Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ikinci Padşahlar - Ikinci Padşahlar 1

Ikinci Padşahlar 1:1-15

Help us?
Click on verse(s) to share them!
1İsrail padşahı Axavın ölümündən sonra Moav İsrailə qarşı üsyan qaldırdı.
2Padşah Axazya Samariyada olan yuxarı otağındakı barmaqlığı olan pəncərədən yıxılıb yaralandı. O, qasidlərinə «Gedin, Eqron allahı Baal-Zevuvdan soruşun, bu yaram sağalacaqmı?» deyib onları göndərdi.
3Rəbbin mələyi Tişbeli İlyasa dedi: «Qalx Samariya padşahının qasidlərini qarşılamaq üçün çıx və onlara de: “İsraildə Allah yoxdur ki, Eqron allahı Baal-Zevuva müraciət etməyə gedirsiniz?”
4Buna görə də Rəbb belə deyir: “Üstündə uzandığın yataqdan qalxa bilməyəcəksən, çünki hökmən öləcəksən!”» İlyas getdi.
5Qasidlər padşahın yanına qayıtdılar. Padşah onlara dedi: «Niyə geri qayıtdınız?»
6Ona dedilər: «Bir adam bizi qarşılamağa çıxdı və bizə dedi: “Sizi göndərən padşahın yanına qayıdıb ona söyləyin ki, Rəbb belə deyir: ‹İsraildə Allah yoxdur ki, Eqron allahı Baal-Zevuva müraciət etmək üçün qasidlər göndərdin?› Buna görə də üstündə uzandığın yataqdan qalxa bilməyəcəksən, çünki hökmən öləcəksən!”»
7Padşah onlara dedi: «Sizi qarşılamağa çıxan və sizə bu sözləri söyləyən adam nə qiyafədə idi?»
8Ona dedilər: «Tüklü bir adam idi, belinə dəri qurşaq bağlamışdı». Padşah dedi: «O, Tişbeli İlyasdır».
9Padşah bir əllibaşı ilə əlli adamını İlyasın yanına göndərdi. Əllibaşı onun yanına qalxdı. İlyas təpənin başında oturmuşdu. Əllibaşı ona dedi: «Ey Allah adamı, padşah “aşağı düş” deyir».
10İlyas əllibaşıya cavab verib dedi: «Əgər mən Allah adamıyamsa, göydən od yağsın, səni və əlli adamını tələf etsin!» Onda göydən od yağdı, əllibaşı ilə əlli adamını tələf etdi.
11Padşah başqa bir əllibaşı ilə əlli adamını onun yanına göndərdi. Əllibaşı ona dedi: «Ey Allah adamı, padşah belə deyir: “Tez aşağı düş”».
12İlyas onlara cavab verib dedi: «Əgər mən Allah adamıyamsa, göydən od yağsın, səni və əlli adamını tələf etsin!» Onda göydən Allahın odu yağdı, əllibaşı ilə əlli adamını tələf etdi.
13Padşah yenə üçüncü bir əllibaşı ilə əlli adamını göndərdi. Üçüncü əllibaşı qalxıb gəldi, İlyasın qarşısında diz çökdü və ona yalvarıb dedi: «Ey Allah adamı, xahiş edirəm, mənim və bu əlli qulunun canına yazığın gəlsin.
14Göydən od yağıb əvvəl gələn iki əllibaşını və onların hərəsinin əlli adamını tələf etdi. İndi mənim canıma yazığın gəlsin».
15Rəbbin mələyi İlyasa dedi: «Onunla birgə aşağı düş, ondan qorxma». İlyas qalxıb aşağı düşdü və əllibaşı ilə birgə padşahın yanına gəldi.

Read Ikinci Padşahlar 1Ikinci Padşahlar 1
Compare Ikinci Padşahlar 1:1-15Ikinci Padşahlar 1:1-15