Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 78

Zəbur 78:3-37

Help us?
Click on verse(s) to share them!
3Bunları eşitmişik, bilirik, Bizə atalarımız nəql edib.
4Bunu onların nəvələrindən gizlətməyəcəyik; Rəbbin həmdə layiq işlərini, Onun qüdrətini, etdiyi xariqələri Gələcək nəsillərə söyləyəcəyik.
5Rəbb öyüd vermək üçün Yaqub nəslinə – İsrailə bir təlim qoydu. Ata-babalarımıza əmr etdi ki, Bu təlimi övladlarına öyrətsin.
6Qoy gələcək nəsil də bilsin, Gələcəkdə doğulacaq övladlar da Balalarına bu təlimi verə bilsin.
7Qoy ümidlərini Allaha bağlasınlar, Allahın işlərini unutmasınlar, Əmrlərini yerinə yetirsinlər.
8Qoy ata-babaları kimi olmasınlar, Çünki onlar dikbaş, üsyankar bir nəsil idi. Allaha ürəkləri dönük, Könülləri vəfasız idi.
9Efrayim övladları ox-kamanla silahlandılar, Amma döyüş günü tez geriyə qayıtdılar.
10Allahın əhdini pozanlar belə etdilər, Sənin qanunlarınla yaşamaq istəmədilər.
11Allahın işlərini, Göstərdiyi xariqələrini unutdular.
12Allah Misir torpağında, Soan bölgəsində, Ata-babalarının gözləri önündə xariqələr göstərmişdi.
13Dənizi yarıb onları keçirmişdi, Suları divar kimi saxlamışdı.
14Onlara gündüz buludla, Bütün gecə şəfəq saçan alovla yol göstərmişdi.
15Çöldə qayaları yarmışdı, İçsinlər deyə ümman kimi bol su çıxarmışdı.
16Qayadan suları sel kimi çıxarmışdı, Bu suları çaylar kimi axıtmışdı.
17Amma onlar günah etməyi davam etdirdilər, Səhrada Haqq-Taalaya qarşı üsyankar oldular.
18İştahaları artdı, yemək tələb etdilər, Ürəklərində Allahı sınağa çəkdilər.
19Allahın əleyhinə belə danışdılar: «Məgər Allah çöldə süfrə qura bilər?
20Nə olsun qayaya vuranda sular axdı, Sellər aşıb-daşdı. Görəsən O, çörək verə bilərmi? Xalqına ət verə bilərmi?»
21Rəbb bunu eşidərkən qəzəbləndi, Yaquba qarşı alovunu yerə tökdü, İsrailə qarşı hiddəti artdı.
22Çünki onlar Allaha inanmırdılar, Onun qurtuluşuna arxalanmırdılar.
23Bununla belə, uca səmaya əmr etdi, Göylərin qapılarını açdırdı.
24Onlara yemək üçün manna yağdırdı, Göylərin taxılını verdi.
25İnsan mələklərin çörəyindən yedi, Onlara doyunca yemək verildi.
26Göylərdə şərq küləyini əsdirdi, Qüdrəti ilə cənub küləyini gətirdi.
27Başlarına toz kimi ət yağdırdı, Onlara dənizdəki qum qədər quşlar göndərdi.
28Düşərgələrinin ortasına, Qaldıqları yerin ətrafına səpələdi.
29Onlar doyunca, çox yedi, İştahaları çəkən şeyləri onlara verdi.
30Lakin iştahaları qurtarmamış, Yemək ağızlarında olarkən
31Allah onlara qarşı hiddətini artırdı, Ətli-canlılarını qırdı, İsrail igidlərini vurub yerə sərdi.
32Bununla belə, günahlarını davam etdirdilər, Onun xariqələrinə inanmadılar.
33Buna görə də günlərini puç etdi, Dəhşətlə ömürlərini sona yetirdi.
34Ölənləri görüb Allahı axtardılar, Geri dönüb Allahı səylə aradılar.
35Yadlarına düşdü ki, Allah onların Qayası idi, Allah-Taala onların Satınalanı idi.
36Lakin ağızları ilə Ona yaltaqlanırdılar, Dilləri ilə Ona yalan danışırdılar.
37Qəlblərində Ona qarşı dönük olmuşdular, Əhdinə vəfasız çıxmışdılar.

Read Zəbur 78Zəbur 78
Compare Zəbur 78:3-37Zəbur 78:3-37