Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 20

Luka 20:6-41

Help us?
Click on verse(s) to share them!
6Amma desək “insanlardan”, bütün xalq bizi daşqalaq edər. Çünki xalq Yəhyanın peyğəmbər olmasına əmindir».
7Axırda Ona cavab verdilər: «Biz bilmirik haradandır».
8İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm».
9İsa xalqa belə bir məsəl çəkməyə başladı: «Bir adam üzüm bağı saldı və bağı bağbanlara icarəyə verərək uzun müddətə başqa ölkəyə getdi.
10Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, onlar üzüm bağının məhsulundan bir qədərini ona versinlər. Lakin bağbanlar qulu döyərək əliboş geri qaytardılar.
11Bağ sahibi başqa bir qul göndərdi, amma onlar bunu da döyüb biabır etdilər və əliboş geri qaytardılar.
12O, üçüncüsünü də göndərdi, amma onlar onu da yaralayıb qovdular.
13Onda bağ sahibi dedi: “Mən nə edim? Qoy öz sevimli oğlumu göndərim, bəlkə ona hörmət edərlər”.
14Amma bağbanlar onu gördükdə öz aralarında danışıb dedilər: “Varis budur. Gəlin onu öldürək ki, miras bizə qalsın”.
15Beləcə onu bağdan kənara çıxarıb öldürdülər. Beləliklə, bağ sahibi onlara nə edəcək?
16Gəlib həmin bağbanları həlak edəcək və bağı başqalarına verəcək». Bunu eşidənlərsə dedilər: «Qoy belə olmasın».
17Amma İsa onların gözlərinin içinə baxıb dedi: «Bəs bu Yazının mənası nədir? “Bənnaların rədd etdiyi daş Guşədaşı olub”.
18Bu daşın üstünə yıxılan hər kəs parçalanacaq, daşsa kimin üzərinə düşərsə, onu əzəcək».
19İlahiyyatçılar və başçı kahinlər başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də həmin an Onu yaxalamaq üçün yol axtardılar, lakin xalqdan qorxdular.
20İsanı güdürdülər və yanına özlərini dürüst insan kimi göstərən bir neçə casus göndərdilər. Onu dediyi söz üstə tutub valinin hökm və səlahiyyətinə təslim etmək məqsədləri var idi.
21Onlar İsadan soruşdular: «Müəllim, biz bilirik ki, Sən düz danışırsan, təlim öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən, lakin Allahın yolunu həqiqətə görə öyrədirsən.
22Bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?»
23Amma İsa onların hiyləsini başa düşüb belə dedi:
24«Mənə bir dinar göstərin. Onun üstündəki təsvir və yazı kimindir?» Onlar cavab verdilər: «Qeysərin».
25İsa onlara dedi: «Onda qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin».
26İsanı xalq qarşısında söz üstə tuta bilmədilər və Onun cavabına heyrət edib susdular.
27Dirilmənin olmadığını iddia edən sadukeylərdən bəzisi İsanın yanına gəlib soruşdu:
28«Müəllim, Musa bizim üçün belə yazmışdı: “Əgər bir adamın evli qardaşı övladsız ölsə, o biri qardaş dul qalmış arvadı alıb ölən qardaşın nəslini davam etdirsin”.
29Yeddi qardaş var idi. Birincisi bir arvad aldı və övladsız öldü.
30İkincisi də,
31üçüncüsü də bu arvadla evləndi. Beləcə yeddisi də özündən sonra övlad qoymadan öldü.
32Hamısından sonra bu qadın da öldü.
33Ölülər diriləndə bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı».
34İsa onlara belə cavab verdi: «Bu dövrün insanları evlənir və ərə gedir.
35Amma gələcək dövrə yetişməyə və ölülər arasından dirilməyə layiq sayılanlarsa nə evlənəcək, nə də ərə gedəcək.
36Artıq ölə də bilməzlər, çünki mələklərə bənzəyirlər və dirilmə övladları olduqlarına görə onlar Allahın övladlarıdır.
37Amma ölülərin dirildiyini Musa da kolla bağlı əhvalatda Rəbbi “İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı” adlandıraraq göstərib.
38Allah ölülərin deyil, dirilərin Allahıdır. Çünki Onun yanında hamı diridir».
39İlahiyyatçılardan bəzisi buna cavab olaraq dedi: «Müəllim, Sən nə gözəl dedin».
40Daha İsadan bir şey soruşmağa cəsarət etmədilər.
41Amma İsa onlara dedi: «Niyə Məsih Davudun Oğludur deyirlər?

Read Luka 20Luka 20
Compare Luka 20:6-41Luka 20:6-41