Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Levililər - Levililər 19

Levililər 19:1-32

Help us?
Click on verse(s) to share them!
1Rəbb Musaya dedi:
2«Bütün İsrail övladlarının icmasına bəyan edib de: “Müqəddəs olun, çünki Mən Allahınız Rəbb müqəddəsəm.
3Sizdən hər kəs atasına və anasına hörmət etsin və Mənim Şənbə günlərimə riayət etsin. Allahınız Rəbb Mənəm.
4Bütlərə tərəf dönməyin və özünüzə tökmə allahlar düzəltməyin. Allahınız Rəbb Mənəm.
5Rəbbə ünsiyyət qurbanları gətirəndə elə gətirin ki, qurbanınız qəbul edilsin.
6Qurbanınız kəsilən gün yaxud ertəsi gün yeyilsin, üçüncü günə qalan hissəsi yandırılsın.
7Əgər ondan üçüncü gün yeyilsə, o qurban qəbul olunmaz, iyrənc sayılar.
8O qurbanı yeyən adam Rəbbin müqəddəs yeməyini murdar etdiyinə görə cəzasını çəkər. Qoy o, xalqı arasından qovulsun.
9Torpağınızda məhsul biçəndə tarlanın qıraq-bucaqlarını biçməyin və biçindən düşən başaqları yığmayın.
10Üzüm bağında da tənəkləri büsbütün təmizləyib yerə düşən salxımları yığmayın. Qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm.
11Oğurlamayın, bir-birinizə yalan satıb aldatmayın.
12Allahınızın adını ləkələməmək üçün adıma yalandan and içməyin. Rəbb Mənəm.
13Qonşunu istismar etmə, onu soyma; muzdlu işçinin zəhmət haqqını axşamdan səhərəcən özündə saxlama.
14Kar adamı söymə və kor adamın qarşısına büdrədən heç bir şey qoyma. Allahından qorx. Rəbb Mənəm.
15Məhkəmədə haqsızlıq etməyin. Nə yoxsula üstünlük ver, nə də varlıya meyl sal, amma bir-birinizi ədalətlə mühakimə edin.
16Xalq arasında xəbərçilik etmə; qonşunun qanının tökülməsini istəmə. Rəbb Mənəm.
17Soydaşına qarşı ürəyində nifrət bəsləmə. Başqa adamı mütləq tənbeh et ki, sən də günahının cəzasını çəkməyəsən.
18Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb Mənəm.
19Mənim qaydalarıma riayət edin. Başqa növlərdən olan heyvanları cütləşdirməyin. Tarlanızda iki növ toxum əkməyin. Əyninizə iki növ sapdan toxunmuş paltar geyməyin.
20Bir kişi başqa kişinin nişanlı, hələ qiyməti ödənməmiş, azad olunmamış qarabaşı ilə yaxınlıq edərsə, ona cəza verilsin. Amma onlar öldürülməsinlər, çünki qarabaş azad deyil,
21o kişi isə Rəbbin önünə – Hüzur çadırının girişinə təqsir qurbanı kimi bir qoç gətirsin.
22Kahin o kişi üçün işlətdiyi günahını təqsir qurbanı olan qoçla Rəbbin önündə kəffarə etsin ki, bu günahı bağışlansın.
23Kənan torpağına girib yemək üçün hər hansı bir meyvə ağacını əksəniz, meyvəsi sizin üçün üç il haramdır, onu yeməyin.
24Dördüncü ildə onun bütün meyvəsi şükür təqdimi kimi Rəbb üçün müqəddəs sayılsın.
25Beşinci ildə isə o ağacın meyvəsini yeyə bilərsiniz. Bunu edin ki, məhsul xeyriniz üçün artsın. Allahınız Rəbb Mənəm.
26Heç bir əti qanlı-qanlı yeməyin. Baxıcılıq etməyin və gələcəyi deməyin.
27Gicgahlarınızı qırxmayın, saqqallarınızın kənarlarını kəsməyin.
28Ölülərə görə bədəninizə yara vurmayın, bədəninizə heç bir şəkil döydürməyin. Allahınız Rəbb Mənəm.
29Qoy heç kim qızını fahişəlik edib ləkələnməyə qoymasın. Qoy fahişəlik ölkəyə yayılmasın ki, ölkə əxlaqsızlıqla dolub daşmasın.
30Şənbə istirahət günlərimə riayət edin və Müqəddəs məkanıma ehtiramla yanaşın. Rəbb Mənəm.
31Cindarlara və ruh çağıranlara tərəf dönməyin, onlarla danışmayın, yoxsa murdarlanarsınız. Allahınız Rəbb Mənəm.
32Yaşlıların qarşısında ayağa durun, ağsaqqallara hörmət eləyin. Allahınızdan qorxun. Rəbb Mənəm.

Read Levililər 19Levililər 19
Compare Levililər 19:1-32Levililər 19:1-32