Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Həvarilərin Işləri - Həvarilərin Işləri 19

Həvarilərin Işləri 19:6-30

Help us?
Click on verse(s) to share them!
6Paul əllərini onların üzərinə qoyanda Müqəddəs Ruh onların üzərinə endi və onlar başqa dillərdə danışmağa və peyğəmbərlik etməyə başladılar.
7Onlar təxminən on iki kişi idi.
8Sinaqoqa daxil olan Paul cəsarətlə danışmağa başladı. Üç ay ərzində onlarla mübahisələr aparır və Allahın Padşahlığı barədə onları inandırırdı.
9Bəziləri inadkar olub inanmaq istəmir və xalqın qarşısında İsa yolunu pisləməyə başlayırdı. Buna görə Paul onlardan ayrılıb şagirdlərini də götürüb apardı. O, Tiranın mühazirə otağında hər gün mübahisələr edirdi.
10Bu vəziyyət iki il davam etdi. Nəhayət, istər Yəhudi, istərsə də Yunan – bütün Asiya vilayəti əhalisi Rəbbin kəlamını eşitdi.
11Allah Paul vasitəsilə fövqəladə möcüzələr yaradırdı.
12Belə ki Paulun bədəninə toxunan dəsmallar və belinə bağladığı önlüklər belə, götürülüb xəstələrin üstünə qoyulanda insanların xəstəlikləri yox olur, şər ruhlar çıxırdı.
13Bəzi ətrafı gəzib-dolaşan Yəhudi cindarlar da şər ruhlara əsir olanlara Rəbb İsanın adını çəkərək deyirdilər: «Paulun vəz etdiyi İsanın adı ilə sizə əmr edirəm!»
14Yəhudilərin Skeva adlı başçı kahinin yeddi oğlu bu işlə məşğul idi.
15Bir dəfə şər ruh onlara cavab verdi: «İsanı tanıyıram, Paul haqqında da hər şey bilirəm. Bəs siz kimsiniz?»
16Daxilində şər ruh olan adam onların üstünə hücum çəkdi, hamısını təpiyinin altına salaraq məğlub etdi. Belə ki onlar o evdən lüt-üryan və yaralı halda qaçdılar.
17Bu xəbər Efesdə yaşayan bütün Yəhudilərə və Yunanlara çatdı. Hamısını bir vahimə bürüdü və Rəbb İsanın adının nüfuzu böyüdü.
18İman edənlərin çoxu gəlib öz əməllərini açıq etiraf edirdi.
19Cadugərliklə məşğul olan bir dəstə insan da öz kitablarını yığıb hamının qarşısında yandırdı. Kitablarının qiyməti hesablananda məlum oldu ki, əlli min gümüş pula bərabər idi.
20Beləliklə, Rəbbin kəlamı qüdrətlə böyüyüb təsirini artırırdı.
21Bunlar baş verəndən sonra Paul qərara gəldi ki, Makedoniya və Axayyadan keçərək Yerusəlimə getsin. O dedi: «Oraya gedəndən sonra gərək Romanı da görəm».
22Xidmətçilərindən ikisini – Timoteylə Erastı Makedoniyaya göndərərək özü bir müddət Asiya vilayətində qaldı.
23O ərəfədə İsa yolu ilə bağlı böyük bir qarışıqlıq yarandı.
24Dimitri adlı bir zərgər gümüşdən ilahə Artemidanın ev səcdəgahlarını düzəldirdi və sənətkarlara çoxlu gəlir gətirirdi.
25O, sənətkarları və bu cür işlə məşğul olanları bir yerə toplayıb belə dedi: «Ay kişilər, bilirsiniz ki, gəlirimiz bu işdən asılıdır.
26Amma bu Paul deyir ki, əl işi olan allahlar həqiqi allahlar deyil. Yalnız Efesdə deyil, demək olar ki, bütün Asiya vilayətində nə qədər insanı tovlayıb azdırdığını görmüsünüz və eşitmisiniz.
27Onda böyük bir təhlükə ilə üzləşirik. Bu həm bizim sənətimizin nüfuzunu itirə bilər, həm də ulu ilahə Artemidanın məbədini gözdən sala bilər. Bununla da bütün Asiya vilayətinin və bütün dünyanın ibadət etdiyi Artemidanın ululuğu heçə çıxar».
28Oradakılar bunu eşidəndə bərk hiddətləndilər və qışqıra-qışqıra dedilər: «Efes ilahəsi Artemida uludur!»
29Şəhər bir-birinə qarışdı. Xalq Paulun yol yoldaşları olan Makedoniyalı Qayla Aristarxı tutub sürüyərək birlikdə teatra doluşdu.
30Paul istədi ki, xalqın arasına girsin, amma şagirdlər onu buraxmadılar.

Read Həvarilərin Işləri 19Həvarilərin Işləri 19
Compare Həvarilərin Işləri 19:6-30Həvarilərin Işləri 19:6-30