Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Hakimlər - Hakimlər 8

Hakimlər 8:1-28

Help us?
Click on verse(s) to share them!
1Efrayimlilər Gideona dedilər: «Bu nə işdir başımıza gətirdin? Midyanlılarla döyüşə gedəndə niyə bizi çağırmadın?» Bundan ötrü onunla kəskin mübahisə etdilər.
2Gideon onlara dedi: «Axı sizin gördüyünüz işlərin yanında indi gördüyüm bu iş nədir ki? Efrayimin üzüm başaqları Aviezerin üzüm bağının məhsullarından yaxşı deyilmi?
3Midyan başçıları olan, Orevi və Zeevi Allah sizə təslim etdi. Axı sizin gördüyünüz işlərin yanında mən nə edə bilmişəm?» Bunu deyəndən sonra Efrayimlilərin ona olan qəzəbi yatdı.
4Gideon İordan çayına çatdı, özü və yanındakı üç yüz nəfərlə bərabər çayı keçdilər. Onlar yorulmaqlarına baxmayaraq düşmənləri təqib etməkdə davam edirdilər.
5O gəlib Sukkot adamlarının yanına çataraq dedi: «Rica edirəm, arxamca gələn adamlara bir parça çörək verin, çünki taqətdən düşüblər. Mən isə Midyan padşahları Zevah və Salmunnanın ardınca qaçıram».
6Sukkot başçıları ona dedilər: «Zevah və Salmunnanın biləyi indi sənin əlindədir ki, sənin döyüşçülərinə çörək verək?»
7Gideon onlara dedi: «Elə buna görə sizə deyirəm ki, Rəbb Zevah və Salmunnanı mənə təslim edəndə çölün tikanları və kolları ilə ətinizi didəcəyəm».
8Oradan gəlib Penuelə çıxdı və oradakılardan da eyni şeyi istədi. Sukkot sakinləri necə ona cavab vermişdilərsə, Penuel sakinləri də ona elə cavab verdilər.
9Gideon Penuel sakinlərinə isə belə dedi: «Sağ-salamat geriyə qayıtdığım zaman bu qülləni dağıdacağam».
10Zevahla Salmunna və bütün şərq xalqlarının ordusundan sağ qalan təxminən on beş min nəfərlik bir ordu Qarqorda idi. Onların ordusundan yüz iyirmi min qılınc gəzdirən adam yerə sərilmişdi.
11Gideon Novah və Yoqbohanın şərqindən – köçərilərin yolundan keçərək laqeyd dayanan düşmən ordugahına hücum etdi.
12Zevah və Salmunna qaçdı. Gideon isə onları təqib etdi. O, Midyanın iki padşahı Zevahla Salmunnanı tutub bütün ordunu məğlub etdi.
13Yoaş oğlu Gideon Xeres keçidi ilə döyüşdən qayıtdı.
14Sukkot sakinlərindən bir cavanı tutub ondan söz aldı. O da ona Sukkot başçısı olan yetmiş yeddi ağsaqqalın adını yazıb verdi.
15Gideon Sukkot sakinlərinin yanına gəlib dedi: «“Zevah və Salmunnanın biləyi sənin əlindədir ki, sənin yorğun adamlarına çörək verək?” deyərək məni ələ salırdınız. Budur, bu da Zevah və Salmunna!»
16Sonra o, şəhər ağsaqqallarını topladı və Sukkot sakinlərini çöl tikanları və kollarla döyərək tənbeh etdi.
17Bundan sonra da gəlib Penuel qülləsini dağıtdı və şəhərin sakinlərini qırdı.
18Gideon Zevah ilə Salmunnaya dedi: «Tavorda öldürdüyünüz adamlar necə adamlar idi?» Onlar dedilər: «Hamısı sənin kimi padşah oğullarına oxşayırdı».
19Gideon dedi: «Onlar mənim qardaşlarım, anamın oğulları idi. Var olan Rəbb haqqı, əgər siz onları sağ buraxsaydınız, mən də sizi öldürməzdim».
20İlk oğlu Yeterə dedi: «Qalx onları öldür». Lakin oğlan qılıncını çəkmədi, çünki hələ cavan olduğuna görə qorxurdu.
21Zevah və Salmunna dedilər: «Dur, bizi sən vur, çünki kişi güclü olar». Gideon qalxıb Zevahla Salmunnanı öldürdü və sonra onların dəvələrinin boyunlarından asılan ayparalarını götürdü.
22İsraillilər Gideona dedilər: «Sən, oğlun və nəvən bizə hakimlik edin. Çünki bizi Midyanın əlindən sən qurtardın».
23Gideon onlara dedi: «Nə mən sizin üstünüzdə hakimlik edəcəyəm, nə də oğlum. Sizə hökmranlığı Rəbb edəcək».
24Sonra Gideon onlara dedi: «Ancaq sizdən bir ricam var ki, götürdüyünüz talan malından hər kəs mənə bir sırğa versin». Çünki düşmənlər İsmailli olduqları üçün qızıl sırğa taxırdılar.
25Onlar Gideona dedilər: «Bunu məmnuniyyətlə verərik». Onlar yerə bir paltar sərdilər və hamı talan malından götürdüyü sırğaları bu paltarın üstünə atdı.
26Ayparalardan, boyunbağılardan, Midyan padşahlarının əynindəki tünd qırmızı paltarlardan və dəvələrin boynundakı zəncirlərdən əlavə bu qızıl sırğaların çəkisi min yeddi yüz şekel gəlirdi.
27Gideon onlardan bir efod düzəltdi və onu öz şəhərində Ofrada qoydu. Bundan sonra bütün İsraillilər orada bu efoda səcdə etməklə Rəbbə xəyanət etdilər. Bu efod Gideon və onun külfəti üçün tələ oldu.
28Midyanlılar İsrail övladlarına tabe olub bir daha başlarını qaldıra bilmədilər. Gideonun dövründə ölkə qırx il rahat yaşadı.

Read Hakimlər 8Hakimlər 8
Compare Hakimlər 8:1-28Hakimlər 8:1-28