Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Həvarilərin Işləri - Həvarilərin Işləri 5

Həvarilərin Işləri 5:13-41

Help us?
Click on verse(s) to share them!
13Xalqın gözündə böyük nüfuz qazansalar da, kənardan heç kim onlara qoşulmağa cürət etmirdi.
14Buna baxmayaraq, get-gedə daha çox qadın və kişi Rəbbə iman gətirirdi.
15Buna görə də Peter yoldan keçəndə heç olmasa kölgəsi xəstələrin üstünə düşsün deyə xalq öz xəstələrini döşək və çarpayı ilə birlikdə çıxarıb küçələrə qoyardı.
16Yerusəlimin ətraf şəhərlərində yaşayanlar da axın-axın gələr, öz xəstələrini və natəmiz ruhdan əzab çəkənləri gətirərdi. Onların hamısı şəfa tapardı.
17Bu, baş kahini və yanındakıların hamısını, yəni sadukey təriqətinə mənsub olanları hərəkətə gətirdi, çünki qısqanclıqları aşıb-daşırdı.
18Ona görə də həvariləri tutub ümumi zindana atdılar.
19Amma Rəbbin mələyi gecənin bir vaxtında gəlib zindanın qapısını açdı, onları bayıra çıxarıb dedi:
20«Gedin, məbəddə durun və camaata yeni həyatla bağlı sözlərin hamısını deyin».
21Həvarilər bunu eşidəndə səhər tezdən məbədə daxil olub təlimlərini öyrətməyə başladılar. Baş kahin və yanındakılar gəlib Ali Şuranı – İsrailin bütün ağsaqqallar məclisini çağırdı ki, bir yerə yığılsınlar. Onlar həvariləri gətirtmək üçün mühafizəçiləri zindana göndərdilər.
22Lakin mühafizəçilər gəlib zindanda həvariləri tapa bilmədi və geri qayıdıb belə xəbər verdilər:
23«Gördük ki, zindan bağlıdır, tamamilə nəzarət altındadır və gözətçilər qapıda dayanıb. Amma qapıları açanda içəridə heç kimi tapa bilmədik».
24Bu sözləri eşidən məbəd mühafizəçilərinin başçısı ilə başçı kahinlər «Bu işin sonu necə qurtaracaq?» deyə çaşıb-qaldılar.
25Elə bu zaman kimsə onların yanına gəlib xəbər verdi: «Baxın, zindana saldığınız adamlar məbəddə dayanıb camaata təlim öyrədir».
26Bu vaxt başçı ilə mühafizəçilər gedib həvariləri gətirdilər. Xalqın onları daşqalaq etməsindən qorxduqları üçün güc tətbiq etmədilər.
27Onlar həvariləri Ali Şuranın qarşısına gətirdilər. Baş kahin onlardan soruşdu:
28«Bu adla təlim öyrətməyi sizə qəti qadağan etmədikmi? Amma siz təliminizi bütün Yerusəlimə yaydınız və o Adamın qanını bizim boynumuza yükləmək istəyirsiniz».
29Peter və başqa həvarilər belə cavab verdi: «İnsana deyil, Allaha itaət etmək daha vacibdir.
30Ata-babamızın Allahı sizin çarmıxa çəkib öldürdüyünüz İsanı diriltdi.
31İsrailə günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah Onu Bani və Xilaskar olaraq Öz sağ tərəfinə qaldırdı.
32Bu şeylər barədə biz şahidik, Allahın Özünə itaət edənlərə verdiyi Müqəddəs Ruh da şahiddir».
33Onlar bunu eşidəndə çox qəzəbləndi və həvariləri öldürmək istədilər.
34Lakin bütün xalqın hörmətini qazanmış Qanun müəllimi olan Qamliel adlı bir farisey Ali Şurada ayağa qalxdı və əmr etdi ki, bu adamları qısa müddətə bayıra çıxarsınlar.
35O, Ali Şuranın üzvlərinə belə dedi: «Ey İsraillilər, bu insanlara nə edəcəyiniz barədə yaxşı-yaxşı fikirləşin.
36Bir qədər bundan əvvəl Tevda özü barəsində yüksək iddiada olaraq ortaya çıxdı və ona təxminən dörd yüz nəfər qoşuldu. Lakin bu kişi öldürüldü, bütün tərəfdarları darmadağın edildi və bu hərəkat yatırıldı.
37Sonra siyahıyaalma zamanı Qalileyalı Yəhuda ortaya çıxdı və camaatı ardınca apardı. O da öldü və tərəfdarlarının hamısı darmadağın edildi.
38İndiki iş barəsində sizə onu deyirəm ki, bu adamlardan əl çəkin və azad buraxın. Əgər bu hərəkat, bu iş insandandırsa, məhv olub gedəcək.
39Yox, əgər Allahdandırsa, bu adamların işini məhv edə bilməzsiniz. Allaha qarşı çıxanların vəziyyətinə belə, düşə bilərsiniz». Onlar Qamlielin sözünə baxdılar,
40həvariləri içəri çağırıb qamçılatdılar və əmr etdilər ki, İsanın adını çəkərək heç nə danışmasınlar. Sonra onları azad etdilər.
41Həvarilər bu ad uğrunda təhqirə layiq görüldükləri üçün sevinərək Ali Şuranın önündən ayrıldılar.

Read Həvarilərin Işləri 5Həvarilərin Işləri 5
Compare Həvarilərin Işləri 5:13-41Həvarilərin Işləri 5:13-41