Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Həvarilərin Işləri - Həvarilərin Işləri 8

Həvarilərin Işləri 8:5-33

Help us?
Click on verse(s) to share them!
5Filip də Samariya şəhərinə gəlib Məsihi vəz edirdi.
6Filipi eşidib, göstərdiyi əlamətləri görən izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi.
7Natəmiz ruha tutulan çox adamdan bu ruhlar bərkdən çığıraraq çıxır, çox iflic və ayaqları şikəst olanlar şəfa tapırdı.
8Ona görə bu şəhərdə bol sevinc var idi.
9Amma bu şəhərdə bundan əvvəl cadugərlik edən və Samariya millətini mat qoyan Şimon adlı bir kişi var idi. O özünü böyük bir şəxsiyyət kimi təqdim edirdi.
10Böyüklü-kiçikli hər kəs ona diqqətlə qulaq asır və belə deyirdi: «Böyük adlanan Allahın qüdrəti budur».
11Onun cadugərliyi hamını çoxdan mat qoymuşdu. Buna görə də ona diqqətlə qulaq asırdılar.
12Amma Filip Allahın Padşahlığı və İsa Məsihin adı ilə bağlı Müjdəni yayanda sözlərinə iman gətirdilər və kişilər də, qadınlar da vəftiz oldular.
13Şimon özü də iman gətirdi. Vəftiz olduqdan sonra Filipin yanından ayrılmadı. Göstərilən əlamət və möcüzələr Şimonu mat qoydu.
14Yerusəlimdə qalan həvarilər Samariyalıların Allahın kəlamını qəbul etdiklərini eşidəndə Peterlə Yəhyanı onların yanına göndərdi.
15Peterlə Yəhya oraya çatanda dua etdilər ki, Samariyalı imanlılar Müqəddəs Ruhu alsınlar.
16Çünki Ruh hələ onların heç birinin üzərinə enməmişdi, sadəcə olaraq Rəbb İsanın adı ilə vəftiz olmuşdular.
17Sonra Peterlə Yəhya əllərini onların üstünə qoydular və onlar Müqəddəs Ruhu aldılar.
18Həvarilərin əl qoyması ilə Ruhun verildiyini görən Şimon onlara pul təklif edərək
19dedi: «Mənə də belə bir səlahiyyət verin. Əlimi kimin üstünə qoysam, Müqəddəs Ruhu alsın».
20Peter ona dedi: «Pulun da yox olsun, sən də! Ona görə ki sən Allahın ənamını pulla əldə edə bilmək xəyalına düşmüsən.
21Bu işdə sənin nə haqqın var, nə payın. Çünki Allahın qarşısında ürəyin düz deyil.
22Bu pisliyin üçün tövbə et, Rəbbə yalvar. Bəlkə ürəyinin bu niyyəti bağışlanar.
23Görürəm ki, səndə acı zəhər var və haqsızlığın əsirisən».
24Şimon ona cavab verdi: «Mənim üçün Rəbbə siz yalvarın ki, dediklərinizin heç biri mənim başıma gəlməsin».
25Peterlə Yəhya şəhadət edib Rəbbin kəlamını söyləyəndən sonra Samariyalıların yaşadığı xeyli kəndlərdə Müjdəni yaya-yaya Yerusəlimə qayıdırdılar.
26Bu zaman Rəbbin bir mələyi Filipə belə dedi: «Dur, cənuba tərəf, Yerusəlimdən Qəzzəyə düşən yola – səhra yoluna çıx».
27Filip qalxıb getdi. Yolda Həbəşli bir hərəmağası ilə rastlaşdı. Bu, kandakinin, yəni Həbəşlilərin mələkəsinin vəzirlərindən biri idi. O, mələkənin bütün xəzinəsinə cavabdeh idi. Yerusəlimə ibadət etmək üçün gəlmişdi.
28Arabasına oturub geri qayıdarkən Yeşaya peyğəmbərin kitabını oxuyurdu.
29Ruh Filipə dedi: «Get, bu arabaya çatıb yanında qal».
30Filip qaça-qaça arabanın yanına gəldi və eşitdi ki, hərəmağası Yeşaya peyğəmbərin kitabını oxuyur. Ondan soruşdu: «Görəsən oxuduğunu başa düşürsənmi?»
31Hərəmağası ona dedi: «Əgər mənə yol göstərən yoxdursa, bunu necə başa düşmək olar?» Sonra Filipdən xahiş etdi ki, arabaya minib onun yanında otursun.
32O, Müqəddəs Yazılardan bu hissəni oxuyurdu: «Kəsilməyə aparılan qoyun kimi, Qırxanların qabağında dilsiz quzu kimi Ağzını açmadı.
33Alçaldığı zaman ədalətdən məhrum oldu. Onun nəslini kim təsvir edə bilər? Onun həyatı yer üzündən götürülür».

Read Həvarilərin Işləri 8Həvarilərin Işləri 8
Compare Həvarilərin Işləri 8:5-33Həvarilərin Işləri 8:5-33