Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Həvarilərin Işləri - Həvarilərin Işləri 23

Həvarilərin Işləri 23:7-35

Help us?
Click on verse(s) to share them!
7Paulun bu sözündən sonra fariseylərlə sadukeylər arasında çəkişmə başladı və toplantı iki hissəyə ayrıldı.
8Çünki sadukeylər iddia edirlər ki, ölümdən dirilmə, mələk və ruh yoxdur. Əksinə, fariseylər bunların hamısına inanırlar.
9Toplantıda böyük bir hay-küy yarandı. Farisey tərəfini tutan bəzi ilahiyyatçılar qalxıb dava yaradaraq belə deyirdilər: «Bu adamda heç bir günah görmürük. Nə olsun ki, onunla bir ruh və yaxud mələk danışıb».
10Çəkişmə o qədər qızışdı ki, minbaşı onların Paulu parçalayacağından qorxdu. O, əsgərlərə əmr etdi ki, aşağı enib Paulu zorla onların arasından çıxararaq qalaya aparsınlar.
11O gecə Rəbb Paulun yanında dayanıb dedi: «Cəsarətli ol, Yerusəlimdə Mənim haqqımda etdiyin şəhadəti Romada da etməyin lazımdır».
12Səhər açılanda Yəhudilər öz aralarında Paula sui-qəsd hazırlayaraq and içdilər: «Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!»
13Bu sui-qəsdə qoşulanların sayı qırxdan artıq idi.
14Bu adamlar başçı kahinlərlə ağsaqqalların yanına gəlib belə dedilər: «Biz qəti and içmişik: “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!”
15İndi siz Ali Şura ilə birgə guya Paulun işinə daha dəqiq baxmaq istəyərək minbaşıdan xahiş edin ki, onu yanınıza gətirsin. Paul buraya gəlməmiş biz onu öldürməyə hazır olacağıq».
16Lakin Paulun bacısı oğlu onların pusqu qurduqlarını eşidib qalaya girdi və Paula xəbər verdi.
17Paul yüzbaşılardan birini yanına çağırıb dedi: «Bu cavanı minbaşının yanına apar, ona çatdırılası bir xəbəri var».
18Yüzbaşı cavanı götürüb minbaşının yanına apardı və dedi: «Məhbus Paul məni çağırıb xahiş etdi ki, bu oğlanı sənin yanına aparım. Sənə bir sözü var».
19Minbaşı cavanın əlindən tutub bir tərəfə çəkdi və soruşdu: «Mənə nə demək istəyirsən?»
20Cavan dedi: «Yəhudilər belə razılığa gəlib ki, guya Paulun işinə daha dəqiq baxmaq istəyirlər, ona görə sabah səndən onun Ali Şuraya gətirilməsini xahiş edəcəklər.
21Amma sən onların sözünə qulaq asma, çünki qırx nəfərdən artıq kişi “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!” deyə and içib pusquda gözləyir. Onlar hazır dayanıb sənin razılığını gözləyirlər».
22Minbaşı ona belə tapşırdı: «Bunları mənə xəbər verdiyini heç kimə demə». Sonra oğlanı evə göndərdi.
23Minbaşı yüzbaşılardan ikisini yanına çağırıb belə dedi: «Gecənin üçüncü saatı Qeysəriyyəyə getmək üçün iki yüz piyada, yetmiş atlı və iki yüz nizəçi hazırlayın.
24Həmçinin minmək üçün heyvanlar gətirin və Paulu sağ-salamat vali Feliksə çatdırın».
25Sonra bu cür məktub yazdı:
26«Möhtərəm vali Feliksə Klavdi Lisiyadan salamlar!
27Bu kişini Yəhudilər tutub öldürmək istəyirdi. Mən biləndə ki bu adam Roma vətəndaşıdır, özümü yetirib əsgərlərlə onu xilas etdim.
28Onu nədə təqsirləndirmələrini bilmək üçün Yəhudilərin Ali Şurasının qarşısına çıxartdım.
29Öyrəndim ki, onu özlərinin Qanunu ilə bağlı məsələlərdə ittiham edirlər, amma ona ölüm yaxud həbsə layiq cəza vermək üçün heç bir əsas yoxdur.
30Mənə çatdırılanda ki bu kişiyə qarşı bir sui-qəsd qurulub, dərhal onu sənin yanına göndərdim. Onu ittiham edənlərin də şikayətlərini sənə bildirmələrini əmr etdim».
31Əsgərlər onlara verilən əmrə əməl edərək gecə ikən Paulu götürüb Antipatrisə apardılar.
32Ertəsi gün atlıları Paulla birlikdə yollarına davam etmək üçün ötürəndən sonra qalaya qayıtdılar.
33Atlılar Qeysəriyyəyə çatan kimi məktubu valiyə verəndə Paulu da ona təslim etdilər.
34Vali məktubu oxuyandan sonra Paulun hansı vilayətdən olduğunu soruşdu. Öyrənəndə ki Kilikiyadandır,
35belə dedi: «Səni ittiham edənlər gələndə sənin işinə baxacağam». Bundan sonra əmr verdi ki, Paulu Hirod sarayında nəzarət altında saxlasınlar.

Read Həvarilərin Işləri 23Həvarilərin Işləri 23
Compare Həvarilərin Işləri 23:7-35Həvarilərin Işləri 23:7-35