Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 13:5-31 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 13:5-31 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Salamisə çatanda Yəhudilərin sinaqoqlarında Allahın kəlamını bəyan etməyə başladılar. Yəhya isə onların köməkçisi idi.
6 Adanı başdan-başa gəzərək Pafosa çatdılar. Orada Baryeşu adlı bir Yəhudi cadugər və yalançı peyğəmbərə rast gəldilər.
7 Baryeşu vali Sergi Paula yaxın adam idi. Ağıllı kişi olan vali Barnaba ilə Şaulu çağırtdırıb Allahın kəlamına qulaq asmaq istədi.
8 Lakin adı cadugər mənasını verən Elima, yəni Baryeşu buna qarşı çıxaraq valini imandan azdırmağa çalışırdı.
9 Amma Müqəddəs Ruhla dolan Şaul, yəni Paul gözlərini Elimaya dikib
10 dedi: «Ey iblis oğlu, ürəyin hər cür hiylə və fırıldaqla doludur. Ey salehliyə tamamilə düşmən kəsilən, Rəbbin haqq yolunu əyri qələmə verməkdən əl çəkməyəcəksənmi?
11 İndi isə bax, sənin üstünə Rəbbin əli gəlir. Kor olacaqsan, bir müddət gün işığı görməyəcəksən». O anda həmin adamın üzərinə bir duman, bir qaranlıq çökdü. Ora-bura gəzərək kimisə axtarırdı ki, onun əlindən tutub yol göstərsin.
12 Olanları görən vali Rəbbin təliminə təəccübləndi və iman etdi.
13 Paulla yanındakılar Pafosdan yelkən açıb Pamfiliya bölgəsindəki Perge şəhərinə çatdı. Yəhya isə onlardan ayrılıb Yerusəlimə qayıtdı.
14 Onlar yollarına davam edib Pergedən Pisidiyada olan Antakyaya çatdılar. Şənbə günü sinaqoqa girib oturdular.
15 Qanunun və Peyğəmbərlərin yazılarının oxunmasından sonra sinaqoq rəisləri onları çağırtdırıb dedilər: «Qardaşlar, xalqa ürəkləndirici müraciətiniz varsa, buyurub deyin».
16 Paul ayağa qalxıb diqqəti cəlb etmək üçün əlini qaldıraraq dedi: «Ey İsraillilər və Allahdan qorxanlar, qulaq asın.
17 Bu xalqın, yəni İsraillilərin səcdə etdiyi Allah bizim ata-babalarımızı seçdi və Misirdə – qürbət eldə yaşadıqları müddət ərzində onları böyük bir millət etdi. Sonra əlini uzadıb onları Misirdən çıxartdı.
18 Qırx ilə yaxın səhrada qaldıqları müddət ərzində onlara dözdü.
19 Kənan torpağında yaşayan yeddi milləti qırandan sonra bu millətlərin torpaqlarını irs olaraq İsrail xalqına verdi.
20 Bütün bunlar təqribən dörd yüz əlli ili əhatə etdi. Sonra Allah onlar üçün hakimlər yetirdi. Bu, peyğəmbər Şamuelin dövrünə qədər davam etdi.
21 Xalq padşah istəyəndə isə Allah Binyamin qəbiləsindən olan Qiş oğlu Şaulu onlar üçün padşah təyin etdi. O, qırx il padşahlıq etdi.
22 Onu aradan götürəndən sonra Allah Davudu ucaldıb onların üzərində padşah etdi və onun barəsində şəhadət etdi: “Öz ürəyimə yatan adam olaraq Yessey oğlu Davudu tapdım və o Mənim bütün istədiklərimi yerinə yetirəcək”.
23 Allah Öz vədinə sadiq qalıb bu adamın soyundan olan Xilaskar İsanı İsrailə göndərdi.
24 İsanın gəlişindən əvvəl Yəhya bütün İsrail xalqına vəz etmişdi ki, tövbə edib vəftiz olunsunlar.
25 Yəhya işini qurtararkən dedi: “Məni kim sayırsınız? O Şəxs mən deyiləm. Məndən sonra O gəlir. Mən Onun ayağındakı çarığını açmağa belə, layiq deyiləm”.
26 Qardaşlar, ey İbrahimin nəslinin övladları və aranızda olan Allahdan qorxanlar, bu xilas sözü bizə göndərilib.
27 Çünki Yerusəlim əhalisi və onların rəhbərləri İsanı tanımadı. Beləliklə, Onu mühakimə etməklə hər Şənbə günü oxunan peyğəmbərlərin sözünü yerinə yetirdilər.
28 Onda ölümə layiq heç bir təqsir tapmasalar da, Pilatdan Onun edam olunmasını tələb etdilər.
29 Onun barəsində yazılanların hamısını tam yerinə yetirəndən sonra Onu çarmıxdan düşürüb qəbirə qoydular.
30 Lakin Allah Onu ölülər arasından diriltdi.
31 İsa xeyli günlər ərzində daha əvvəl Qalileyadan Onunla Yerusəlimə gələnlərə göründü. Bu adamlar indi Onun barəsində xalq üçün şahiddir.
Həvarilərin Işləri 13 in Azərbaycan dilində Müqəddəs Kitab