Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Hakimlər - Hakimlər 18

Hakimlər 18:7-19

Help us?
Click on verse(s) to share them!
7Bu beş igid gedib Layişə çatdı və gördü ki, orada yaşayan xalq qayğısızdır. Sidonlular kimi dinc və rahat yaşayırlar. Bu bölgədə onlara hökm edib əziyyət verən heç kim yox idi. Onlar Sidonlulardan uzaqda olub başqa heç kəslə əlaqələri yox idi.
8İgidlər Sora və Eştaol şəhərlərinə, öz xalqının yanına qayıdanda xalq onlara dedi: «Nə öyrənə bildiniz?»
9İgidlər onlara dedilər: «Qalxın, Sidonlulara hücum edək, çünki onların torpağını gördük, çox yaxşıdır. Niyə boş dayanmısınız? Tərəddüd etməyin, gedib torpağı alın!
10Oraya çatanda qayğısız bir xalq görəcəksiniz. Allahın sizə verdiyi bu torpaq çox genişdir. Ora elə torpaqdır ki, heç nəyə ehtiyacları yoxdur».
11Dan nəslindən altı yüz kişi silahlanaraq Sora və Eştaoldan yola düşdülər.
12Yəhudaya qalxıb Qiryat-Yearimdə gecələdilər. Buna görə də o yer bu günə qədər Maxane-Dan adlanır. O yer Qiryat-Yearimin qərbində yerləşir.
13Oradan Efrayimin dağlıq bölgəsinə keçdilər və Mikeyanın evinə gəldilər.
14Layiş diyarını axtarmaq üçün gedən beş nəfər kişi öz xalqına sual verdi: «Bu evlərdə efod, ev bütləri, həm də oyma və tökmə bütlərin olduğunu bilirsinizmi? Onda görün nə edirsiniz, bu barədə bir qərara gəlin».
15Onlar oraya burulub, o gənc Levilinin qaldığı Mikeyanın evinə gələrək onun hal-əhvalını xəbər aldılar.
16Dan övladlarından döyüş üçün silahlanmış altı yüz nəfər onun darvazasının girişində dayandı.
17Ölkəni axtarmağa gedən həmin o beş igid evə girib oyma bütü, efodla ev bütlərini və tökmə bütü götürdülər. Kahin və silahlanmış altı yüz nəfər isə darvazanın girişində dayanmışdı.
18Onlar Mikeyanın evinə girib oyma bütü, efodla ev bütlərini və tökmə bütü götürdükləri zaman kahin onlardan soruşdu: «Nə edirsiniz?»
19Onda dedilər: «Sus, əlinlə ağzını yum və dur bizimlə gedək, bizə ata və kahin ol. Sənin üçün bir adama kahin olmaq yaxşıdır, yoxsa bir İsrail qəbiləsinə, bir nəslə?»

Read Hakimlər 18Hakimlər 18
Compare Hakimlər 18:7-19Hakimlər 18:7-19