Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Hakimlər - Hakimlər 13

Hakimlər 13:5-22

Help us?
Click on verse(s) to share them!
5Ona görə ki sən hamilə olub bir oğul doğacaqsan və qoy onun başına ülgüc dəyməsin. Çünki uşaq ana bətnindən Allaha həsr olunmuş Nəziri olacaq. O, İsraili Filiştlilərin əlindən qurtarmağa başlayacaq».
6Qadın gedib ərinə belə dedi: «Mənim yanıma bir Allah adamı gəlmişdi. O, Allahın mələyi görkəmində çox zəhmli idi. Buna görə də onun haradan gəldiyini soruşmadım. Mənə adını da bildirmədi.
7Lakin dedi ki, sən hamilə olub bir oğul doğacaqsan. İndidən sən nə şərab, nə də başqa kefləndirici içki iç və dilinə heç bir haram şey dəyməsin, çünki uşaq ana bətnindən ölən gününə qədər Allahın Nəzirisi olacaq».
8Manoah Rəbbə yalvarıb dedi: «Ya Xudavənd, yalvarıram, göndərdiyin Allah adamı qoy yanımıza yenə gəlsin və doğulacaq uşaq barədə nə edəcəyimizi bizə öyrətsin».
9Allah Manoahın səsini eşitdi. Qadın çöldə oturanda Allahın mələyi yenə onun yanına gəldi. Lakin qadının əri Manoah yanında deyildi.
10Qadın cəld qaçıb ərinə xəbər verərək dedi: «Budur, ötən gün yanıma gələn o adam yenə mənə göründü».
11Manoah durub arvadının arxasınca getdi və o adamın yanına gəlib soruşdu: «Arvadımla söhbət edən adam sənsənmi?» O «mənəm» dedi.
12Manoah dedi: «Sənin sözlərin yerinə yetəndə uşağın həyat tərzi və işi nə olacaq?»
13Rəbbin mələyi Manoaha dedi: «Arvadın ona tapşırdığım şeylərdən özünü qorusun.
14Tənəkdən emal olunan şeylərdən heç nə yeməsin. Nə şərab, nə də başqa kefləndirici içki içsin və dilinə heç bir haram şey dəyməsin. Qoy ona əmr etdiyim hər şeydən özünü qorusun».
15Manoah Rəbbin mələyinə dedi: «Rica edirəm, bir ayaq saxla, sənin üçün bir oğlaq kəsib yemək hazırlayaq».
16Rəbbin mələyi Manoaha dedi: «Məni burada saxlasan belə, sənin çörəyindən yemərəm. Əgər yandırma qurbanı vermək istəyirsənsə, onu Rəbbə təqdim et». Amma Manoah bilmirdi ki, bu, Rəbbin mələyidir.
17O, Rəbbin mələyinə dedi: «Sənin adın nədir ki, sözlərin yerinə yetəndə səni şərəfləndirək?»
18Rəbbin mələyi ona dedi: «Niyə adımı soruşursan? Ecazkar adım var».
19Manoah oğlağı və taxıl təqdimini götürüb qaya üzərində Rəbbə təqdim etdi. Mələk də Manoah ilə arvadının gözü önündə qeyri-adi bir şey etdi.
20Qurbangahın üstündən alov göyə qalxanda Rəbbin mələyi də qurbangahın alovu ilə bərabər göyə qalxdı. Manoahla arvadı bunu görəndə ikisi də üzüstə yerə döşəndi.
21Rəbbin mələyi bundan sonra Manoahla arvadına bir daha görünmədi. Manoah o zaman bildi ki, bu, Rəbbin mələyidir.
22Manoah arvadına dedi: «Biz mütləq öləcəyik, çünki Allahı gördük».

Read Hakimlər 13Hakimlər 13
Compare Hakimlər 13:5-22Hakimlər 13:5-22