15Paulu yola salanlar onu Afinaya qədər ötürdülər. Sonra Paul onlara əmr verdi ki, geri qayıdıb Sila ilə Timoteyi təcili surətdə onun yanına göndərsinlər.
16Onları Afinada gözləyən Paul gördü ki, şəhər bütlərlə doludur. Bundan ötrü onun ürəyi çox narahat oldu.
17Buna görə sinaqoqda Yəhudilərlə və mömin Yunanlarla, hər gün bazar meydanında rastlaşdığı insanlarla mübahisə edirdi.
18Epikürçü və Stoist fəlsəfi cərəyanından olanların bəziləri onunla mübahisəyə girişdi. Kimisi deyir: «Bu boşboğaz nə demək istəyir?» Kimisi də deyir: «Deyəsən bu yad allahların təbliğatçısıdır». Çünki Paul İsa və dirilmə ilə bağlı Müjdəni yaymaqda idi.
19Onlar Paulu götürüb Areopaq məşvərətinə gətirdilər. Ondan soruşdular: «Sənin yaydığın bu yeni təlimin nə olduğunu bilmək olarmı?
20Çünki qulağımız öyrəşmədiyi şeyləri bizə eşitdirirsən. İndi bunların mənasını bilmək istəyirik».