Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar - Saylar 11

Saylar 11:3-27

Help us?
Click on verse(s) to share them!
3O yerin adı Tavera qoyuldu, çünki onların arasında Rəbbin odu yanırdı.
4Xalqın arasında olan alçaq yadellilərin iştahası ifrat dərəcədə artdı. İsrail övladları da yenə ağlayıb dedilər: «Kaş ki yeməyə ətimiz olaydı!
5Misirdə müftə yediyimiz balıqları, xiyarları, qarpızları, kəvərləri, soğanları və sarımsaqları yadımıza salırıq.
6Ancaq indi iştahamız küsüb, yeməyə mannadan başqa bir şey görmürük».
7Manna görünüşcə keşniş toxumu kimi idi, rəngi də mirvari rəngində idi.
8Camaat dolaşar və onu yığıb dəyirmanda üyüdər yaxud da həvəngdə döyərdilər. Qazanda qaynadaraq kökə düzəldərdilər. Onun dadı zeytun yağı ilə bişirilmiş yeməklərə oxşayırdı.
9Manna gecə düşərgə üzərinə düşən şehlə bərabər düşərdi.
10Musa xalqın, hər ailənin çadırının qarşısında ağlamaqlarını eşitdi və Rəbbin qəzəbi çox alovlandı. Musa da narazı idi.
11Ona görə Rəbbə dedi: «Sən nə üçün quluna əzab verdin? Sənin gözündə lütf tapmadığım üçün bu xalqın bütün yükünü mənim üzəriməmi qoyursan?
12Bütün bu xalqa mənmi hamilə olmuşam? Bunları mənmi doğmuşam? Məgər Sən istəyirsən ki, südəmər uşağı gəzdirən dayə kimi atalarına and içib söz verdiyin torpağa onları qucağımda mən aparım?
13Bütün bu xalqa yedirtmək üçün əti mən haradan tapım? Çünki onlar mənim qarşımda ağlayaraq “bizə ət ver, yeyək” deyirlər.
14Bu xalqı mən təkbaşına daşıya bilmərəm, çünki bu mənim üçün çox ağırdır.
15Əgər mənimlə bu cür davranacaqsansa, gözündə lütf tapdımsa, onda nə olar, məni öldür ki, belə əzabı görməyim».
16Rəbb Musaya dedi: «Mənə xalq arasında rəhbər və mötəbər saydığın İsrail ağsaqqallarından yetmiş nəfər topla. Onları Hüzur çadırına gətir və qoy səninlə dursunlar.
17Mən enərək orada səninlə danışacağam. Səndə olan Ruhdan götürüb onlara verəcəyəm ki, xalqın yükünü səninlə bərabər çəksinlər. Bununla da bu yükü təkbaşına daşımayacaqsan.
18Xalqa de ki, sabah üçün özlərini pak etsinlər, çünki ət yeyəcəklər. “Kaş ki ətimiz olaydı! Misirdə halımız yaxşı idi” deyərək bərkdən ağladınız. Bunu Rəbb eşitdi. Ona görə Rəbb sizə ət verəcək, yeyəcəksiniz.
19Nə bir gün, nə iki gün, nə beş gün, nə on gün, nə də iyirmi gün yeyəcəksiniz.
20Düz bir ay, burnunuzdan gələnə qədər, iyrənənə qədər yeyəcəksiniz; çünki aranızda olan Rəbbi rədd etdiniz və Onun qarşısında “nə üçün Misirdən çıxdıq?” deyərək ağladınız».
21Musa dedi: «Arasında olduğum bu xalqda altı yüz min piyada vardır və Sən deyirsən: “Mən onlara bir aylıq yemək üçün ət verəcəyəm”.
22Bütün qoyun-keçi və mal-qara kəsilərsə, onlar doyarmı? Dənizin bütün balıqları tutularsa, onlar doyarmı?»
23Rəbb Musaya dedi: «Məgər Rəbbin əli qısaldımı? İndi görəcəksən sənə dediklərim yerinə yetir ya yox».
24Musa çıxdı və Rəbbin sözünü xalqa çatdırdı. Xalqın ağsaqqallarından yetmiş nəfəri topladı və çadırın ətrafında dayandırdı.
25Rəbb buludda endi və Musa ilə danışdı. Ondakı Ruhdan götürüb yetmiş nəfər ağsaqqallara verdi; onların üzərinə Ruh çökən zaman peyğəmbərlik etdilər, amma sonra etmədilər.
26Düşərgədə iki adam qalmışdı, birinin adı Eldad və o birinin adı Medad idi. Onlar yazılan yetmiş nəfər arasında idilər, lakin çadıra getməmişdilər. Ruh onların da üzərinə çökdü və onlar düşərgədə peyğəmbərlik edirdilər.
27Bir gənc qaçaraq Musaya xəbər verib dedi: «Eldad və Medad düşərgədə peyğəmbərlik edirlər».

Read Saylar 11Saylar 11
Compare Saylar 11:3-27Saylar 11:3-27