Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Levililər - Levililər 16

Levililər 16:12-34

Help us?
Click on verse(s) to share them!
12Rəbbin hüzurundan, qurbangahdan gətirilən közərmiş kömürlə dolmuş bir buxurdan götürüb, iki ovuc dolu narın əzilən xoş ətirli buxurla pərdənin iç tərəfinə keçsin.
13Rəbbin hüzurunda buxuru oda qoysun. Beləcə buxur tüstüsü bulud ilə Şəhadət sandığının üzərində olan kəffarə qapağını örtsün ki, özü ölməsin.
14Buğanın qanından götürüb barmağı ilə qapağın ön tərəfinə – qapağın qarşısına da yeddi dəfə çiləsin.
15Sonra xalq üçün günah qurbanı olan təkəni kəssin və onun qanını pərdənin iç tərəfinə gətirib qanını buğanın qanı kimi kəffarə qapağının ön tərəfinə və qarşısına çiləsin.
16Bununla Harun İsrail övladlarının murdarlığına, qanunsuzluğuna və bütün günahlarına görə Müqəddəs yer üçün kəffarə etsin; murdar xalqın arasında yerləşdiyinə görə Hüzur çadırı üçün belə etsin.
17Müqəddəs yerdə kəffarə etməyə girəndən çıxana qədər Hüzur çadırında da heç kim olmasın. Harun özü, ailəsi və bütün İsrail camaatı üçün kəffarə edib
18çıxsın, sonra Rəbbin önündə olan qurbangaha gedib onun üçün kəffarə etsin; buğanın və təkənin qanından götürüb qurbangahın buynuzlarının ətrafına çəksin.
19Harun qurbangahın üstünə barmağı ilə yeddi dəfə qan çiləsin. Beləcə onu İsrail övladlarının murdarlığından pak edib təqdis edin.
20Qoy Harun Müqəddəs yeri, Hüzur çadırını, qurbangahı kəffarə edib qurtarandan sonra sağ qalan təkəni gətirsin
21və iki əlini o təkənin başına qoyub İsraillilərin bütün qanunsuzluğundan və günahlarından ötrü qazandığı cəzanın hamısını onun üzərində etiraf etsin və təkənin başına ötürsün. Sonra bu iş üçün təyin olunan bir adamın vasitəsilə çöldə yola salınsın.
22Təkə onların bütün cəzasını öz üzərində ayaq dəyməmiş torpağa aparsın. O adam təkəni çöldə yola salsın.
23Harun Hüzur çadırına girsin və Müqəddəs yerə girən zaman geymiş olduğu kətan geyimi çıxarıb orada qoysun.
24Müqəddəs bir yerdə bədənini su ilə yusun və öz geyimini geysin. Oradan çıxıb öz yandırma qurbanını və xalqın yandırma qurbanını təqdim etsin.
25Günah qurbanının piyini də qurbangahda tüstülədib yandırsın.
26Azazel olan təkəni yola salan adam da geyimini və bədənini su ilə yusun, sonra düşərgəyə girsin.
27Müqəddəs yerdə kəffarə etmək üçün qanı oraya gətirilən günah qurbanı olan buğa ilə təkənin dəri, ət və bağırsaqları düşərgənin kənarına aparılıb yandırılsın.
28Onları yandıran adam geyimini, bədənini su ilə yusun, ondan sonra düşərgəyə girsin.
29Bu sizin üçün əbədi bir qayda olsun. Yeddinci ayın onuncu günündə özünüzü hər şeydən məhrum edib heç bir iş görməyin; həm yerliləriniz, həm də aranızda yaşayan yadellilər belə etsin.
30Çünki o gün sizin üçün kəffarə olunacaq ki, siz pak olasınız və Rəbbin hüzurunda bütün günahlarınızdan təmizlənəcəksiniz.
31O gün sizin üçün Şənbə gününə bənzər istirahət günüdür. Özünüzü hər şeydən məhrum edin. Bu, əbədi qayda olsun.
32Atasının yerinə kahinlik etmək üçün məsh edilmiş vəzifəli baş kahin belə kəffarə etsin: o, müqəddəs kətan geyimlərini geyib
33Ən Müqəddəs yer, Hüzur çadırı, qurbangah üçün kəffarə etsin; kahinlər və camaatın hər biri üçün də kəffarə etsin.
34İldə bir dəfə İsrail övladlarının bütün günahlarının kəffarə edilməsi üçün bu sizə əbədi qayda olsun». Rəbbin Musaya əmr etdiyi kimi oldu.

Read Levililər 16Levililər 16
Compare Levililər 16:12-34Levililər 16:12-34