Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Levililər - Levililər 25

Levililər 25:3-38

Help us?
Click on verse(s) to share them!
3Altı il tarlanı ək, üzümlüyün budaqlarını kəs və məhsulunu yığ.
4Yeddinci ildə isə torpaq Şənbə günü kimi dincə qoyulsun. Bu, Rəbbin dinclik ilidir. Bu il sən nə tarlanı ək, nə də üzümlüyünü buda,
5biçinindən düşən toxumdan bitən məhsulu biçmə və kəsilməmiş tənəklərdən salxımları yığma. Bu, torpaq üçün dinclik ili olsun.
6Bu dinclik ilində torpağın verdiyi hər məhsul sizin üçün qida olacaq; qulunuz, qarabaşınız, muzdlu işçiniz, aranızda yaşayan gəlmənin,
7ev heyvanının və ölkədəki vəhşi heyvanın qidası olacaq.
8Özün üçün yeddi dinclik ili – yeddi dəfə yeddi il say. Yeddi dinclik ilinin müddəti qırx doqquz ildir.
9Sonra yeddinci ayın onu – Kəffarə günü bütün ölkənizdə yüksək səslə şeypur çaldırmaqla
10əllinci ili təqdis edin və ölkənin bütün sakinləri üçün azadlıq elan edin. Bu il sizin üçün Azadlıq ili olsun; hamı öz mülkünə, öz ailəsinə qayıtsın.
11Qoy əllinci il sizin üçün Azadlıq ili olsun. O il heç nə əkməyin, düşən toxumdan bitən məhsulu biçməyin, budanmamış meynələrinizdən yığmayın,
12çünki bu Azadlıq ili sizin üçün müqəddəs olsun. Tarlalarınızın verdiyi məhsulu yeyin.
13Bu Azadlıq ilində hər kəs öz mülkünə qayıtsın.
14Kim torpaq sahəsini başqa adama satarsa, ondan alan soydaşına haqsızlıq etməsin.
15Alan şəxs Azadlıq ilindən neçə il keçməsinə görə qiymətləndirib alsın. Satan isə məhsul götürəcəyi illərə münasib olaraq satsın.
16İllərin sayı çoxdursa, qiyməti qaldır, azdırsa, onu endir, çünki o sənə satılan məhsulların miqdarıdır.
17Bir-birinizə qarşı haqsızlıq etməyin, amma Allahınızdan qorxun, çünki Allahınız Rəbb Mənəm.
18Mənim qaydalarıma əməl edin, hökmlərimə səylə riayət edin ki, ölkədə arxayın yaşayasınız.
19Torpaq da barını verəcək ki, siz doyunca yeyib orada sakit yaşayasınız.
20‹Məhsul əkib-biçmədiyimiz yeddinci ildə nə yeyək?› soruşanda bilin:
21altıncı il üstünüzə elə bərəkət göndərəcəyəm ki, torpaq üçillik məhsul verəcək.
22Səkkizinci il əkin və köhnə məhsuldan yeyin; doqquzuncu il təzə məhsul yetişənə qədər köhnəni yeyin.
23Torpaq əbədi olaraq satılmaz; çünki torpaq Mənimdir, siz isə yanımda qərib və gəlməsiniz.
24Bütün mülkünüzdən sahə satanda onu geri satınalma hüququnu saxlayın.
25Yanındakı soydaşın yoxsullaşıb mülkündən bir sahə satılmalıdırsa, onun yaxın qohumu o sahəni geri satın ala bilər.
26Geri satın alan qohumu yoxdursa, o soydaş sonra gücü çatıb geri satınalma məbləği tapsa,
27qoy satılan vaxtdan neçə illər keçdiyini hesablasın və qiymətin qalığını satdığı adama verib yenə öz mülkünə malik olsun.
28Əgər gücü çatıb bu məbləği tapmasa, sahəsi Azadlıq ilinə qədər onu geri satın alan adama məxsus qalsın. Azadlıq ilində isə qaytarılsın ki, satan adam yenə öz mülkünə malik olsun.
29Bir adam qalalı şəhərdə olan yaşayış evini satarsa, onu geri satınalma hüququ satdığı gündən bir il müddətinə qüvvədədir; satan adam evi geri satın ala bilər.
30Amma əgər bütöv il tamamlananacan o adam evi geri satın ala bilməsə, qalalı şəhərdəki ev onu alana məxsus həmişəlik nəsildən-nəslə qalsın. Bu, Azadlıq ilində qaytarılmaz.
31Ətraf qala divarı olmayan kəndlərdəki evlər isə torpaq sahələri kimi sayılsın; onları geri satınalma hüququ olsun və Azadlıq ilində qaytarılsın.
32Lakin Levililər özlərinə aid şəhərlərdə mülklərini satdıqları evləri daima geri satınalma hüququna malik olsunlar.
33Levililərdən birinin mülkü satdığı və geri satın almadığı şəhər evi Azadlıq ilində ona qaytarılsın. Çünki Levililərin şəhərlərindəki evlər onların İsrail övladları arasındakı irsdir.
34Onların şəhərlərinin ətraf otlaqları isə heç satılmamalıdır, çünki bunlar Levililərin ayrılmaz mülküdür.
35Yanındakı soydaşın yoxsullaşıb və özünü təmin edə bilmirsə, ona yardım et. Qoy o sənin yanında yadelli ya gəlmə kimi yaşasın.
36Ondan nə sələm, nə də mənfəət götür. Allahından qorx və qoy soydaşın sənin yanında yaşaya bilsin.
37Ona nə sələmlə pul ver, nə də mənfəətini güdmək üçün yemək ver.
38Kənan torpağını sizə vermək və Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran Allahınız Rəbb Mənəm.

Read Levililər 25Levililər 25
Compare Levililər 25:3-38Levililər 25:3-38