Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 24

Luka 24:9-37

Help us?
Click on verse(s) to share them!
9Qəbirdən qayıdan qadınlar bütün bunları On Bir şagirdə və başqa adamların hamısına xəbər verdilər.
10Həvarilərə bu xəbəri çatdıranlar Məcdəlli Məryəm, Yoxanna, Yaqubun anası Məryəm və onlarla birgə olan digər qadınlar idi.
11Amma bu sözlər həvarilərə mənasız göründü və qadınlara inanmadılar.
12Peter isə qalxıb qəbirə tərəf qaçdı. O əyilib yalnız kətan bezləri gördü və bu hadisəyə heyrət edərək öz evinə qayıtdı.
13Elə o gün onlardan ikisi Yerusəlimdən altmış stadi uzaqlığında yerləşən Xamma adlı kəndə gedirdi.
14Onlar olub-keçən bütün bu hadisələr barədə öz aralarında söhbət edirdi.
15Onlar söhbət edərək öz aralarında müzakirə edərkən İsa Özü yaxınlaşıb onlarla birlikdə yol getdi.
16Amma onların gözləri bağlanmışdı, buna görə də Onu tanımadılar.
17İsa onlardan soruşdu: «Siz yol gedə-gedə öz aranızda nə barədə danışırsınız?» Onlar qaşqabaqlı dayandılar.
18Onlardan Kleopa adlı bir nəfər İsaya cavab verdi: «Yerusəlimdə qalıb bu günlərdə orada baş vermiş hadisələrdən xəbəri olmayan bircə sənsənmi?»
19İsa onlara dedi: «Hansı hadisələrdən?» Onlar da Ona dedilər: «Nazaretli İsa barəsindəki hadisələrdən. O, Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli bir peyğəmbər idi.
20Bizim başçı kahin və rəhbərlərimiz Onu ölümə məhkum etmək üçün təslim edib çarmıxa çəkdirdilər.
21Biz də ümid edirdik ki, bu, İsrailin gələcək Satınalanıdır. Bundan əlavə, bu hadisələr artıq üç gündür ki, baş verib.
22Üstəlik bizim qadınlardan bəzisi də bizi mat qoydular: onlar səhər erkən qəbir üstünə gedib
23Onun cəsədini orada tapa bilməyiblər və gəlib dedilər ki, görüntüdə Onun diri olduğunu bəyan edən mələkləri görüblər.
24Bizimlə olan bəziləri qəbirə gedib oranın qadınların dediyi kimi olduğunu müəyyən etdilər, amma Onu görmədilər».
25Onda İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər!
26Məsih bu əzabları çəkib Öz izzətinə qovuşmalı deyildimi?»
27Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi.
28Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən kimi apardı.
29Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir». O da onlarla qalmaq üçün içəri girdi.
30İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi.
31Bu anda onların gözləri açıldı və onlar İsanı tanıdılar. Amma İsa onlar üçün görünməz oldu.
32Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?»
33Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar, On Bir şagirdi və onlarla birlikdə olanları bir yerdə toplaşmış gördülər.
34Bunlar deyirdi: «Rəbb, doğrudan da, dirilmiş və Şimona görünmüşdür».
35Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər.
36Onlar bu barədə danışarkən İsa Özü aralarında durub onlara «Sizə salam olsun!» dedi.
37Onlarsa çaşıb dəhşətə gələrək bir ruh gördüklərini zənn etdilər.

Read Luka 24Luka 24
Compare Luka 24:9-37Luka 24:9-37