53 Onları qorxudan uzaq, asayiş içində aparmışdı, Düşmənləri isə dənizdə qərq olmuşdu.
54 Onları Öz müqəddəs torpağına, Sağ əli ilə aldığı dağlar diyarına gətirdi.
55 Onların qarşısından başqa millətləri qovdu, Torpaqlarını da İsrail qəbilələrinə mülk olaraq payladı, Yaşamaq üçün yurd-yuvalarını onlara verdi.
56 Lakin onlar Allah-Taalanı sınadılar, Ona qarşı üsyankar oldular, Göstərişlərinə əməl etmədilər.
57 Ataları kimi dönüklük və xəyanət etdilər, Xarab kamandan atılan ox kimi əyri getdilər.
58 Onu səcdəgahları ilə qəzəbləndirdilər, Onu yonma bütləri ilə qısqandırdılar.
59 Bunları eşidən Allah çox hiddətləndi, İsraili tamamilə rədd etdi.
60 İnsanlar arasında qaldığı çadırını, Şilodakı məskənini tərk etdi.
61 Qüdrətini əsarətə, Şərəfini düşmən əlinə təslim etdi.
62 Öz xalqını qılıncdan keçirtdi, Öz irsini qəzəbinə düçar etdi.
63 İgidləri alov uddu, Nişanlı qızlara toy çalınmadı.
64 Kahinləri qılınclarla qırıldı, Arvadları dul qaldı, gözlərinin yaşı qurudu.