Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 1

Luka 1:19-48

Help us?
Click on verse(s) to share them!
19Mələk ona cavab verdi: «Mən Allahın önündə dayanan Cəbrayılam və səninlə danışıb bu müjdəni sənə çatdırmaq üçün göndərilmişəm.
20Budur, vaxtında həyata keçəcək sözlərimə inanmadığına görə bu yerinə yetən günədək sən lal olub danışa bilməyəcəksən».
21Bu vaxt camaat Zəkəriyyəni gözləyirdi və onun məbəddə ləngiməsinə heyrət edirdi.
22O isə məbəddən çıxıb xalqla danışa bilmədi. Onlar da Zəkəriyyənin məbəddə görüntü gördüyünü başa düşdülər. Zəkəriyyə xalqa işarə edirdi və lal olaraq qaldı.
23Zəkəriyyə xidmət vaxtı qurtaranda evinə qayıtdı.
24Bu vaxtdan sonra arvadı Elizavet uşağa qaldı və beş ay evindən çıxmadı.
25O deyirdi: «Bunu mənim üçün Rəbb etdi. Bu vaxt O mənə nəzər salıb məni el arasında xəcalətdən qurtardı».
26Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə,
27Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi.
28Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir».
29Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı.
30Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun.
31Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy.
32O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək.
33O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq».
34Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm».
35Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq.
36Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir.
37Çünki Allah üçün mümkün olmayan şey yoxdur».
38Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi.
39O vaxt Məryəm tələsik qalxıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə yollandı.
40O, Zəkəriyyənin evinə girib Elizaveti salamladı.
41Elizavet Məryəmin salamını eşidəndə bətnindəki körpə tərpəndi. Elizavet də Müqəddəs Ruhla dolub
42uca səslə çığırdı: «Sən qadınlar arasında xeyir-dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır!
43Bu necə oldu ki, Rəbbimin anası yanıma gəlib?
44Bax sənin salamının səsi qulağıma çatanda bətnimdəki körpə sevinclə tərpəndi.
45Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!»
46Məryəm isə dedi:
47«Qəlbim Rəbbi ucaldır, Ruhum Xilaskarım Allaha görə şadlanır,
48Çünki O Öz qulunun yazıq halını gördü. Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq,

Read Luka 1Luka 1
Compare Luka 1:19-48Luka 1:19-48