Text copied!
Bibles in South Azerbaijani

Birinci Padşahlar 9:1-19 in South Azerbaijani

Help us?

Birinci Padşahlar 9:1-19 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Süleyman Rəbbin məbədini, padşah sarayını və tikmək istədiyi bütün şeyləri tamamlayıb qurtarandan sonra
2 Rəbb Giveonda göründüyü kimi ikinci dəfə ona göründü.
3 Rəbb Süleymana dedi: «Mən önümdə etdiyin dua və yalvarışını eşitdim. Adımı əbədilik oraya qoymaq üçün tikdiyin bu məbədi təqdis etdim. Mənim nəzərim və ürəyim daim orada olacaq.
4 Əgər Mənim sənə əmr etdiklərimi yerinə yetirərək atan Davud kimi ürək bütövlüyü və düzlüklə yolumla getsən, Mənim qanunlarıma və hökmlərimə əməl etsən,
5 sənin padşahlıq taxtını İsrail üzərində əbədi ucaldacağam. Bunu atan Davuda “İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq” deyə vəd etmişdim.
6 Ancaq siz və övladlarınız ardımca getməkdən dönüb qarşınıza qoyduğum əmrlərimə və qaydalarıma əməl etməsəniz, gedib başqa allahlara qulluq edərək onlara səcdə etsəniz,
7 Mən İsrailliləri onlara verdiyim torpaqdan silib atacağam və Öz adıma təqdis etdiyim bu məbədi hüzurumdan rədd edəcəyəm. Onda İsrail barədə bütün xalqlar arasında məsəl və kinayə söyləniləcək.
8 Bu məbədin qalaqları elə uca olacaq ki, yanından keçən hər kəs dəhşətə gələrək deyəcək: “Nə üçün Rəbb bu torpağı və bu məbədi bu cür rədd etdi?”
9 Onlara deyəcəklər: “Ona görə ki bu xalq atalarını Misir torpağından çıxaran özlərinin Allahı Rəbbi tərk etdi və başqa allahlardan yapışdı, onlara səcdə və qulluq etdi. Buna görə də Rəbb bütün bu bəlanı onların üzərinə göndərdi”».
10 Süleyman iki evi – Rəbbin məbədini və padşah sarayını iyirmi ilə tikib qurtardıqdan sonra
11 Sur padşahı Xirama Qalileya diyarında iyirmi şəhər verdi, çünki Xiram Süleymana onun arzusuna görə sidr, şam ağacları və qızıl göndərmişdi.
12 Xiram Surdan çıxdı ki, Süleymanın ona verdiyi şəhərlərə baxsın. Onlar Xiramın xoşuna gəlmədi.
13 O dedi: «Qardaşım, bu nə şəhərlərdir, mənə vermisən?» Onları Kavul torpağı adlandırdı və bu günə qədər onlar belə adlanır.
14 Xiram padşaha yüz iyirmi talant qızıl göndərdi.
15 Padşah Süleyman əmək mükəlləfiyyəti qoyub bu işləri gördü: Rəbbin məbədini, öz sarayını, qala yamacını, Yerusəlim divarını, Xasoru, Megiddonu və Gezeri tikdi.
16 Misir padşahı firon gəlib Gezeri tutmuşdu və oranı yandırmışdı. Şəhərdə yaşayan Kənanlıları qırmışdı və bu şəhəri öz qızına – Süleymanın arvadına cehiz vermişdi.
17 Süleyman yenidən Gezeri tikdi. O həmçinin Aşağı Bet-Xoronu,
18 Baalatı, ölkədəki səhralıqda olan Tadmoru,
19 özünün bütün anbar şəhərlərini, döyüş arabalarının olduğu şəhərləri, süvarilərin olduğu şəhərləri, Yerusəlimdə, Livanda və onun hökmranlığı altında olan bütün yerlərdə tikmək istədiyi hər şeyi tikdi.
Birinci Padşahlar 9 in Azərbaycan dilində Müqəddəs Kitab