Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 19:16-37 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 19:16-37 in Azərbaycan dilində Müqəddəs Kitab

16 Daxilində şər ruh olan adam onların üstünə hücum çəkdi, hamısını təpiyinin altına salaraq məğlub etdi. Belə ki onlar o evdən lüt-üryan və yaralı halda qaçdılar.
17 Bu xəbər Efesdə yaşayan bütün Yəhudilərə və Yunanlara çatdı. Hamısını bir vahimə bürüdü və Rəbb İsanın adının nüfuzu böyüdü.
18 İman edənlərin çoxu gəlib öz əməllərini açıq etiraf edirdi.
19 Cadugərliklə məşğul olan bir dəstə insan da öz kitablarını yığıb hamının qarşısında yandırdı. Kitablarının qiyməti hesablananda məlum oldu ki, əlli min gümüş pula bərabər idi.
20 Beləliklə, Rəbbin kəlamı qüdrətlə böyüyüb təsirini artırırdı.
21 Bunlar baş verəndən sonra Paul qərara gəldi ki, Makedoniya və Axayyadan keçərək Yerusəlimə getsin. O dedi: «Oraya gedəndən sonra gərək Romanı da görəm».
22 Xidmətçilərindən ikisini – Timoteylə Erastı Makedoniyaya göndərərək özü bir müddət Asiya vilayətində qaldı.
23 O ərəfədə İsa yolu ilə bağlı böyük bir qarışıqlıq yarandı.
24 Dimitri adlı bir zərgər gümüşdən ilahə Artemidanın ev səcdəgahlarını düzəldirdi və sənətkarlara çoxlu gəlir gətirirdi.
25 O, sənətkarları və bu cür işlə məşğul olanları bir yerə toplayıb belə dedi: «Ay kişilər, bilirsiniz ki, gəlirimiz bu işdən asılıdır.
26 Amma bu Paul deyir ki, əl işi olan allahlar həqiqi allahlar deyil. Yalnız Efesdə deyil, demək olar ki, bütün Asiya vilayətində nə qədər insanı tovlayıb azdırdığını görmüsünüz və eşitmisiniz.
27 Onda böyük bir təhlükə ilə üzləşirik. Bu həm bizim sənətimizin nüfuzunu itirə bilər, həm də ulu ilahə Artemidanın məbədini gözdən sala bilər. Bununla da bütün Asiya vilayətinin və bütün dünyanın ibadət etdiyi Artemidanın ululuğu heçə çıxar».
28 Oradakılar bunu eşidəndə bərk hiddətləndilər və qışqıra-qışqıra dedilər: «Efes ilahəsi Artemida uludur!»
29 Şəhər bir-birinə qarışdı. Xalq Paulun yol yoldaşları olan Makedoniyalı Qayla Aristarxı tutub sürüyərək birlikdə teatra doluşdu.
30 Paul istədi ki, xalqın arasına girsin, amma şagirdlər onu buraxmadılar.
31 Hətta Paulun dostları olan Asiya vilayətinin sədrlərinin bəziləri də ona xəbər göndərib yalvardı ki, teatra ayaq basmasın.
32 Teatrdakı yığıncaqda aləm qarışmışdı, hər ağızdan bir avaz gəlirdi. Onların çoxu isə bilmirdi ki, buraya nə üçün gəlib.
33 Yəhudilər İsgəndəri qarşıya çıxaranda izdihamın içərisindən bəziləri hadisəni onunla əlaqələndirdi. O isə xalqın diqqətini cəmləşdirmək üçün əlini qaldırdı və onların qarşısında özünü müdafiə etmək istədi.
34 Amma xalq onun Yəhudi olduğunu biləndə bir səslə iki saata yaxın «Efes ilahəsi Artemida uludur!» deyə qışqırışdı.
35 İzdihamı sakitləşdirən şəhərin icra məmuru dedi: «Ey Efeslilər, kim bilmir ki, Efes şəhəri ulu Artemida məbədinin və göydən gələn heykəlinin keşikçisidir?
36 Bunları heç kim inkar edə bilməz. Buna görə sakit olmanız və fikirləşmədən bir iş görməməyiniz lazımdır.
37 Buraya gətirdiyiniz adamlar nə məbədimizi soydu, nə də ilahəmizi söydü.
Həvarilərin Işləri 19 in Azərbaycan dilində Müqəddəs Kitab