Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Padşahlar - Birinci Padşahlar 8

Birinci Padşahlar 8:23-65

Help us?
Click on verse(s) to share them!
23«Ya Rəbb, İsrailin Allahı! Nə yuxarıda göydə, nə də aşağıda yerdə Sənin kimi Allah yoxdur. Sən bütün ürəkləri ilə yolunla gedən qullarına əhdini və lütfünü saxlayırsan.
24Sən qulun atam Davuda verdiyin vədə əməl etdin, Öz dilinlə söylədiyini bu gün Öz əlinlə yerinə yetirdin.
25Ya Rəbb, İsrailin Allahı, indi də qulun atam Davuda dediyin sözə əməl et, Özün söyləmişdin: “Sən yolumla getdiyin kimi oğulların da yolumla gedərək öz əməllərinə diqqət etsələr, İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq”.
26Ey İsrailin Allahı, indi qulun atam Davuda dediyin sözü təsdiq et!
27Lakin, doğrudan da, Allah yerdə yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim məbədə!
28Ancaq Sən bu qulunun duasına və yalvarışına nəzər sal, ya Rəbb Allahım. Bu gün qulunun Sənin önündə etdiyi fəryadı və duanı eşit.
29Qoy Sənin nəzərin gecə-gündüz bu məbədin üstündə olsun. Bu yer barədə Sən demisən: “Mənim adım orada olacaq”. Qulunun buraya üz tutub etdiyi duanı eşit.
30Bu yerə tərəf dua etdikləri vaxt Öz qulunun və xalqın İsrailin yalvarışlarını Sən eşit, göydə – Öz məskənində eşit və bağışla!
31Əgər bir adam öz yaxınına qarşı günah edərsə və ondan and içmək tələb olunarsa, o da gəlib bu məbəddə, Sənin qurbangahın önündə and içərsə,
32o vaxt Sən göydə eşit və belə et, qulların üzərində hökm et: əməlini öz başına döndərərək müqəssiri ittiham et və təqsirsizə salehliyinə görə bəraət ver.
33Əgər xalqın İsrail Sənə qarşı günah etdiyi üçün düşmən önündə məğlub olsa, onlar təkrar Sənə tərəf dönüb adını dillərinə gətirsələr və bu məbəddə Sənə yalvarıb fəryad etsələr,
34o vaxt Sən göydə eşit və xalqın İsrailin günahını bağışla, onları yenə atalarına verdiyin torpağa qaytar.
35Əgər xalqın Sənin önündə günah etdiyi üçün göy bağlanıb yağış yağmayan vaxt bu yerə tərəf dua edərək adını dillərinə gətirsələr və Sən onlara bəla göndərdiyin vaxt öz günahlarından dönsələr,
36o vaxt Sən göydə eşit, qullarının və xalqın İsrailin günahını bağışla və gedəcəkləri doğru yolu onlara göstər. Xalqına irs kimi verdiyin torpağına da yağış göndər.
37Əgər ölkədə aclıq, vəba olarsa, səmum küləyi ya kif, çəyirtkə ya bitki qurdu olarsa, əgər düşmən onları ölkənin hər hansı bir şəhərində mühasirəyə alarsa – hansı bəla, hansı xəstəlik olursa-olsun –
38kimsə tərəfindən yaxud da bütün xalqın İsrail tərəfindən bir dua və yalvarış olarsa, hər kəs öz ürəyinin dərdini bilib bu məbədə tərəf əllərini açarsa,
39o vaxt Sən göydə – Öz məskənində eşit, bağışla və bir əlac et. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver, çünki hər insanın ürəyini yalnız Sən bilirsən.
40Ta ki onlar atalarımıza verdiyin torpaqda yaşadıqları bütün günlər boyu Səndən qorxsunlar.
41Əgər xalqın İsraildən olmayan yadelli də Sənin adın naminə uzaq ölkədən gəlsə,
42Sənin böyük adın, qüdrətli əlin və uzanan qolun barədə eşidib bu məbədə tərəf dua etsə,
43o vaxt Sən göydə – Öz məskənində eşit və yadellinin Sənə fəryad etdiyi hər şeyi elə ki, yer üzünün bütün xalqları da Sənin adını tanısınlar, xalqın İsrail kimi Səndən qorxsunlar və tikdiyim bu məbədin Sənin adınla çağırıldığını bilsinlər.
44Əgər xalqın göndərdiyin yolla düşməninə qarşı müharibəyə çıxsa və Sənin seçdiyin şəhərə tərəf, Sənin adına tikdiyim məbədə doğru üz çevirib Rəbbə dua etsə,
45Sən göydə onların dua və yalvarışlarını eşit, onların tərəfində ol.
46Əgər onlar önündə günah etsələr – çünki günah etməyən insan yoxdur – Sən qəzəblənib onları düşmənə təslim etsən və düşmən onları əsir edib yaxın ya uzaq torpağına aparsa,
47onlar əsirlikdə olduqları ölkədə ürəklərini döndərib tövbə etsələr və Sənə dua edərək “biz günah və haqsızlıq etdik, pislik etdik” desələr,
48onları əsir edən düşmənlərin ölkəsində bütün ürəkləri və canları ilə Sənə tərəf dönsələr, atalarına verdiyin torpağa, seçdiyin şəhərə və adına tikdiyim məbədə tərəf üz tutub Sənə dua etsələr,
49o vaxt Sən göydə – Öz məskənində onların dua və yalvarışlarını eşit, onların tərəfində ol.
50Sənin önündə günah edən xalqını və onun Sənə qarşı etdiyi bütün üsyankarlıqları bağışla və onları əsir alanlara insaf ver ki, onlara qarşı rəhmli olsunlar.
51Çünki onlar Sənin xalqın, Sənin irsindir, Sən onları Misirdən, dəmir kürənin içindən çıxartmısan.
52Bu qulunun və xalqın İsrailin yalvarışına nəzər yetir ki, onların Sənə fəryad etdikləri hər sözü eşidəsən.
53Çünki, ya Xudavənd Rəbb, Sən irsin olmaq üçün onları yer üzünün bütün xalqlarından ayırdın. Bunu atalarımızı Misirdən çıxartdığın vaxt qulun Musa vasitəsilə söyləmişdin».
54Süleyman bütün bu dua və yalvarışlarını Rəbbə söyləyib qurtarandan sonra Rəbbin qurbangahı önündən, əlləri göyə açıq halda diz çökdüyü yerdən qalxdı.
55O ayağa durdu və bütün İsrail camaatına uca səslə xeyir-dua verib dedi:
56«Rəbbə alqış olsun ki, vəd etdiyi kimi xalqı İsrailə dinclik verdi! Öz qulu Musanın vasitəsilə verdiyi yaxşı vədlərindən heç biri hədər getmədi.
57Qoy Allahımız Rəbb atalarımıza yar olduğu kimi bizə də yar olsun, qoy bizi buraxmasın və tərk etməsin.
58Bizim ürəklərimizi Özünə tərəf yönəltsin ki, Onun yolları ilə gedək və Onun atalarımıza buyurduğu əmrlərinə, qanunlarına və hökmlərinə əməl edək.
59Qoy Rəbbin önündə bu yalvarış sözlərim gecə-gündüz Rəbb Allahımızın xatirində olsun, Öz qulunun və xalqı İsrailin yaxşılığı üçün günbəgün çalışsın.
60Ta ki yer üzünün bütün xalqları bilsin: yalnız Rəbb Allahdır, Ondan başqası yoxdur.
61Qoy sizin ürəyiniz bütünlüklə Allahımız Rəbbə sadiq olsun ki, bu gün olduğu kimi Onun qanunları ilə gedəsiniz və Onun əmrlərinə əməl edəsiniz».
62Padşah və onunla birgə bütün İsraillilər Rəbbin önündə qurbanlar kəsdilər.
63Süleymanın Rəbbə təqdim etdiyi ünsiyyət qurbanlarının sayı iyirmi iki min baş mal-qara və yüz iyirmi min baş qoyun-keçi idi. Beləliklə, padşah və bütün İsrail övladları Rəbbin məbədini təqdis etdilər.
64Həmin gün padşah Rəbbin məbədi önündəki həyətin ortasını təqdis etdi ki, yandırma qurbanlarını, taxıl təqdimlərini və ünsiyyət qurbanlarının piyini orada təqdim etsin, çünki Rəbbin önündəki tunc qurbangah kiçik olduğu üçün yandırma qurbanları, taxıl təqdimləri və ünsiyyət qurbanlarının piyi oraya yerləşməzdi.
65O vaxt Süleyman və onunla birgə böyük bir camaat – Xamat keçidindən Misir vadisinə qədər yaşayan bütün İsraillilər Allahımız Rəbbin önündə yeddi gün və daha yeddi gün – on dörd gün bayram etdilər.

Read Birinci Padşahlar 8Birinci Padşahlar 8
Compare Birinci Padşahlar 8:23-65Birinci Padşahlar 8:23-65