Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 20:15-38 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 20:15-38 in Azərbaycan dilində Müqəddəs Kitab

15 Oradan da dənizdən üzərək səhəri gün Xios adasının qarşısına və bir gündən sonra isə Samosa çatdıq. Ertəsi gün Miletə gəldik.
16 Çünki Paul Asiya vilayətində vaxt itirməmək üçün Efesi ötüb keçmək qərarına gəlmişdi. O tələsirdi ki, imkan tapıb Əllinci Gün bayramında Yerusəlimdə olsun.
17 Paul Miletdən Efesə xəbər göndərərək cəmiyyət ağsaqqallarını yanına çağırtdırdı.
18 Yanına gələndə onlara belə dedi: «Asiya vilayətinə qədəm basdığım birinci gündən bəri sizinlə olduğum dövrdən bu vaxta qədər özümü necə apardığım sizə məlumdur.
19 Yəhudilərin qəsd-qərəzi vasitəsilə sınaqlardan keçərkən Rəbbə tam itaətkarlıqla, göz yaşı içində qulluq edirdim.
20 Xeyirli olan hər şeyi sizə bəyan edərək istər açıq, istərsə də evdən-evə gəzib-dolaşaraq təlim verməkdən çəkinmədim.
21 Həm Yəhudiləri, həm də Yunanları tövbə edib Allaha tərəf dönməyə və Rəbbimiz İsaya iman gətirməyə çağırdım.
22 İndi də Ruhun təkidi ilə Yerusəlimə gedirəm və orada başıma nə gələcəyini bilmirəm.
23 Lakin Müqəddəs Ruh hər şəhərdə xəbərdarlıq edirdi ki, məni zəncirlər və əziyyətlər gözləyir.
24 Öz canıma heç əhəmiyyət vermirəm, onu qiymətləndirmirəm. Mənə kifayətdir ki, yolumu – Rəbb İsanın mənə tapşırdığı kimi Allahın lütfünü göstərən Müjdəni şəhadətetmə xidmətini başa çatdırım.
25 İndi aranızda dolaşıb Padşahlıq barədə vəz etdiyim sizlərdən heç biriniz mənim üzümü bir də görməyəcək.
26 Ona görə bu gün bunu sizə bəyan etmək istəyirəm ki, mən təmizəm, heç kimin qanına bais olmamışam.
27 Çünki mən çəkinmədən Allahın bütün iradəsini sizə çatdırmışam.
28 Həm özünüzə, həm də Müqəddəs Ruhun sizi nəzarətçilər təyin etdiyi bütün sürüyə diqqətlə baxın. Allahın Öz Oğlunun qanı bahasına əldə etdiyi bu cəmiyyətini bəsləyin.
29 Bilirəm ki, mən gedəndən sonra sürüyə rəhm etməyən yırtıcı canavarlar aranıza soxulacaq.
30 Aranızdan təhrif edilmiş sözlər deyən, şagirdləri özlərinin ardınca çəkmək istəyən adamlar çıxacaq.
31 Buna görə oyaq olun. Üç il boyu, fasiləsiz, gecə-gündüz göz yaşı tökərək hər birinizə necə nəsihət verdiyimi yada salın.
32 İndi isə mən sizi Allaha və Onun lütfü barədəki kəlamına əmanət edirəm. Bu kəlam sizi inkişaf etdirib təqdis olunmuş bütün insanlar arasında irsə qovuşdurmağa qadirdir.
33 Mən heç kimin nə qızılına, nə gümüşünə, nə də pal-paltarına göz dikmişəm.
34 Siz də bilirsiniz ki, bu əllər həm mənim, həm də mənimlə olanların ehtiyaclarını təmin etdi.
35 Gördüyüm hər işdə Rəbb İsanın “vermək almaqdan daha çox bəxtiyarlıq gətirər” sözünü yaddan çıxarmayıb belə əmək sərf edərək zəiflərə kömək etməyin vacibliyini sizə göstərdim».
36 Paul bu sözləri söyləyəndən sonra diz çöküb onlarla birlikdə dua etdi.
37 Sonra hamısı ağlayaraq Paulun boynuna sarıldı və onu öpdü.
38 Onlar ən çox «mənim üzümü bir də görməyəcəksiniz» sözündən kövrəldilər. Sonra onu gəmiyə qədər yola saldılar.
Həvarilərin Işləri 20 in Azərbaycan dilində Müqəddəs Kitab