20Ata-anası dedi: «Bilirik ki, bu bizim oğlumuzdur və kor doğulub.
21Ancaq bilmirik ki, indi necə görür ya gözlərini kim açıb. Özündən soruşun. Həddi-büluğa çatıb, qoy özü barədə özü danışsın».
22Ata-anası Yəhudi başçılarından qorxduqları üçün bu sözləri söylədilər, çünki Yəhudi başçıları artıq qərara almışdılar ki, İsanın Məsih olduğunu iqrar edən hər kəs sinaqoqdan qovulsun.
23Buna görə də o adamın ata-anası «həddi-büluğa çatıb, özündən soruşun» dedi.
24Yəhudi başçıları əvvəllər kor olan adamı ikinci dəfə çağırıb ona dedilər: «Allahın izzəti naminə doğru söylə. Biz bu Adamın günahkar olduğunu bilirik».
25O da cavab verdi: «O Adamın günahkar olub-olmadığını bilmirəm. Bir şeyi bilirəm ki, əvvəl kor idim, amma indi görürəm».