Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Həvarilərin Işləri - Həvarilərin Işləri 7

Həvarilərin Işləri 7:32-60

Help us?
Click on verse(s) to share them!
32“Mən ata-babalarının Allahı – İbrahimin, İshaqın və Yaqubun Allahıyam”. Musa qorxusundan lərzəyə gəlib baxmağa belə, cəsarət etmədi.
33Rəbb ona dedi: “Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır.
34Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, fəryadlarını eşitdim və onları qurtarmaq üçün endim. İndi get, Mən səni Misirə göndərirəm”.
35Bu, həmin Musadır ki, onu rədd edib demişdilər: “Səni bizim üstümüzə kim başçı və hakim qoyub?” Amma Allah Musanı bir kol arasında görünən mələyin əli ilə başçı və qurtarıcı olaraq göndərdi.
36O, xalqı Misirdən çıxaran, həm orada, həm Qırmızı dənizdə, həm də qırx il ərzində səhrada xariqə və əlamətlər yaradan insan idi.
37İsrail övladlarına “Allah məni yetirdiyi kimi sizin üçün öz soydaşlarınız içərisindən bir peyğəmbər yetirəcək” deyən bu Musadır.
38Bu, həmin adamdır ki, Sina dağında onunla danışan mələklə və ata-babalarımızla birgə səhradakı cəmiyyətdə olmuşdu. O, canlı sözlər almışdı ki, bizə versin.
39Ata-babalarımızsa Musanın sözünə baxmaq istəmədi, onu rədd etdi və Misirə qayıtmağı arzuladılar.
40Haruna dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızca getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!”
41O günlərdə dana şəklində bir büt düzəldib ona qurban gətirdilər və öz əlləri ilə düzəltdikləri bu büt üçün şənlik qurdular.
42Buna görə Allah ata-babalarımızdan üz döndərib onları tərk etdi ki, səma cisimlərinə ibadət etsinlər. Peyğəmbərlərin kitabında da belə yazılıb: “Ey İsrail nəsli, Qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi?
43Səcdə edəsiniz deyə düzəltdiyiniz Molekin çadırını, Tanrınız Refanın ulduz bütünü gəzdirdiniz. Elə buna görə də sizi Babilin o tayına sürgünə aparacağam”.
44Səhrada ata-babalarınızın Şəhadət çadırı var idi. Musa bunu onunla danışan Allahın əmr etdiyi kimi, gördüyü nümunəyə əsasən düzəltmişdi.
45Şəhadət çadırını əvvəlki nəsildən təhvil alan ata-babalarımız Yeşuanın başçılığı ilə başqa millətlərin mülkünü ələ keçirəndə çadırı da özləri ilə gətirmişdilər. Allah Özü millətləri ata-babalarımızın qarşısından qovdu. Şəhadət çadırı Davudun dövrünə qədər qaldı.
46Allahın lütfünü qazanan Davud yalvardı ki, Yaqubun nəsli üçün bir məskən qura bilsin.
47Lakin Allaha ev tikən Süleyman oldu.
48Amma Haqq-Taala əllə tikilən evlərdə yaşamaz. Peyğəmbərin dediyi kimi
49Rəbb belə deyir: “Göylər Mənim taxtımdır, Yer ayaqlarımın altındakı kətildir. Mənim üçün nə cür ev tikəcəksiniz, Dincələcəyim yer harada olacaq?
50Bütün bunları Mənim əlim yaratmadımı?”
51Ey dikbaş, həm ürəkləri, həm də qulaqları “sünnət” edilməmiş insanlar, ata-babanız kimi siz də həmişə Müqəddəs Ruhun əleyhinə çıxırsınız.
52Ata-babalarınızın təqib etmədiyi peyğəmbər varmı? Onlar Saleh Olanın zühuru barədə əvvəlcədən xəbər verənləri belə, öldürdülər. Sizsə bu Saleh Olana xəyanət edərək Onu qətlə yetirdiniz.
53Mələklər vasitəsilə verilən Qanunu aldınız, lakin ona riayət etmədiniz».
54Ali Şuranın üzvləri bu sözləri eşidəndə çox qəzəbləndilər və Stefana dişlərini qıcırtdılar.
55Müqəddəs Ruhla dolan Stefan isə gözlərini göyə dikib Allahın ehtişamını və Allahın sağında dayanan İsanı gördü.
56O dedi: «Baxın, mən göylərin yarıldığını və Bəşər Oğlunun Allahın sağında dayandığını görürəm».
57Onlar qulaqlarını tutub haray qopardılar və hamısı birlikdə Stefanın üstünə hücum çəkdilər.
58Onu şəhərdən kənara çıxarıb daşqalaq etdilər. Stefanın əleyhinə şahidlik edənlər öz üst geyimlərini Şaul adlı bir gəncin ayaqları altına qoydular.
59Stefan üstünə yağan daşlar altında belə yalvarırdı: «Ya Rəbb İsa, ruhumu qəbul et».
60Sonra diz çöküb ucadan nida etdi: «Ya Rəbb, bunu onlara günah sayma». Bunu deyəndən sonra gözlərini bu həyata yumdu.

Read Həvarilərin Işləri 7Həvarilərin Işləri 7
Compare Həvarilərin Işləri 7:32-60Həvarilərin Işləri 7:32-60