Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Sefanya

Sefanya 2

Help us?
Click on verse(s) to share them!
1Ey utanmaz millət, toplaşın!
2Fərman çıxmadan, O gün saman çöpü tək uçmadan, Rəbbin qızğın qəzəbi başınıza gəlmədən, Rəbbin qəzəb günü sizə yetişmədən öncə toplaşın!
3Ey Rəbbin hökmünə əməl edən sizlər, Ölkədəki itaətkar insanlar, Rəbbə meyl salın! Salehliyə meyl salın! İtaətkarlığa meyl salın! Bəlkə siz Rəbbin qəzəb günündə qurtula bildiniz.
4Qəzzə bomboş qalacaq, Aşqelon xarabalığa dönəcək, Aşdod əhalisi günorta çağı qovulacaq, Eqron özülündən söküləcək!
5Dəniz sahilində yaşayanların – Keretlilərin vay halına! Ey Filiştlilərin torpağı Kənan, Rəbbin hökmü sizə qarşıdır, Rəbb hamınızı yox edəcək. Ölkədə heç bir sakin sağ qalmayacaq!
6Dəniz sahilindəki ölkəniz otlaqlara, Çoban daxmalarına və qoyun-keçi ağıllarına dönəcək!
7Bu ölkə Yəhuda nəslindən qalanların əlinə keçəcək, Sürülərini orada otaracaqlar, Axşam Aşqelondakı evlərində yatacaqlar, Çünki özlərinin Allahı Rəbb onları yada salaraq Yenə firavan edəcək.
8«Moavlıların rişxəndlərini, Ammonluların təhqirlərini eşitdim. Xalqıma rişxənd edib lovğalanaraq dedilər ki, Xalqımın sərhədlərini keçəcəklər.
9Buna görə də İsrailin Allahı, Ordular Rəbbi bəyan edir. Varlığıma and olsun ki, Moav mütləq Sodom kimi, Ammon Homorra kimi olacaq: Oraları alaqlar və duzlu çalalar basacaq, Əbədi viranəliyə dönəcək. Xalqımın qalanları oranı talan edəcək, Torpaqlarına millətimdən sağ qalanlar Sahib olacaq».
10Bu onların məğrurluğunun əvəzi olacaq, Çünki bu xalqlar Ordular Rəbbinin xalqına rişxənd edib lovğalandı.
11Rəbb onları dəhşətə salacaq, Yer üzünün bütün allahlarını yox edəcək. Uzaqlarda yaşayan bütün millətlər Olduqları yerlərdə Ona səcdə edəcək.
12«Ey Kuşlular, siz də Mənim qılıncımla öldürüləcəksiniz» Rəbb deyir.
13Rəbb əlini şimala doğru uzadıb Aşşuru yox edəcək, Ninevanı viranəliyə, Səhra kimi quruya çevirəcək,
14Ora sürülərin, hər cür heyvanın Yatdığı yer olacaq. Orada sütun başlarında, Bayquşlar, yapalaqlar yuva quracaq, Onlar pəncərələrdən ulayacaq, Qarğalar kandarlardan qarıldayacaq Evlərdə sidr tirləri görünəcək.
15Bu şəhər zövq-səfalı şəhər idi, Əmin-amanlıq içində yaşayırdı. Hey belə deyərdi: «Mən mənəm, məndən başqası yoxdur!» Necə də bu şəhər xarabalığa döndü, Vəhşi heyvanların yuvası oldu! Yanından keçən hər kəs vahimədən Kənara çəkilir.