Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 20:6-28 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 20:6-28 in Azərbaycan dilində Müqəddəs Kitab

6 Biz də Mayasız Çörək bayramından sonra Filipidən dəniz yolu ilə beş günə Troasa gələrək onlarla görüşdük. Orada yeddi gün qaldıq.
7 Həftənin ilk günündə çörək bölmək üçün bir yerə yığıldığımız zaman Paul camaatla söhbət apardı. Ertəsi gün onlardan ayrılacaqdı, ona görə söhbəti gecə yarısına qədər davam etdirdi.
8 Toplandığımız yuxarı mərtəbədəki otaqda çoxlu çıraqlar yanırdı.
9 Eftik adlı bir yeniyetmə pəncərədə oturmuşdu. Paul söhbəti uzadanda Eftiki dərin yuxu apardı. Yuxuya gedən kimi o, üçüncü mərtəbədən aşağı düşdü və yerdən onu qaldıranda o, ölü vəziyyətində idi.
10 Paul aşağı enib yeniyetmənin üstünə əyildi və onu qucaqlayaraq dedi: «Narahat olmayın, indi canı sağdır».
11 Təkrar yuxarı qalxıb çörək böldü və yemək yedi. Gün doğana qədər onlarla uzun-uzadı söhbət aparandan sonra oradan ayrıldı.
12 Oğlanı sağ-salamat apardılar və bu hadisədən çox ruhlandılar.
13 Biz irəli gedərək gəmiyə mindik və Assosa tərəf üzdük. Çünki Paulu oradan götürməli idik. O, quru ilə getmək istədiyi üçün bunu belə nizamlamışdı.
14 O bizi Assosda qarşılayanda onu gəmiyə mindirdik və Mitiliniyə gəldik.
15 Oradan da dənizdən üzərək səhəri gün Xios adasının qarşısına və bir gündən sonra isə Samosa çatdıq. Ertəsi gün Miletə gəldik.
16 Çünki Paul Asiya vilayətində vaxt itirməmək üçün Efesi ötüb keçmək qərarına gəlmişdi. O tələsirdi ki, imkan tapıb Əllinci Gün bayramında Yerusəlimdə olsun.
17 Paul Miletdən Efesə xəbər göndərərək cəmiyyət ağsaqqallarını yanına çağırtdırdı.
18 Yanına gələndə onlara belə dedi: «Asiya vilayətinə qədəm basdığım birinci gündən bəri sizinlə olduğum dövrdən bu vaxta qədər özümü necə apardığım sizə məlumdur.
19 Yəhudilərin qəsd-qərəzi vasitəsilə sınaqlardan keçərkən Rəbbə tam itaətkarlıqla, göz yaşı içində qulluq edirdim.
20 Xeyirli olan hər şeyi sizə bəyan edərək istər açıq, istərsə də evdən-evə gəzib-dolaşaraq təlim verməkdən çəkinmədim.
21 Həm Yəhudiləri, həm də Yunanları tövbə edib Allaha tərəf dönməyə və Rəbbimiz İsaya iman gətirməyə çağırdım.
22 İndi də Ruhun təkidi ilə Yerusəlimə gedirəm və orada başıma nə gələcəyini bilmirəm.
23 Lakin Müqəddəs Ruh hər şəhərdə xəbərdarlıq edirdi ki, məni zəncirlər və əziyyətlər gözləyir.
24 Öz canıma heç əhəmiyyət vermirəm, onu qiymətləndirmirəm. Mənə kifayətdir ki, yolumu – Rəbb İsanın mənə tapşırdığı kimi Allahın lütfünü göstərən Müjdəni şəhadətetmə xidmətini başa çatdırım.
25 İndi aranızda dolaşıb Padşahlıq barədə vəz etdiyim sizlərdən heç biriniz mənim üzümü bir də görməyəcək.
26 Ona görə bu gün bunu sizə bəyan etmək istəyirəm ki, mən təmizəm, heç kimin qanına bais olmamışam.
27 Çünki mən çəkinmədən Allahın bütün iradəsini sizə çatdırmışam.
28 Həm özünüzə, həm də Müqəddəs Ruhun sizi nəzarətçilər təyin etdiyi bütün sürüyə diqqətlə baxın. Allahın Öz Oğlunun qanı bahasına əldə etdiyi bu cəmiyyətini bəsləyin.
Həvarilərin Işləri 20 in Azərbaycan dilində Müqəddəs Kitab