14Ey uşaqlar, sizə yazdım, çünki Atanı tanıyırsınız. Ey atalar, sizə yazdım, çünki başlanğıcdan bəri Var Olanı tanıyırsınız. Ey gənclər, sizə yazdım, çünki güclüsünüz, Allahın kəlamı sizdə qalır, şər olana da qalib gəlmisiniz.
15Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevirsə, onda Atadan olan məhəbbət yoxdur.
16Çünki dünyada olan hər şey – cismani ehtiraslar, acgözlük və dünya malına görə təkəbbür Atadan yox, dünyadan gəlir.
17Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır.
18Ey uşaqlar, axır zamandır. Siz «Məsih əleyhdarı»nın gələcəyini eşitmisiniz, indi də çoxlu Məsih əleyhdarı meydana çıxıb. Bundan bilirik ki, axır zamandır.
19Onlar bizim aramızdan çıxdılar, amma bizə məxsus deyildilər. Əgər bizə məxsus olsaydılar, bizimlə qalardılar. Amma qalmadılar ki, heç birinin bizə məxsus olmadığı aşkara çıxsın.
20Lakin siz Müqəddəs Olandan bir məsh almısınız və hamınız biliklisiniz.
21Mən sizə həqiqəti bilmədiyiniz üçün deyil, onu bildiyiniz üçün yazdım; siz bunu da bilirsiniz ki, heç bir yalanın həqiqətlə əlaqəsi yoxdur.
22Bəs yalançı kimdir? İsanın Məsih olduğunu inkar edən şəxs! O, Atanı və Oğulu inkar edən Məsih əleyhdarıdır.
23Oğulu inkar edən hər kəs Ataya da malik deyil, lakin Oğulu iqrar edən kəs Ataya da malikdir.
24Sizin əvvəldən bəri eşitdiyiniz söz qoy sizdə qalsın. Əgər əvvəldən bəri eşitdiyiniz söz sizdə qalsa, siz də Oğul və Atada qalarsınız.
25Onun bizə verdiyi vəd budur: əbədi həyat!