Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yəhya - Yəhya 8

Yəhya 8:40-58

Help us?
Click on verse(s) to share them!
40Sizsə indi Məni – Allahdan eşitdiyi həqiqəti sizə söyləyən Adamı öldürməyə çalışırsınız. İbrahim belə etmədi.
41Siz öz atanızın əməllərini edirsiniz». Ona dedilər: «Biz zinadan doğulmamışıq, bizim bir Atamız var, O da Allahdır».
42İsa onlara dedi: «Əgər Allah sizin Atanız olsaydı, Məni sevərdiniz, çünki Mən Allahdan çıxıb gəlmişəm və indi buradayam. Mən Özümdən gəlmədim, lakin O Məni göndərdi.
43Söylədiyimi niyə anlamırsınız? Çünki Mənim sözümü dinləyə bilmirsiniz.
44Siz atanız iblisdənsiniz və atanızın arzularını yerinə yetirmək istəyirsiniz. O, başlanğıcdan qatil idi və həqiqətə sadiq qalmadı, çünki onda həqiqət yoxdur. Yalan söyləyəndə öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və yalanın atasıdır.
45Mənsə həqiqəti söylədiyim üçün siz Mənə inanmırsınız.
46Sizdən kim sübut edər ki, Mən bir günah etmişəm? Mən həqiqəti söyləyirəmsə, niyə Mənə inanmırsınız?
47Allahdan olan şəxs Allahın sözlərini dinləyər. Sizsə dinləmirsiniz, çünki Allahdan deyilsiniz».
48Yəhudilər cavabında Ona dedilər: «Sən Samariyalısan və Səndə cin var. Məgər doğru demirikmi?»
49İsa cavab verdi: «Məndə cin yoxdur, amma Atama hörmət edirəm, sizsə Məni hörmətdən salırsınız.
50Mən Özümə izzət axtarmıram, Mənə izzət axtaran və bu işi mühakimə edən Biri var.
51Doğrusunu, doğrusunu sizə deyirəm: kim Mənim sözümə riayət edərsə, heç vaxt ölüm görməyəcək».
52Yəhudilər Ona dedilər: «İndi bildik ki, Səndə cin var. İbrahim də öldü, peyğəmbərlər də. Amma Sən “kim Mənim sözümə riayət edərsə, heç vaxt ölməyəcək” deyirsən.
53Yoxsa Sən atamız İbrahimdən də üstünsən? O da öldü, peyğəmbərlər də. Axı Sən Özünü kim sayırsan?»
54İsa cavab verdi: «Əgər Mən Özümü izzətləndirirəmsə, Mənim izzətim heçdir, amma Məni izzətləndirən Atamdır. Siz Onun barəsində “Allahımızdır” deyirsiniz,
55lakin Onu tanımırsınız. Mənsə Onu tanıyıram. Əgər “Onu tanımıram” desəydim, sizin kimi yalançı olardım. Lakin Mən Onu tanıyıram və sözünə riayət edirəm.
56Atanız İbrahim Mənim günümü görəcəyi üçün şad oldu, görüb sevindi».
57Buna görə Yəhudilər Ona dedilər: «Sənin heç əlli yaşın yoxdur, İbrahimi necə görmüsən?»
58İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: İbrahim olmazdan qabaq Var Olan Mənəm».

Read Yəhya 8Yəhya 8
Compare Yəhya 8:40-58Yəhya 8:40-58