Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yəhya - Yəhya 8

Yəhya 8:1-52

Help us?
Click on verse(s) to share them!
1Lakin İsa Zeytun dağına getdi.
2Səhər tezdən yenə məbədə gəldi. Bütün xalq Onun yanına toplaşdı, O da oturub onlara təlim öyrətməyə başladı.
3İlahiyyatçılar və fariseylər zina üstündə tutulmuş bir qadını oraya gətirdilər. Onu ortaya çıxarıb
4İsaya dedilər: «Müəllim, bu qadın zina edərkən əməlində yaxalandı.
5Qanunda Musa bizə əmr edib ki, belələrini daşqalaq edək. Bəs Sən nə deyirsən?»
6Bunu İsanı sınamaq üçün deyirdilər, Onu ittiham etmək üçün bəhanə axtarırdılar. Amma İsa əyilib barmağı ilə yerə yazı yazmağa başladı.
7Ondan təkrar soruşduqları zaman dikəlib onlara dedi: «Sizdən kim günahsızdırsa, qadına birinci daş atsın».
8Sonra yenə əyilib yerə yazı yazdı.
9Bu sözləri eşidənlər başda ağsaqqallar olmaqla bir-bir oradan uzaqlaşdılar. İsanı tək qoydular, qadın da ortada idi.
10İsa dikəlib ona dedi: «Qadın, onlar hara getdilər? Bəs heç kim səni məhkum etmədi?»
11Qadın «heç kim, Ağa» dedi. Onda İsa dedi: «Mən də səni məhkum etmirəm, get, daha günah etmə».
12Sonra İsa yenə xalqa dedi: «Dünyanın nuru Mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq».
13Fariseylər Ona dedilər: «Sən Öz barəndə şəhadət edirsən, Sənin şəhadətin etibarlı deyil».
14İsa onlara cavab verdi: «Mən Öz barəmdə şəhadət etsəm də, şəhadətim etibarlıdır, çünki haradan gəlib hara gedəcəyimi bilirəm. Sizsə Mənim haradan gəlib hara gedəcəyimi bilmirsiniz.
15Siz bəşər qaydalarına görə mühakimə edirsiniz, Mənsə heç kəsi mühakimə etmirəm.
16Mən mühakimə etsəm də, verdiyim hökm doğrudur, çünki tək deyiləm, Məni göndərən Ata da Mənimlədir.
17Sizin Qanununuzda da yazılıb ki, iki nəfərin şəhadəti etibarlıdır.
18Mən Öz barəmdə şəhadət edirəm, Məni göndərən Ata da Mənim barəmdə şəhadət edir».
19Onda İsadan soruşdular: «Atan haradadır?» İsa cavab verdi: «Siz nə Məni, nə də Atamı tanıyırsınız. Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız».
20İsa bu sözləri məbəddə, nəzir qutuları olan yerdə təlim öyrədərkən söylədi. Heç kəs də Onu tutmadı, çünki vaxtı hələ gəlməmişdi.
21Sonra İsa yenə onlara dedi: «Mən çıxıb gedirəm, siz Məni axtaracaqsınız və öz günahınız içində öləcəksiniz. Siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz».
22Onda Yəhudilər dedilər: «Məgər O Özünü öldürəcək ki, “siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz” deyir?»
23İsa onlara dedi: «Siz aşağıdansınız, Mən yuxarıdanam, siz bu dünyadansınız, Mənsə bu dünyadan deyiləm.
24Buna görə də sizə “günahlarınız içində öləcəksiniz” dedim. Əgər inanmasanız ki, Mən Oyam, günahlarınız içində öləcəksiniz».
25Onda «Sən Kimsən?» deyə İsadan soruşdular. İsa onlara dedi: «Əvvəlcədən sizə nə söyləyirəmsə, Oyam.
26Sizin barənizdə söyləyəcəyim və mühakimə edəcəyim çox şeylər var. Lakin Məni göndərən haqdır və Mən Ondan eşitdiklərimi dünyaya söyləyirəm».
27İsanın onlara Ata barədə danışdığını anlamadılar.
28Onda İsa dedi: «Bəşər Oğlunu yuxarı qaldırdığınız vaxt biləcəksiniz ki, Mən Oyam və Özümdən bir şey etmirəm, ancaq Ata Mənə necə öyrədibsə, o cür danışıram.
29Məni Göndərən Mənimlədir. O Məni tək qoymadı, çünki Mən daim Onun xoşuna gələnləri edirəm».
30İsa bu sözləri söylədiyi zaman bir çox adam Ona iman etdi.
31O zaman İsa Ona inanmış Yəhudilərə dedi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim şagirdlərimsiniz.
32Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək».
33Yəhudilər İsaya cavab verdilər: «Biz İbrahimin nəslindənik, heç kəsə heç vaxt kölə olmamışıq. Bəs Sən niyə “azad olacaqsınız” deyirsən?»
34İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: günah edən hər kəs günahın köləsidir.
35Kölə evdə daim qalmaz, oğulsa daim qalar.
36Buna görə də əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız.
37İbrahimin nəslindən olduğunuzu bilirəm, ancaq bununla belə, Məni öldürməyə çalışırsınız. Çünki Mənim sözüm sizin ürəyinizdə yer tapmır.
38Mən Atanın yanında gördüklərimi söyləyirəm, sizsə öz atanızdan eşitdiklərinizi yerinə yetirirsiniz».
39Onlar İsanın cavabında «bizim atamız İbrahimdir» dedilər. İsa onlara dedi: «İbrahimin övladları olsaydınız, İbrahimin etdiyi əməlləri edərdiniz.
40Sizsə indi Məni – Allahdan eşitdiyi həqiqəti sizə söyləyən Adamı öldürməyə çalışırsınız. İbrahim belə etmədi.
41Siz öz atanızın əməllərini edirsiniz». Ona dedilər: «Biz zinadan doğulmamışıq, bizim bir Atamız var, O da Allahdır».
42İsa onlara dedi: «Əgər Allah sizin Atanız olsaydı, Məni sevərdiniz, çünki Mən Allahdan çıxıb gəlmişəm və indi buradayam. Mən Özümdən gəlmədim, lakin O Məni göndərdi.
43Söylədiyimi niyə anlamırsınız? Çünki Mənim sözümü dinləyə bilmirsiniz.
44Siz atanız iblisdənsiniz və atanızın arzularını yerinə yetirmək istəyirsiniz. O, başlanğıcdan qatil idi və həqiqətə sadiq qalmadı, çünki onda həqiqət yoxdur. Yalan söyləyəndə öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və yalanın atasıdır.
45Mənsə həqiqəti söylədiyim üçün siz Mənə inanmırsınız.
46Sizdən kim sübut edər ki, Mən bir günah etmişəm? Mən həqiqəti söyləyirəmsə, niyə Mənə inanmırsınız?
47Allahdan olan şəxs Allahın sözlərini dinləyər. Sizsə dinləmirsiniz, çünki Allahdan deyilsiniz».
48Yəhudilər cavabında Ona dedilər: «Sən Samariyalısan və Səndə cin var. Məgər doğru demirikmi?»
49İsa cavab verdi: «Məndə cin yoxdur, amma Atama hörmət edirəm, sizsə Məni hörmətdən salırsınız.
50Mən Özümə izzət axtarmıram, Mənə izzət axtaran və bu işi mühakimə edən Biri var.
51Doğrusunu, doğrusunu sizə deyirəm: kim Mənim sözümə riayət edərsə, heç vaxt ölüm görməyəcək».
52Yəhudilər Ona dedilər: «İndi bildik ki, Səndə cin var. İbrahim də öldü, peyğəmbərlər də. Amma Sən “kim Mənim sözümə riayət edərsə, heç vaxt ölməyəcək” deyirsən.

Read Yəhya 8Yəhya 8
Compare Yəhya 8:1-52Yəhya 8:1-52