Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 119

Zəbur 119:73-170

Help us?
Click on verse(s) to share them!
73Əllərinlə yaranmışam, mənə surət vermisən, Mənə qabiliyyət ver, qoy əmrlərini öyrənim.
74Səndən qorxanlar məni görərkən sevinsinlər, Çünki Sənin sözünə ümid bağlamışam.
75Ya Rəbb, bilirəm ki, hökmlərin ədalətlidir, Mənə əzab çəkdirsən də, sədaqətin yox olmur.
76Quluna verdiyin kəlama görə Məhəbbətin mənə təsəlli versin.
77Mənə mərhəmət et ki, yaşayım, Çünki qanunundan zövq alıram.
78Mənim barəmdə yalan danışan lovğaları utandır, Çünki mən qayda-qanunlarını dərindən düşünürəm.
79Səndən qorxanlar yanıma gəlsin, Onlar Sənin göstərişlərini bilənlərdir.
80Qaydalarına görə mənim qəlbim kamil olsun, Qoy heç zaman xəcalət çəkməyim!
81Qurtuluş həsrətini çəkməkdən qəlbimdə tab qalmayıb, Sözünə ümid bağlamışam.
82Sözünün intizarından gözümün nuru sönür. Deyirəm: «Nə vaxt mənə təsəlli verəcəksən?»
83Tüstü içindəki tuluq kimi oldum, Amma qaydalarını unutmuram.
84Qulun daha nə qədər gözləsin? Məni təqib edənləri nə vaxt mühakimə edəcəksən?
85Qanununu pozan lovğa insanlar Mənim üçün quyu qazıblar.
86Sənin bütün əmrlərin etibarlıdır. Kömək et! Məni yalançı insanlar təqib edir.
87Az qaldı ki, yer üzündən məni yox etsinlər, Lakin qayda-qanunlarından çıxmamışam.
88Məhəbbətinə görə mənə həyat ver, Ağzından çıxan göstərişlərə bağlı qalım.
89Ya Rəbb, sözün əbədidir, Göylərdədir, dəyişməzdir.
90Sədaqətin nəsildən-nəslə çatır, Yer üzünü Sən qurmusan, möhkəm qalır.
91Hökmlərinə görə bu günədək hər şey qalır, Onlar Sənin xidmətində dayanırlar.
92Sənin qanunundan zövq almasaydım, Əzab çəkməkdən həlak olardım.
93Qayda-qanunlarını heç vaxt unutmaram, Çünki onlarla məni həyata qaytarmısan.
94Qurtar məni, mən Səninəm, Qayda-qanunlarını axtarmışam.
95Pislər məni öldürmək üçün pusqu qurarkən Mən Sənin göstərişlərinin üzərində düşünürəm.
96Görmüşəm ki, hər kamil şeyin qarşısına bir hədd qoyulur, Sənin əmrlərin isə sərhəd tanımır.
97Qanununu nə qədər sevirəm! Həmişə onun üzərində dərindən düşünürəm.
98Əmrlərin məni düşmənlərimdən daha müdrik edir, Çünki onlar həmişə mənimlədir.
99Bütün müəllimlərimdən daha aqil olmuşam, Çünki göstərişlərin üzərində dərindən düşünürəm.
100Ağsaqqallardan da artıq dərrakəliyəm, Çünki qayda-qanunlarına əməl edirəm.
101Ayağımı hər pis yoldan kənar qoydum ki, Sözlərinə bağlı qalım.
102Hökmlərindən dönməmişəm, Çünki məni Sən belə öyrətmisən.
103Vədlərin damağıma necə də ləzzət verir! Onlar dilimdə baldan şirindir.
104Qayda-qanunlarına görə dərrakəliyəm, Buna görə hər yanlış yola nifrət edirəm.
105Sözün addımıma çıraqdır, Yollarıma işıqdır.
106Ədalətli hökmlərinə bağlı qalmaq üçün and içmişəm, Yerinə yetirəcəyəm.
107Ya Rəbb, nə qədər əzab çəkmişəm! Öz sözünə görə həyatımı qoru.
108Ya Rəbb, sidq ürəkdən etdiyim həmdi qəbul et, Mənə Öz hökmlərini öyrət.
109Həyatım daim təhlükəyə düşdü, Amma qanununu unutmadım.
110Pislər mənə tələ quranda belə, Mən Sənin qayda-qanunlarını pozmadım.
111Əbədilik Sənin göstərişlərinə malikəm, Çünki onlar qəlbimə sevinc verir.
112Qəlbimi əbədilik, sonsuzadək Qaydalarına əməl etməyə meyl etdirmişəm.
113İkiüzlü insanlara nifrət edirəm, Qanununu isə sevirəm.
114Sən pənahgahım, sipərimsən, Sözünə ümid bağlamışam.
115Siz ey pislər, məndən uzaq olun! Qoy Allahımın əmrlərinə əməl edim.
116Kəlamınla mənə dayaq ol ki, yaşayım, Ümidim boşa çıxmasın, utanmayım.
117Özün mənə dayaq ol, qoy mən nicat tapım, Sənin qaydalarını həmişə nəzərimdə tutum.
118Qaydalarını atanları Özündən kənar edirsən, Çünki onların bütün fəndləri boşdur.
119Yer üzünün bütün pislərini tullantı hesab edirsən, Buna görə göstərişlərini sevirəm.
120Zəhmindən bədənim lərzəyə gəlir, Hökmlərindən çox qorxuram.
121Ədalətli, düz işlər görmüşəm, Məni zülmkarlara təslim etmə.
122Qulunun xeyri üçün zamin dur, Qoyma lovğa insanlar mənə zülm etsin.
123Xilasını, haqq sözünə əməl olunmasını gözləməkdən Gözümün nuru sönür.
124Quluna məhəbbət göstər, Qaydalarını mənə öyrət.
125Qulunam, mənə ağıl ver ki, Sənin göstərişlərini dərk edim.
126Ya Rəbb, insanlar qanununu pozdular, Vaxtı çatıb, onlar üçün bir tədbir gör.
127Qızıldan, saf qızıldan çox Sənin əmrlərini sevirəm.
128Bəli, bütün qayda-qanunlarına görə Mən düz yolla gedirəm, Bütün səhv yollarasa nifrət edirəm.
129Göstərişlərinin heyrətamizliyinə görə Onlara ürəkdən əməl edirəm.
130Kəlamının açıqlanması nur saçır, Hər nadanı ağıllandırır.
131Ağız açıb ah-zar edirəm, Çünki əmrlərinin həsrətini çəkirəm.
132Adını sevənlər üçün etdiyin adətə görə Mənə bax və lütf göstər.
133Kəlamınla addımlarımı möhkəmləndir, Qoy heç bir təqsirim mənə hakimlik etməsin.
134Məni insanların zülmündən qurtar, Qoy Sənin qayda-qanunlarına bağlı qalım.
135Üzün qulunun üstünə nur saçsın, Sən mənə qaydalarını öyrət.
136Gözlərimdən sellər kimi yaş axır, Çünki insanlar qanununa bağlı qalmırlar.
137Ya Rəbb, adilsən, Hökmlərin doğrudur.
138Buyurduğun göstərişlər ədalətlidir, Onlar tamamilə etibarlıdır.
139Qeyrətim məni yandırıb-yaxıb, Çünki düşmənlərim Sənin sözlərini unudub.
140Sənin kəlamın çox safdır, Bu qulun onu sevir.
141Kiçik sayılsam da, mənə xor baxsalar da, Qayda-qanunlarını unutmamışam.
142Salehliyin əbədi salehlikdir, Sənin qanunun həqiqətdir.
143Başıma sıxıntı və məşəqqət gəldi, Amma Sənin əmrlərin mənə zövq verdi.
144Sənin göstərişlərin həmişə ədalətlidir, Mənə ağıl ver ki, yaşayım.
145Ya Rəbb, cavab ver! Bütün qəlbimlə Səni səsləyirəm, Sənin qaydalarına əməl edəcəyəm.
146Səni səslədim, məni qurtar, Qoy göstərişlərinə bağlı qalım.
147Dan yeri sökülməzdən əvvəl qalxıb Səni imdada çağırıram, Çünki ümidimi Sənin sözlərinə bağlayıram.
148Gecə boyu gözümə yuxu getmir, Kəlamını dərindən düşünürəm.
149Məhəbbətinə görə mənim səsimi eşit, Ya Rəbb, hökmlərinə görə mənə həyat bəxş et.
150Şər ardınca qaçanlar mənə yaxınlaşdılar, Onlar Sənin qanunundan uzaqlaşdılar.
151Ya Rəbb, Sən mənə yaxınsan, Bütün əmrlərin həqiqətdir.
152Göstərişlərini lap əvvəldən öyrənirəm, Əbədi qalsın deyə öyüdlərini verdin.
153Çəkdiyim əzabı gör, məni qurtar, Çünki qanununu unutmamışam.
154Münaqişəmi həll edib Özün məni azad et, Mənə kəlamına görə həyat bəxş et.
155Pislər qurtuluşdan uzaqdır, Çünki onlar Sənin qaydalarını axtarmırlar.
156Ya Rəbb, mərhəmətin çoxdur, Hökmlərinə görə məni yaşat.
157Düşmənlərim, məni təqib edənlər çoxdur, Lakin Sənin göstərişlərindən dönmədim.
158Bu xainlərə ikrahla baxıram, Çünki Sənin vədinə bağlı qalmayıblar.
159Sənin qayda-qanunlarını gör nə qədər sevirəm, Ya Rəbb, məhəbbətinə görə mənə həyat ver.
160Sözlərinin mahiyyəti həqiqətdir, Bütün ədalətli hökmlərin əbədidir.
161Başçılar boş yerə məni təqib edir, Amma ürəyim Sənin sözlərindən qorxur.
162Çoxlu qənimət tapan bir insan kimi Sənin kəlamın məni sevindirir.
163Yalandan zəhləm gedir, iyrənirəm, Çünki qanununu sevirəm.
164Ədalətli hökmlərinə görə Hər gün yeddi dəfə Sənə həmd edirəm.
165Qanununu sevənlər böyük əmin-amanlıq tapırlar, Onlar heç nə ilə büdrəməzlər.
166Ya Rəbb, xilasına ümid bəsləmişəm, Əmrlərinə əməl etmişəm.
167Göstərişlərinə ürəkdən bağlanmışam, Onları çox sevirəm!
168Qayda-qanunlarına, göstərişlərinə bağlı qalıram, Çünki bütün yollarım Sənin hüzurundadır.
169Ya Rəbb, mənim fəryadım qoy Sənə çatsın, Mənə Öz sözünə görə ağıl ver.
170Qoy yalvarışım hüzuruna çatsın, Məni Öz kəlamınla azad et.

Read Zəbur 119Zəbur 119
Compare Zəbur 119:73-170Zəbur 119:73-170