Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Həvarilərin Işləri - Həvarilərin Işləri 28

Həvarilərin Işləri 28:6-28

Help us?
Click on verse(s) to share them!
6Camaat gözləyirdi ki, Paulun bədəni şişəcək yaxud birdən-birə yıxılıb öləcək. Amma çox gözlədilər, ona heç nə olmadığını görəndə fikirlərini dəyişib dedilər: «Bu bir allahdır».
7O yerin yaxınlığında malikanə var idi ki, ora adanın baş məmuru Publi adlı bir şəxsin idi. Bu adam bizi öz evində qəbul etdi və üç gün bizə mehribanlıqla qonaqpərvərlik göstərdi.
8O ərəfədə Publinin atası qızdırma və qanlı ishal üzündən xəstə yatırdı. Paul xəstənin yanına gəldi və dua edərək əllərini onun üzərinə qoyub sağaltdı.
9Bu hadisədən sonra adadakı qalan xəstələr də gəlib şəfa tapdılar.
10Bizə çoxlu bəxşiş verərək şərəfləndirdilər. Biz dənizə çıxanda isə bizə lazım olan şeyləri gəmiyə yüklədilər.
11Üç aydan sonra qışı adada keçirmiş, başında Əkiz Tanrılar heykəlini gəzdirən bir İsgəndəriyyə gəmisi ilə dənizdən yelkən açdıq.
12Sirakuza şəhərinə çatıb üç gün orada qaldıq.
13Oradan yolumuza davam edərək Regiuma gəldik. Ertəsi gün əsməyə başlayan cənub küləyinin köməyi ilə iki günə Puteoliyə çatdıq.
14Orada rastlaşdığımız imanlı bacı-qardaşlar bizdən xahiş etdilər ki, onların yanında bir həftə qalaq. Sonra Romaya çatdıq.
15Bizdən xəbər tutan Romadakı imanlı bacı-qardaşlar bizi qarşılamaq üçün Appi Bazarına və Üç Mehmanxanaya qədər gəldilər. Paul onları görəndə Allaha şükür edib ürəkləndi.
16Romaya gələndə Paula izin verildi ki, bir əsgərin nəzarəti altında tək yaşasın.
17Üç gün sonra Paul Yəhudilərin orada olan başçılarını toplantıya dəvət etdi. Onlar bir yerə yığılandan sonra Paul onlara belə dedi: «Soydaşlar, xalqımıza və ata-babalarımızın adət-ənənəsinə zidd heç nə etmədiyim halda Yerusəlimdə həbs edilib Romalılara təslim edildim.
18Onlar məni sorğu-suala çəkəndən sonra azad etmək istədilər. Çünki ölüm cəzasına layiq bir təqsirim yox idi.
19Amma Yəhudilər buna qarşı çıxanda məcbur olub qeysərin məhkəməsinə müraciət etmək istədim, lakin öz millətimi heç nədə ittihamlandırmaq istəmirdim.
20Bu səbəbdən sizi buraya görüşüb söhbət etmək üçün çağırmışam. Axı mən İsrailin ümidi uğrunda belə zəncirlənmişəm».
21Onlar Paula dedilər: «Yəhudeyadan sənin barəndə nə məktub almışıq, nə də buraya gələn soydaşlardan kimsə sənin barəndə bizə xəbər gətirərək pis bir söz deyib.
22Biz sənin fikirlərini sənin özündən eşitmək istəyirik. Çünki hər yerdə bu təriqətə qarşı çıxıldığını bilirik».
23Bir gün təyin edib, həmin gün daha böyük kütlə ilə Paulun qaldığı yerə gəldilər. Paul səhərdən axşamacan Allahın Padşahlığından şəhadət edərək onlara açıqlama verdi, həm Musanın Qanunundan, həm də Peyğəmbərlərin yazdıqlarından onları İsaya inandırmağa çalışdı.
24Bəziləri onun sözlərinə inandı, bəziləri isə inanmadı.
25Bir-birləri ilə razılığa gəlməyəndə Paulun bu son sözlərinə qulaq asıb ayrıldılar: «Müqəddəs Ruh Yeşaya peyğəmbərin vasitəsilə ata-babalarınıza bu gözəl sözü dedi:
26“Get bu xalqa bunu çatdır: ‹Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.
27Çünki bu xalqın ürəyi kütləşdi, Qulaqları ağır eşitdi, Gözlərini yumdular ki, Gözləri ilə görməsinlər, Qulaqları ilə eşitməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim›”.
28İndi bilin ki, Allahın verdiyi bu xilas başqa millətlərə göndərilib və onlar buna qulaq asacaqlar».

Read Həvarilərin Işləri 28Həvarilərin Işləri 28
Compare Həvarilərin Işləri 28:6-28Həvarilərin Işləri 28:6-28