Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Həvarilərin Işləri - Həvarilərin Işləri 2

Həvarilərin Işləri 2:4-44

Help us?
Click on verse(s) to share them!
4Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar.
5Bu vaxt səma altında mövcud olan bütün millətlər arasından gələn mömin Yəhudilər Yerusəlimdə yaşayırdılar.
6Bu səs gələndə orada böyük izdiham toplandı. Hamı öz dilində danışıldığını eşidəndə çaş-baş qaldı.
7Mat qalaraq heyrət içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi?
8Bəs necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik?
9Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kappadokiyada, Pontda və Asiya vilayətində,
10Frigiyada, Pamfiliyada, Misirdə və Liviyanın Kirenaya yaxın bölgələrində yaşayanlar, Romada yaşayan
11Yəhudilər və Yəhudi dinini qəbul edənlər, Kritlilər, Ərəblər eşidirik ki, onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır».
12Hamı mat qalıb çaşqınlıq içində bir-birindən soruşurdu: «Bu nədir?»
13Bəziləri də rişxəndlə deyirdi: «Bunlar şirin şərabdan sərxoş olublar».
14Peter On Bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: «Ey Yəhudilər və Yerusəlimin bütün sakinləri, sizə bildirirəm, sözlərimə qulaq asın.
15Bu adamlar fikirləşdiyiniz kimi sərxoş deyil. Hələ günün üçüncü saatıdır.
16Bu gördükləriniz Yoel peyğəmbər vasitəsilə əvvəlcədən deyilən hadisədir.
17Allah dedi ki, axır zamanda “Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, Cavanlarınız görüntülər, Ağsaqqallarınızsa röyalar görəcək.
18O günlərdə qul və qarabaşların üzərinə də Ruhumdan tökəcəyəm, Onlar da peyğəmbərlik edəcək.
19Yuxarıda – göylərdə xariqələr, Aşağıda – yerdə əlamətlər göstərəcəyəm: Qan, alov və tüstü buxarları görünəcək.
20Rəbbin möhtəşəm və əzəmətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək.
21Rəbbin adını çağıran hər kəs xilas olacaq”.
22Ey İsraillilər, bu sözlərimə qulaq asın! Bildiyiniz kimi Allahın aranızda Nazaretli İsa vasitəsilə yaratdığı möcüzələr, xariqələr və əlamətlər aydın göstərdi ki, O, Allahdan gələn Şəxsdir.
23Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz.
24Allah isə ölüm əzablarını kəsərək Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilməzdi.
25Davud da Onun barəsində demişdi: “Rəbbə həmişə üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram.
26Elə bunun üçün qəlbim sevinir, dilim şad olur, Cismim belə, ümidlə yaşayır.
27Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını çürüməyə qoymazsan.
28Mənə həyat yolunu öyrədirsən, Hüzurunda mənə doyunca sevinc verirsən”.
29Qardaşlar, sizə cəsarətlə deməliyəm ki, doğrudan da, ulu babamız Davud ölüb və dəfn olunub. Onun qəbri bu günə qədər buradadır.
30Davud peyğəmbər idi və öz nəslindən bir Nəfəri onun taxtına çıxarmaq üçün Allahın and içərək Davuda vəd etdiyini bilirdi.
31Ona görə Məsihin dirilməsini əvvəlcədən görüb barəsində demişdi ki, Allah Onu ölülər diyarına atmaz, Cismini çürüməyə qoymaz.
32Allah bu İsanı ölümdən diriltdi və hamımız buna şahid olduq.
33Allah Onu ucaltdı və sağ əlində oturtdu. O, vəd edilən Müqəddəs Ruhu Atadan götürüb sizin görüb-eşitdiyiniz kimi üstümüzə tökdü.
34Davud özü göylərə qalxmadı, amma belə dedi: “Rəbb mənim Ağama dedi:
35‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur›”.
36Ona görə də qoy bütün İsrail xalqı möhkəm bilsin ki, Allah sizin çarmıxa çəkdiyiniz bu İsanı həm Rəbb, həm də Məsih təyin etmişdir».
37Bu sözlər ona qulaq asanların ürəyinə ox kimi sancıldı. Onlar həm Peterdən, həm də o biri həvarilərdən soruşdular: «Qardaşlar, bəs biz nə edək?»
38Peter onlara cavab verdi: «Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız.
39Çünki bu vəd siz, övladlarınız, uzaqdakıların hamısı – Allahımız Rəbbin çağırdığı hər kəs üçündür».
40Peter başqa çox söz deyib onlara xəbərdarlıq etdi və yalvardı: «Bu əyri nəsildən xilas olun».
41Onun sözünü qəbul edənlər vəftiz oldular. O gün üç min nəfərə yaxın insan imanlılara qoşuldu.
42Onlar da özlərini həvarilərin təliminə, hər şeydə şərik olmağa, birgə çörək bölməyə və duaya həsr etdilər.
43Bütün imanlıların ürəyinə qorxu düşdü. Həvarilər vasitəsilə çoxlu xariqələr və əlamətlər göstərilirdi.
44İman edənlərin hamısı bir yerdə idi, bütün əmlaklarından da birgə istifadə edirdi.

Read Həvarilərin Işləri 2Həvarilərin Işləri 2
Compare Həvarilərin Işləri 2:4-44Həvarilərin Işləri 2:4-44