1Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir.
2Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.
3Mənə verilən lütflə sizin hər birinizə deyirəm ki, lazım olduğundan artıq özünüz barədə yüksək fikirdə olmayın; lakin hər biriniz Allahın ona verdiyi imanın ölçüsünə görə ağıl-kamalla düşünün.
4Çünki bizim bir bədənimizdə çoxlu üzvlər olduğu halda onların hər birinin vəzifəsi heç də eyni deyil.
5Eləcə biz də çox olduğumuz halda Məsihdə bir bədənik və ayrı-ayrılıqda bir-birimizə bağlı üzvlərik.
6Allahın bizə bağışladığı lütfə görə müxtəlif ruhani ənamlarımız var. Bir kəsin ənamı peyğəmbərlikdirsə, imanının ölçüsünə görə peyğəmbərlik etsin;
7ənamı xidmətdirsə, xidmət etsin; müəllimlikdirsə, öyrətsin;
8nəsihət verəndirsə, nəsihət versin; pay verəndirsə, səxavətlə, rəhbərdirsə, səylə, mərhəmət göstərəndirsə, sevinə-sevinə öz işini görsün.
9Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın.
10Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın.
11Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin.
12Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin.
13Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin.
14Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin.
15Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın.