Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 16:16-35 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 16:16-35 in Azərbaycan dilində Müqəddəs Kitab

16 Bir gün biz dua yerinə gedərkən falçılıq ruhuna tutulan bir qarabaş qarşımıza çıxdı. Bu qız baxıcılıq edərək öz ağalarına nə qədər qazanc gətirmişdi.
17 O, Paulun və bizim ardımızca düşərək qışqıra-qışqıra deyirdi: «Bu adamlar Allah-Taalanın qullarıdır. Sizə xilas yolunu bildirirlər».
18 Bunu günbəgün təkrar etdi. Bu, Paulu çox bezdirdi. Nəhayət, o çevrilib ruha dedi: «İsa Məsihin adı ilə sənə əmr edirəm, bu qızdan çıx!» Ruh dərhal qızdan çıxdı.
19 Qızın ağaları görəndə ki bu qazancdan ümidləri kəsildi, Paulla Silanı tutub bazar meydanına – rəhbərlərin qarşısına gətirdilər.
20 Onları hakimlərin qarşısına çıxararaq dedilər: «Bu adamlar Yəhudidir. Şəhərimizə qarışıqlıq salıblar.
21 Biz Romalılara qəbulu və icrası qadağan olunan adətləri yayırlar».
22 Xalq da Paulla Silanın əleyhinə çıxdı. Hakimlər əmr verdilər ki, onların əyinlərindəki paltarları soyundurub dəyənəklə döysünlər.
23 Onlara çox zərbə vurdular və sonra zindana atdılar. Zindanın baş mühafizəçisinə əmr etdilər ki, onları möhkəm nəzarət altında saxlasınlar.
24 Bu əmri alan baş mühafizəçi onları zindanın xüsusi otağına aparıb ayaqlarını kündəyə saldı.
25 Gecə yarısına yaxın Paulla Sila dua edir və Allaha ilahilər oxuyurdu. Digər məhbuslar da onlara qulaq asırdılar.
26 Birdən elə güclü zəlzələ oldu ki, zindanın təməli belə, yerindən oynadı. Bir andaca bütün qapılar açıldı, hamının zəncirləri töküldü.
27 Baş mühafizəçi oyanıb zindanın qapılarını açıq görəndə qılıncını çəkib canına qəsd etmək istədi. Elə bildi ki, məhbuslar qaçıb.
28 Amma Paul bərkdən qışqırıb dedi: «Canına qıyma, hamımız buradayıq!»
29 Baş mühafizəçi işıq gətirdib içəri qaçdı. Titrəyə-titrəyə Paul və Silanın qarşısında yerə döşəndi.
30 Onları bayıra çıxararaq soruşdu: «Ağalar, xilas olmaq üçün nə etməliyəm?»
31 Onlar dedilər: «Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız».
32 Sonra həm ona, həm də onun ev əhlinə Rəbbin kəlamını bildirdilər.
33 Gecənin bu vədəsində baş mühafizəçi onları götürüb yaralarını yudu. Sonra həm özü, həm də ev əhli dərhal vəftiz oldu.
34 Paulla Silanı evinə aparıb onlar üçün süfrə açdı. Allaha iman etdiklərinə görə o və bütün ev əhli şad oldular.
35 Səhər açılanda hakimlər yasavullar göndərib dedilər: «Bu adamları azad et».
Həvarilərin Işləri 16 in Azərbaycan dilində Müqəddəs Kitab