Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 73

Zəbur 73:1-25

Help us?
Click on verse(s) to share them!
1Asəfin məzmuru. Doğrudan da, İsrail üçün, Ürəyitəmiz olanlar üçün Allah xeyirxahdır.
2Amma mənim ayaqlarım az qala büdrəmişdi, Addımlarım məni yıxmışdı.
3Pislərin firavanlığını görərkən Bu məğrurlara həsəd aparırdım.
4Ölənədək onların ağrıları yoxdur, Vücudları ətə-cana gəlib.
5Onlar başqaları kimi dərdə düşməzlər, Əzab çəkməzlər.
6Çünki təkəbbür onlar üçün boyunbağı kimidir, Zorakılıq libas kimi əyinlərini örtür.
7Köklükdən gözləri dombalıb çıxır, Qəlblərinin pis məqsədləri aşıb-daşır.
8Pis niyyətli sözləri ilə insanlara istehza edirlər, Onlara yuxarıdan baxıb hədə-qorxu gəlirlər.
9Ağızlarını göylərin əleyhinə açırlar, Dillərinin sözləri dünyanı gəzib-dolaşır.
10Ona görə bütün xalq onların tərəfinə keçir, Sözlərini axıradək su kimi içir.
11Deyirlər ki, Allah necə xəbər tutacaq? Haqq-Taala bundan necə xəbərdar olacaq?
12Belədir pis adamlar, Daim arxayındırlar, var-dövlət artırırlar.
13Məgər mən boş yerə qəlbimi təmizləmişdim, Günahsızlıq içində əllərimi yumuşdum?
14Həmişə əziyyətə düşürəm, Hər səhər töhmətə rast gəlirəm.
15Əgər «qoy mən də belə danışım» deyə düşünsəydim, Sənin övladlarına xəyanət edərdim.
16Bunu anlamaq üçün düşünəndə Çətin bir iş kimi gözümə durdu.
17Yalnız Allahın Müqəddəs məkanına girərkən Onların aqibətini dərk etdim.
18Doğrudan da, onları sürüşkən yerə qoymusan, Onları məhvə yuvarlayırsan.
19Onlar bir anda yox olacaqlar, Dəhşət içində itib-batacaqlar.
20Yuxudan ayılanda röyalar unudular, Ey Xudavənd, Sənin oyanışınla bu adamlar boş sayılacaq.
21O vaxt könlüm zəhərlənmişdi, Qəlbim dəlik-deşik olmuşdu.
22Necə axmaq idim, dərrakəm yox idi, Qarşında sanki bir heyvan idim.
23Amma daim Səninlə olmuşam, Mənim sağ əlimdən tutmusan.
24Nəsihətinlə mənə yol göstərirsən, Sonra məni şərəfə çatdıracaqsan.
25Göylərdə Səndən başqa kimim var? Yer üzündə də Səndən başqa heç nə istəmirəm.

Read Zəbur 73Zəbur 73
Compare Zəbur 73:1-25Zəbur 73:1-25