Text copied!
Bibles in South Azerbaijani

Birinci Padşahlar 7:35-51 in South Azerbaijani

Help us?

Birinci Padşahlar 7:35-51 in Azərbaycan dilində Müqəddəs Kitab

35 Dayağın başında yarım qulac hündürlüyündə dəyirmi bir çənbər var idi. Dayağın başında olan dəstəkləri və yan lövhələri özünə bitişik idi.
36 Xiram dəstəklərin və yan lövhələrin üzərində yer çatan qədər keruv, şir, xurma ağacı təsvirləri, ətrafında isə çələnglər oydu.
37 Beləcə on dayaq düzəltdi. Onların hamısı bir tökmədə, bir ölçüdə və bir quruluşda idi.
38 Xiram on dayağın üstünə qoymaq üçün tuncdan on ləyən düzəltdi. Hər ləyən qırx bat tuturdu və dörd qulac enində idi.
39 Dayaqların beşini məbədin sağ tərəfində, beşini də məbədin sol tərəfində qoydu. Hovuzu isə məbədin cənub-şərq küncündə yerləşdirdi.
40 O həmçinin qazanlar, kürəklər, piyalələr düzəltdi. Xiram Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə bütün bu işləri görüb qurtardı:
41 iki sütun; sütunların üstündə iki dəyirmi başlıq; sütunların üstündəki başlıqları örtmək üçün iki hörmə tor;
42 sütunların üstündə olan dəyirmi başlıqları örtən hər hörmə torun üzərində iki cərgədə dörd yüz nar;
43 on dayaq; dayaqların üzərində on ləyən;
44 bir hovuz; hovuzun altında on iki tökmə buğa;
45 qazanlar, kürəklər və piyalələr. Bütün bu əşyaları Xiram Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə cilalanmış tuncdan düzəltmişdi.
46 Padşah bunları İordan çayının kənarındakı düzənlikdə Sukkot ilə Sartan arasındakı gilli torpaqlarda tökmüşdü.
47 Bütün bu əşyalar həddən artıq çox olduğu üçün Süleyman onlara işlədilən tuncun çəkisini müəyyən etmədi.
48 Süleyman Rəbbin məbədindəki bütün bu əşyaları düzəltdi: qızıl qurbangah; təqdis çörəkləri qoyulan qızıl masa;
49 iç otağın önündə beşi sağ tərəfdə, beşi də sol tərəfdə olan xalis qızıldan çıraqdanlar; qızıldan olan qönçə, çıraqlar və maşalar;
50 xalis qızıldan kasalar, maqqaşlar, piyalələr, nimçələr və buxurdanlar; iç otağın, yəni Ən Müqəddəs yerin və böyük otağın qapıları üçün qızıldan ilgəklər.
51 Padşah Süleymanın Rəbbin məbədində gördüyü bütün işlər qurtardı. Atası Davudun təqdis etdiyi qızıl-gümüşü və əşyaları Süleyman içəri gətirib Rəbbin məbədinin xəzinələrinə qoydu.
Birinci Padşahlar 7 in Azərbaycan dilində Müqəddəs Kitab