Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Levililər - Levililər 13

Levililər 13:38-59

Help us?
Click on verse(s) to share them!
38Bir kişinin yaxud qadının dərisində ağ parlaq ləkələr olarsa,
39qoy kahin baxsın; dərisində donuq ağ ləkələr varsa, bu başlanan dəmrovdur. O adam pak sayılsın.
40Başının təpəsində saçı tökülmüş kişi dazdır. O pak sayılsın.
41Əgər alnından saçı tökülübsə, o adamın alnı açılmışdır və o pak sayılsın.
42Lakin daz və yaxud alnı açılmış adamın saçı tökülən yerdən qırmızımtıl-ağ ləkə çıxarsa, bu həmin yerdə başlanan cüzamdır.
43Kahin oraya baxsın, saçı tökülmüş yerdəki şiş qırmızımtıl-ağdırsa və cüzam kimi görünürsə,
44o kişi iyrənc xəstəliyə tutulduğu üçün murdar sayılsın. Başındakı əlamətə görə kahin mütləq onu murdar elan etsin.
45Belə iyrənc xəstəliyə tutulan adamın geyimləri cırıq, saçı isə dağınıq olmalıdır. O adam üzünün aşağı hissəsini örtüb “Murdaram! Murdaram!” deyə çığırsın.
46Dərisində əlamət olduğu bütün müddət o murdar sayılsın. Murdarlığına görə düşərgədən kənarda tək yaşasın.
47Üstündə iyrənc kif əlaməti olan hər cür parça: yun ya da kətan geyim
48yaxud hər cür toxunma parça yaxud dəri və hər dəri məmulatı haqqında təlimat budur.
49Ya geyimdə, dəridə ya da hər cür parçada, dəridən düzəlmiş hər bir əşyada əmələ gələn əlamət yaşıltəhər və ya qırmızımtıl olsa, bu, iyrənc kif əlamətidir. Qoy bu, kahinə göstərilsin.
50Kahin ona baxıb, əşyanı yeddi gün müddətinə təcrid etsin.
51Yeddinci gün yenə də ona baxıb görsə ki, geyimə, parçaya, dəriyə yaxud dəridən düzəlmiş məmulata əlamət yayılıb, bu əlamət təhlükəli iyrənc kifdir, murdar sayılsın.
52Üstündə əlamət olan yun ya da kətan geyimi yaxud parçanı yaxud dəridən olan əşyanı kahin yandırsın. Bu, iyrənc təhlükəli kifdir, yandırılsın.
53Amma əgər kahin baxıb görsə ki, geyimə, parçaya yaxud dəridən olan əşyaya əlamət yayılmayıb,
54kahin əmr versin ki, üstündə əlamət olan hər şey yuyulsun. Sonra onu yenə də yeddi gün müddətinə təcrid etsin.
55Əlamət yuyulduqdan sonra kahin yenə də o şeyə baxsın. Əlamət yayılmadığı halda görkəmini dəyişməyibsə, o şey murdar sayılsın. Əlamət istər ön, istərsə arxa tərəfindən olsun, onu yandırmalısınız.
56Lakin kahin baxıb görsə ki, əlamət yuyulduqdan sonra rəngi solub, qoy onu geyimdən, dəridən yaxud parçadan qopartsın.
57Əgər bundan sonra əlamət geyimdə, parçada yaxud dəri əşyada yenidən əmələ gələrsə, o əşyanın sahibi onu yandırsın.
58Yuyulduqdan sonra əlamət üstündən yox olan paltar, parça yaxud dəri əşya yenə də yuyulub pak sayılsın.
59Bu, yun və ya kətan geyimdə, hər toxunma parçada və dəridən olan hər əşyada əmələ gələn iyrənc kif əlamətinə əsasən onu pak ya murdar saymaq üçün təlimatdır».

Read Levililər 13Levililər 13
Compare Levililər 13:38-59Levililər 13:38-59