Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yəhya - Yəhya 6

Yəhya 6:5-67

Help us?
Click on verse(s) to share them!
5İsa başını qaldıraraq böyük bir izdihamın yanına gəldiyini görüb Filipə dedi: «Haradan çörək alıb bu adamları yedirək?»
6Bu sözləri onu sınamaq məqsədi ilə söylədi, çünki Özü nə edəcəyini bilirdi.
7Filip Ona cavab verdi: «Bunlara iki yüz dinarlıq çörək də çatmaz ki, hərəsi bir tikə yemək yesin».
8Şagirdlərindən biri olan Şimon Peterin qardaşı Andrey Ona dedi:
9«Burada beş kiçik arpa çörəyi ilə iki balığı olan bir oğlan var, amma bu qədər adam üçün bunlar nədir ki?»
10İsa «xalqı yerə oturdun» dedi. Ora otla örtülmüşdü. Xalq da oturdu. Kişilərin sayı beş minə yaxın idi.
11O zaman İsa çörəkləri götürüb şükür edərək balıqlarla birgə, oturanlara – hər kəsə istədiyi qədər payladı.
12Onlar yeyib-doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan hissələri toplayın ki, heç bir şey zay olmasın».
13Bunları topladılar və beş arpa çörəyini yeyənlərin qabağından qalan hissələrdən on iki zənbil doldurdular.
14O zaman İsanın göstərdiyi əlaməti görən adamlar «Həqiqətən, dünyaya gəlməli olan peyğəmbər Budur!» deyirdi.
15İsa bildi ki, adamlar gəlib Onu padşah etmək üçün zorla aparmağa hazırlaşır, buna görə də təkbaşına dağa çəkildi.
16Axşam çatanda İsanın şagirdləri gölə enib
17bir qayığa mindilər. Onlar gölün o biri sahilində olan Kefernahuma gedirdilər. Qaranlıq düşmüşdü, amma İsa hələ onların yanına gəlməmişdi.
18Güclü külək əsdiyindən göl dalğalanırdı.
19Onlar beləcə avar çəkib iyirmi beş ya otuz stadi gedəndən sonra gördülər ki, İsa gölün üstü ilə yeriyir və qayığa yaxınlaşır. Qorxdular,
20amma İsa onlara «Mənəm, qorxmayın» dedi.
21Onda şagirdlər Onu məmnunluqla qayığa götürdülər. Sonra qayıq o andaca getdikləri sahilə çatdı.
22Ertəsi gün gölün o biri sahilində qalan xalq başa düşdü ki, orada yalnız bir qayıqolub, İsa Öz şagirdləri ilə həmin qayığa minməyib, şagirdləri Onsuz gedib.
23O arada Tiberiyadan digər qayıqlar Rəbb şükür edəndən sonra yemək yedikləri yerin yaxınlığına gəldilər.
24Beləcə xalq İsanın da, şagirdlərinin də orada olmadığını görüb qayıqlara minərək İsanı axtara-axtara Kefernahuma gəldi.
25İsanı gölün o biri sahilində görəndə «Rabbi, buraya nə vaxt gəldin?» deyə soruşdular.
26İsa onlara cavab olaraq dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: əlamətlər gördüyünüz üçün deyil, çörək yeyib doyduğunuz üçün Məni axtarırsınız.
27Keçib-gedən yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün, onu sizə Bəşər Oğlu verəcək. Çünki Ata Allah Ona Öz möhürünü vurub».
28Onlar İsadan soruşdular: «Allahın istədiyi işləri görmək üçün biz nə edək?»
29İsa onlara cavab verdi: «Allahın istədiyi iş budur: Onun göndərdiyi Şəxsə iman edin».
30Onlar İsaya dedilər: «Sən nə əlamət göstərərsən ki, görüb Sənə inanaq? Nə iş görəcəksən?
31Ata-babalarımız çöldə manna yedi; bu barədə yazılıb: “Onlara yemək üçün göydən çörək verdi”».
32Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizə göydən çörək verən Musa deyildi, göydən həqiqi çörəyi sizə verən Atamdır.
33Çünki Allahın çörəyi budur ki, göydən enir və dünyaya həyat verir».
34Ona dedilər: «Ağa, Sən daim bizə bu çörəyi ver».
35İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz.
36Lakin sizə dedim ki, Məni görürsünüz, amma iman etmirsiniz.
37Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram.
38Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm.
39Məni Göndərənin iradəsi budur ki, Mənə verdiyi şəxslərin heç birini həlak olmağa qoymayım, lakin son gündə onları dirildim.
40Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim».
41Bunun cavabında Yəhudilər İsanın «göydən enmiş çörək Mənəm» sözünə görə deyinib
42dedilər: «Bu, ata-anasını tanıdığımız, Yusifin Oğlu olan İsa deyilmi? İndi necə olur ki, “göydən enmişəm” deyir?»
43İsa onlara cavab verdi: «Öz-özünüzə deyinməyin.
44Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ bilməz. Yanıma gələni isə Mən son gündə dirildəcəyəm.
45Peyğəmbərlərin kitablarında yazılıb: “Onların hamısını Allah öyrədəcək”. Atadan eşidib öyrənən hər kəs Mənim yanıma gəlir.
46Əlbəttə, Allahdan gələn Şəxsdən savayı Atanı heç kəs görməyib, yalnız O, Atanı görüb.
47Doğrusunu, doğrusunu sizə deyirəm: iman edən əbədi həyata malikdir.
48Həyat çörəyi Mənəm.
49Ata-babalarınız çöldə manna yedilər və öldülər.
50Bu isə göydən enən elə bir çörəkdir ki, ondan yeyən şəxs heç vaxt ölməz.
51Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir».
52Bunun cavabında Yəhudilər «Bu Adam yemək üçün Öz ətini bizə necə verə bilər?» deyib bir-birləri ilə mübahisə etdilər.
53Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq.
54Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm.
55Çünki Mənim ətim həqiqi yemək, qanım da həqiqi içkidir.
56Mənim ətimdən yeyib qanımdan içən Məndə qalır, Mən də onda qalıram.
57Var olan Ata Məni göndərdiyi kimi, Mən də Atanın sayəsində yaşadığım kimi Məndən yeyən də Mənim sayəmdə yaşayacaq.
58Göydən enmiş çörək budur, ata-babalarınızın yediyi kimi deyil. Onlar öldülər, amma bu çörəyi yeyən əbədi yaşayacaq».
59İsa bu sözləri Kefernahumda, sinaqoqda təlim öyrədərkən söylədi.
60Şagirdlərindən bir çoxu bu sözləri eşidəndə dedi: «Bu söz qəlizdir. Bunu kim anlaya bilər?»
61Lakin İsa şagirdlərinin buna görə deyindiklərini duyaraq onlara dedi: «Bu söz sizi büdrədirmi?
62Yaxşı, bəs Bəşər Oğlunun əvvəllər olduğu yerə qalxdığını görsəniz, necə?
63Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər Ruh və həyat gətirir.
64Lakin sizin aranızda iman etməyənlər də var». Çünki İsa iman etməyənlərin və Ona xəyanət edəcək adamın kim olduğunu əvvəlcədən bilirdi.
65O dedi: «Buna görə də sizə söylədim ki, əgər Ata bir kəsə imkan verməsə, o Mənim yanıma gələ bilməz».
66Bunlardan sonra şagirdlərinin çoxu İsadan ayrılıb daha Onunla gəzmirdi.
67Onda İsa On İki şagirdə dedi: «Yoxsa siz də Məni tərk etmək istəyirsiniz?»

Read Yəhya 6Yəhya 6
Compare Yəhya 6:5-67Yəhya 6:5-67