Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 6

Luka 6:3-47

Help us?
Click on verse(s) to share them!
3İsa onlara cavab verdi: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmı?
4O, Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini götürüb yedi, yanındakılara da verdi».
5Sonra İsa onlara dedi: «Bəşər Oğlu Şənbə gününün Sahibidir».
6Başqa bir Şənbə günü İsa yenə də sinaqoqa girib təlim öyrədirdi. Orada sağ əli qurumuş bir adam var idi.
7İlahiyyatçılar və fariseylər İsanı ittiham etməyə bəhanə tapmaq üçün Ona göz qoyurdular ki, görsünlər, Şənbə günü şəfa verəcək ya yox.
8Amma İsa onların nə düşündüklərini bilib əli qurumuş kişiyə dedi: «Ayağa qalx və qabağa çıx!» O adam da ayağa qalxıb ortaya çıxdı.
9Sonra İsa onlara dedi: «Sizdən soruşuram, hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas, yoxsa məhv etməyə?»
10İsa ətrafındakıların hamısına baxdı və o adama dedi: «Əlini uzat!» O da elə etdi və əli əvvəlki halına qayıtdı.
11Onlarsa qəzəbdən coşub İsaya nə edə biləcəkləri barədə bir-biri ilə müzakirə etməyə başladılar.
12O günlərdə İsa dua etmək üçün dağa çıxdı. O bütün gecəni Allaha dua etməklə keçirtdi.
13Gün açılanda şagirdlərini yanına çağırdı və onlardan on iki nəfəri seçib həvari adlandırdı:
14Peter adını verdiyi Şimon, onun qardaşı Andrey, Yaqub, Yəhya, Filip, Bartalmay,
15Matta, Tomas, Halfay oğlu Yaqub, Millətçi adlanan Şimon,
16Yaqub oğlu Yəhuda və sonralar xəyanətkar olan Yəhuda İskaryot.
17İsa onlarla birgə aşağı endi və düzəngahda dayandı. Orada çox sayda şagirdlərindən ibarət izdiham var idi. Bütün Yəhudeyadan, Yerusəlimdən, Sur və Sidon yaxınlığındakı sahil bölgələrindən çoxlu adam
18Onu dinləmək və öz xəstəliklərindən sağalmaq üçün gəlmişdi. Natəmiz ruhlardan əzab çəkənlər də şəfa tapdılar.
19Bütün izdiham İsaya toxunmağa çalışırdı. Çünki Ondan çıxan qüdrət hamını sağaldırdı.
20İsa Öz şagirdlərinə nəzər salıb dedi: «Nə bəxtiyarsınız, ey yoxsullar! Çünki Allahın Padşahlığı sizindir.
21Nə bəxtiyarsınız, ey indi aclıq çəkənlər! Çünki doyacaqsınız. Nə bəxtiyarsınız, ey indi ağlayanlar! Çünki güləcəksiniz.
22Bəşər Oğluna görə insanlar sizə nifrət edəndə, sizi cəmiyyətdən qovub təhqir edəndə, adınızı bədnam edəndə nə bəxtiyarsınız!
23O gün sevinin və sevincdən atılıb-düşün! Çünki göydə mükafatınız böyükdür. Axı onların ata-babaları da peyğəmbərlərlə belə davranıb.
24Amma vay halınıza, ey varlılar! Çünki artıq təsəllinizi almısınız.
25Vay halınıza, ey indi tox olan sizlər! Çünki aclıq çəkəcəksiniz. Vay halınıza, ey indi gülənlər! Çünki yas tutub ağlayacaqsınız.
26Bütün adamlar sizin barənizdə yaxşı şeylər danışanda vay halınıza! Axı onların ata-babaları da yalançı peyğəmbərlərlə belə davranıb.
27Amma sizə deyirəm, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin,
28sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin.
29Bir üzünə şillə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə.
30Səndən bir şey diləyən hər kəsə ver və sənin malını aparandan geri istəmə.
31İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin.
32Əgər sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər.
33Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da elə edirlər.
34Əgər geri almaq ümidi ilə insanlara borc verirsinizsə, hansı tərifə layiqsiniz? Günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar.
35Sizsə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara da xeyirxahdır.
36Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun.
37Mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Hökm çıxarmayın, sizə də hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz də bağışlanacaqsınız.
38Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək».
39İsa onlara yenə də bir məsəl çəkdi: «Kor koru apara bilərmi? İkisi də çuxura düşməzmi?
40Şagird müəllimindən üstün deyil, amma tam təlim alandan sonra hər şagird öz müəllimi kimi olacaq.
41Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən?
42Öz gözündəki tiri isə görmədən qardaşına necə deyə bilərsən: “Qardaşım! Qoy gözündəki çöpü çıxarım!” Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar.
43Yaxşı ağac pis bəhrə gətirməz, pis ağac da yaxşı bəhrə gətirməz.
44Çünki hər ağac öz bəhrəsindən tanınır. Qaratikandan əncir yığmazlar, tikan kolundan da üzüm dərməzlər.
45Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adamsa pislik xəzinəsindən pis şeylər çıxarır. Çünki ürək doluluğundan ağız danışar.
46Nə üçün Məni “ya Rəbb, ya Rəbb” deyə çağırırsınız, amma dediklərimə əməl etmirsiniz?
47Mənim yanıma gələn, sözlərimi eşidib onlara əməl edən hər adamın kimə bənzədiyini sizə izah edərəm:

Read Luka 6Luka 6
Compare Luka 6:3-47Luka 6:3-47