «Ey İsraillilər, kömək edin! Hər yerdə hər kəsə, xalqımıza, Qanuna və bu Müqəddəs məkana qarşı təlim öyrədən adam budur. Həmçinin məbədə bəzi Yunanları gətirərək bu Müqəddəs məkanı murdarladı».
29 Bu Yəhudilər Efesli Trofimi əvvəllər şəhərdə Paulun yanında gördükləri üçün elə bilirdilər ki, onu Paul məbədə gətirib.
30 Bütün şəhər oyandı. Camaat hər tərəfdən qaçıb-gələrək Paulu tutub məbəddən bayıra sürüdü. Dərhal məbəd qapıları bağlandı.
31 Onlar Paulu öldürməyə çalışırdılar ki, bütün Yerusəlimin təşvişə düşməsi xəbəri Roma alayının minbaşısına çatdırıldı.
32 Minbaşı dərhal yüzbaşılarla əsgərləri özü ilə götürərək izdiham olan yerə qaçdı. Minbaşı ilə əsgərləri görən camaat Paulu döyməyi dayandırdı.
33 O zaman minbaşı yaxına gəlib Paulu tutdu və əmr etdi ki, onu qoşa zəncirlə bağlasınlar. Sonra soruşdu: «Bu adam kimdir? Nə edib?»
34 İzdiham içində hər ağızdan bir avaz gəlir, qışqırışırdılar. Hay-küydən minbaşı heç nə müəyyənləşdirə bilmədi, ona görə Paulun qalaya aparılmasını əmr etdi.
35 Paul pilləkəndə olanda xalq elə qızışmışdı ki, əsgərlər onu əlləri üstündə aparmalı oldular.
36 Çünki izdiham onun ardınca düşüb qışqırırdı: «Öldürün onu!»
37 Paul qalaya gətirilməkdə ikən o, minbaşıdan soruşdu: «Səndən bir söz soruşmaq olar?» Minbaşı dedi: «Sən Yunan dilini bilirsən?
38 Sən bu yaxınlarda iğtişaş yaratmağa başlayan dörd min qatili səhraya aparan Misirli deyilsənmi?»
Həvarilərin Işləri 21 in Azərbaycan dilində Müqəddəs Kitab