Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Levililər - Levililər 26

Levililər 26:7-44

Help us?
Click on verse(s) to share them!
7Düşmənlərinizi qovacaqsınız, onlar döyüş zamanı qarşınızda həlak olacaqlar.
8Beşiniz yüz adamı, yüzünüz on min adamı qovacaq. Düşmənləriniz döyüş zamanı qarşınızda həlak olacaqlar.
9Mən üzümü sizə çevirəcəyəm, sizi artırıb çoxaldacağam, sizinlə olan Öz əhdimi yerinə yetirəcəyəm.
10Saxladığınız məhsul bütün il boyu sizə çatacaq. Yeni məhsula yer tapmaq üçün köhnəni boşaltmalı olacaqsınız.
11Üstəlik, Mən aranızda məskunlaşacağam və sizə nifrət etməyəcəyəm.
12Mən həm də aranızda yaşayıb sizin Allahınız olacağam, siz isə Mənim xalqım olacaqsınız.
13Sizi Misir torpağından çıxardan və onların köləliyindən azad edən, boyunduruğunuzu qırıb başınızı uca edən Allahınız Rəbb Mənəm.
14Amma əgər Mənə qulaq asıb bütün bu əmrlərimə əməl etməsəniz,
15əvəzində qaydalarıma xor baxıb hökmlərimi qəlbinizdən rədd etsəniz, Mənim bütün əmrlərimə əməl etməyib, əhdimi pozsanız,
16Mən sizə bunu edəcəyəm: göz çıxaran və qəlbi sıxan fəlakət, vərəm, qızdırma göndərəcəyəm. Toxumlarınızı hədər yerə əkəcəksiniz; düşmənləriniz onlardan əmələ gələn məhsulu yeyəcək.
17Üzümü sizdən döndərəcəyəm, düşmənlərinizin qarşısında məğlub olacaqsınız, yağılarınız üzərinizdə hökm sürəcək; sizi qovan olmasa da, qaçacaqsınız.
18Əgər buna baxmayaraq yenə də Mənə qulaq asmasanız, o vaxt günahlarınıza görə sizi yeddi qat artıq tənbeh edəcəyəm.
19Öyündüyünüz güclü təkəbbürünüzü qıracağam. Başınız üzərində olan göyləri dəmir və ayağınız altındakı yeri tunc kimi edəcəyəm ki,
20qüvvətiniz tükənsin; nə torpağınız məhsul, nə də ağaclarınız meyvə verəcək.
21Əgər Mənə qarşı çıxıb sözlərimə hələ də qulaq asmaq istəməsəniz, Mən sizə günahlarınıza görə yeddiqat artıq bəla göndərəcəyəm.
22Üstünüzə vəhşi heyvanlar göndərəcəyəm. Onlar övladlarınızı öldürüb, ev heyvanlarınızı parçalayacaq. Buna görə sayınız elə azalacaq ki, yollarınız viran qalacaq.
23Əgər bunlardan ibrət dərsi almayıb Mənə qarşı çıxmaqda davam etsəniz,
24Mən də sizə qarşı çıxacağam və günahlarınıza görə yenə də yeddiqat artıq cəzalandıracağam.
25Əhdi pozduğunuza görə qisas almaq üçün üstünüzə müharibə göndərəcəyəm. Siz şəhərlərinizdə sığınanda aranıza vəba salacağam ki, düşmənin əlinə düşəsiniz.
26Çörəyinizin kökünü kəsəcəyəm. On qadın bir təndirdə çörək bişirəcək və onu sizə çəki ilə paylayacaq, siz isə yeyib doymayacaqsınız.
27Əgər siz bundan sonra da Mənə qulaq asmasanız və Mənə qarşı çıxsanız,
28bu dəfə Mən də sizə qarşı qəzəblə çıxıb günahlarınıza görə yeddiqat artıq tənbeh edəcəyəm.
29Oğul və qızlarınızın ətini yeməyə məcbur olacaqsınız.
30Səcdəgahlarınızı məhv edib, buxur qurbangahlarınızı yox edəcəyəm, bütlərinizi devirəcəyəm və meyitlərinizi o bütlərin üstünə sərəcəyəm. Sizi rədd edəcəyəm;
31şəhərlərinizi xaraba qoyacağam, Müqəddəs məkanlarınızı viranəliyə döndərib xoş ətirlərinizi qəbul etməyəcəyəm.
32Mən ölkənizi elə viran qoyacağam ki, oranı işğal edən düşmənləriniz baxıb dəhşətə gəlsinlər.
33Sizi isə millətlər arasına səpələyəcəyəm və arxanızca qılıncla düşəcəyəm. Torpağınız viranəliyə, şəhərləriniz xarabalığa dönəcək.
34O zaman ölkə viran qalacaq, siz isə düşmən torpağında yaşayacaqsınız. Bütün bu vaxt ərzində ölkə dinclik illərini qeyd edəcək. Yalnız o vaxt ölkə dinclik illərini qeyd edərək şadlanacaq.
35Orada yaşadığınız dinclik illərində görmədiyi dincliyi ölkə viran qalan bütün müddət görəcək.
36Düşmən ölkələrində sizdən sağ qalanların ürəklərinə elə cəsarətsizlik salacağam ki, onlar hətta küləkdən tərpənən yarpağın xışıltısından qorxub qaçacaqlar. Onları qovan olmasa da, müharibədən qaçan kimi qaçıb yıxılacaqlar;
37büdrəyib bir-birinin üstünə yıxılacaqlar, amma onları qovan olmayacaq; düşmənləriniz qarşısında durmağa qüvvətiniz olmayacaq.
38Millətlər arasında həlak olacaqsınız, düşmən torpağı sizi udacaq.
39Sizdən sağ qalanlarsa düşmən ölkələrində həm öz günahlarının cəzasını, həm də atalarının günahlarının cəzasını çəkib çürüyəcəklər.
40Amma özlərinin və atalarının günahlarını, Mənə xainlik etdiklərini və Mənə qarşı çıxdıqlarını etiraf etsələr,
41– buna görə Mən də onlara qarşı çıxıb düşmən torpağına aparmışam – daş ürəkləri yumşalıb günahlarının əvəzini ödəsələr,
42o zaman Mən də Yaqubla, İshaqla və İbrahimlə bağladığım əhdimi və onlara vəd etdiyim ölkəni xatırlayacağam.
43Bu torpaq onlar tərəfindən tərk ediləcək, onlarsız boş qalıb Şənbə istirahəti edib şadlanacaq. Onlarsa öz cəzalarını çəkəcəklər, çünki Mənim hökmlərimi rədd edərək qaydalarıma nifrət etdilər.
44Bütün bunlara baxmayaraq, düşmən ölkəsində yaşadıqları zaman onlara xor baxıb rədd etməyəcəyəm. Beləcə Mən onları məhv edib bağladığım əhdimi pozmayacağam, çünki onların Allahı Rəbb Mənəm.

Read Levililər 26Levililər 26
Compare Levililər 26:7-44Levililər 26:7-44