Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşua - Yeşua 10

Yeşua 10:10-25

Help us?
Click on verse(s) to share them!
10Rəbb onları İsraillilərin qarşısında çaşbaş saldı, İsraillilər onları Giveonda böyük tələfata uğratdı və onları Bet-Xoron yoxuşunda təqib edərək Azeqaya və Maqqedaya qədər qırdılar.
11Emorlular İsraillilərin qarşısından qaçdıqları zaman Bet-Xoron enişində ikən Azeqaya qədər Rəbb onların üstünə göydən böyük daşlar yağdırdı və onlar öldülər. Daş kimi dolu ilə ölənlər İsrail övladlarının qılıncla öldürdüklərindən daha çox idi.
12Rəbb Emorluları İsrail övladlarına təslim etdiyi gün Yeşua Rəbbə yalvardı və İsraillilərin gözü qarşısında dedi: «Dayan, ey günəş, Giveon üzərində, Ey ay, Ayyalon dərəsində».
13İsrail xalqı düşmənlərindən qisas alana qədər günəş orada dayandı və ay yerində qaldı. Bu hadisə Yaşar kitabında yazılmışdı. Günəş göyün ortasında durdu və ləngiyib təxminən bütün günü batmadı.
14Rəbbin insan səsini eşitdiyi o gün kimi bir gün nə ondan əvvəl, nə də ondan sonra oldu, çünki Rəbb İsrail üçün vuruşdu.
15Sonra Yeşua və onunla birlikdə bütün İsraillilər Qilqaldakı ordugaha qayıtdı.
16Bu beş padşah qaçıb Maqqedada olan mağarada gizləndi.
17«Maqqedadakı mağarada gizlənən beş padşah tapıldı» deyə Yeşuaya xəbər verdilər.
18Yeşua dedi: «Mağaranın ağzına böyük daşlar yuvarladın və onlara nəzarət etmək üçün yanına adamlar qoyun.
19Ancaq siz dayanmayın, düşmənlərinizi təqib edin və arxadakıları da qırın. Onları şəhərlərinə girməyə qoymayın. Allahınız Rəbb onları sizə təslim edib».
20Yeşua və İsrail övladları düşməni çox ağır bir məğlubiyyətə uğradaraq tamamilə qırdı. Sağ qalanlar isə qalalı şəhərlərdə sığındı.
21Bütün xalq Maqqedadakı ordugaha, Yeşuanın yanına salamat qayıtdı və bundan sonra İsrail övladlarına qarşı heç kim bir söz deyə bilmədi.
22O vaxt Yeşua dedi: «Mağaranın ağzını açın, bu beş padşahı mağaradan mənim yanıma gətirin».
23Elə də etdilər, mağaradan bu beş padşahı – Yerusəlim padşahını, Xevron padşahını, Yarmut padşahını, Lakiş padşahını və Eqlon padşahını onun yanına gətirdilər.
24Bu padşahları Yeşuanın yanına gətirən zaman o bütün İsrail adamlarını çağırdı. Onunla gələn döyüşçülərin başçılarına dedi: «Yaxınlaşın, ayaqlarınızı bu padşahların boynuna qoyun». Onlar yaxınlaşdılar, ayaqlarını onların boynuna qoydular.
25Yeşua onlara dedi: «Qorxmayın və ruhdan düşməyin, qüvvətli və ürəkli olun, çünki Rəbb vuruşacağınız bütün düşmənlərinizin başına bunları gətirəcək».

Read Yeşua 10Yeşua 10
Compare Yeşua 10:10-25Yeşua 10:10-25